Xariqə Quliyeva: "...Yayda dəridə piqment ləkələrinin yaranma səbəbi bununla əlaqədardır”

“Payız fəslində dəri daha çox qulluq tələb edir. Yayda vitaminsizləşdiyindən, payız fəsli də bir növ keçid dövrü olduğu üçün dərini tam şəkildə hazırlamaq lazımdır. Dəri  daha çox  yay fəslində problemlərlə üzləşir. Günəş şüalarının həddən artıq qəbulu nəticəsində melanin ifraz olunması dəridə piqment ləkələrinin əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, yayda məsamələr genişlənir. Yağlı dərilərdə civzələr daha da çoxalır. Dəniz, hovuz suyu həssas dərilərdə problemlər yaradır. Fəsadların ağırlaşmaması üçün payız fəslində müəyyən tədbirlər görülməlidir”.
 
Bu fikirləri APA.TV- nin “Səhər zəngi”  verilişində qonaq olan həkim – kosmetoloq Xariqə Quliyeva bildirib:
“Problemlərlə düzgün şəkildə mübarizə aparmaq üçün peşəkarlara müraciət etmək lazımdır. Çox zaman internetdən və ya başqa mənbələrdən götürülən maskalardan istifadə olunur. Dəri tipini müəyyən etmədən həyata keçirilən belə tədbirlər ciddi problemlərə yol açır. Dərinin strukturu fəsilə görə dəyişmir. Sadəcə, düzgün qulluq olmadıqda, məsələn, yağlı dəriyə həddən artıq quruducu vasitələr vurduqda, müvəqqəti dəyişkənlik olur”.
Kosmetoloq, yay mövsümündə artan ləkələrin yaranma səbəblərini açıqlayıb:
 
“Melanin hər kəsin dərisində var. Sadəcə, bəzi insanlarda bu epidermal qata daha yaxın olur. Günəş şüasının təsirindən belə dərilərdə ifrazat yüksək olur. Piqment ləkələrinin yaranma səbəbi bununla əlaqədardır. Qanda hemoqlobinin az olması, öd kisəsində daş, qurd xəstəliyi, bəzi ginekoloji problemlər də ləkələrin əmələ gəlməsinə səbəb ola bilir. Hamiləlik dönəmində yaranan ləkələrlə bağlı müraciət edənlər də çox olur. Bu gün kosmetologiya o qədər inkişaf edib ki, fraksional lazerin köməyi ilə bu problemlər tamamilə aradan qaldırılır”. 
 
Bəzən yeniyetməlik dövründə dəridə yaranan problemləri keçid dövrü ilə əlaqələndirirlər. Mütəxəssis hesab edir ki, bu doğru yanaşma deyil:
 
“Bəzən keçid dövründə dəridə müəyyən aknelər, civzələr meydana gəlir. Valideynlər düşünürlər ki, bu yaş dövrü ilə əlaqədardır. Amma istər xanımlar, istərsə də, kişilərin dərisində yaranan bu kimi problemlər gələcəkdə nahamarlığa səbəb ola bilər. Sonradan müdaxilə olunduğunda 70 faiz kömək etmək mümkündür. Yaxşı olar ki, problem zamanında həll olunsun. Təhlil aparılsın və dərinin hansı problemlə qarşı-qarşıya qaldığı müəyyən olunsun. Vaxtından müdaxilə olunduğundan aknedən sonra iz qalmır. Yəni, leykositlər sağlam toxumanı yemir”.   

Müəllif | Apa.Tv
Apa.tv