Roza Zərgərli: "Mingəçevir Dövlət Dram Teatrında tamaşa hazırlayacam"
Apreldə Londonda oldum. İyul ayında isə İrkutskda VI Beynəlxalq “Podium. Etno. Millətlər birliyi” festivalı keçirilirdi. Biz həm də jüri üzvü idik. Açılış və bağlanış mərasimində mənim və moskvalı dizayner Yelena Şpilovanın kolleksiyaları nümayiş olundu. Həmçinin, elmi konfransda da məruzə ilə çıxış etdik. Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri, professor Sevil Sadıxova ilə birgə getmişdik. Əvvəlcə İrkutskda olduq, ordan da Baykala yollandıq. Hər iki şəhərdə dəfiləmiz oldu. Avqustda isə Çinə yola düşdüm. “IV Beynəlxalq Avrasiya geyimləri İpək yolu Festivalı"nda iştirak etdim. Ötən il də bu festivala qatılmışdım. Bu müsabiqələr hər il keçirilir. Adətən, yeni simalar dəvət edirlər amma mən istisna oldum. Belə ki, festivala iki dəfə dəvət almışam. Çünki hər il fərqli kolleksiya aparıram. Bu il milli geyimlərdən ibarət kolleksiyamı nümayiş etdirdim. İldən – ilə təşkilatçılıq daha yüksək səviyyədə həyata keçirilir".
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilova deyib:
“Ötən il “IV Beynəlxalq Avrasiya geyimləri İpək yolu Festivalı” na toxunma və ziyafət geyimləri aparmışdım. Bu il isə milli geyimləri nümayiş etdirdim. Maraq həddən artıq çox idi. Hətta mənə Çin geyimləri ilə Azərbaycan geyimlərinin sintezini yaratmağı da təklif etdilər. Təbii, özəl parçalardır. Üzərində çox böyük əmək sərf olunub. Rəng seçiminə diqqət etmək lazımdır. Bir geyim digərinə bənzəməməlidir. Bu da vacib məqamdır".
Azərbaycan milli geyimlərinin təbliğə ehtiyac olduğunu vurğulayan modelyer öz təklifini də səsləndirib:
“2006- cı ildən milli geyimlər hazırlayıram. Təvazökarlıqdan uzaq da olsa, mənə çox adam deyib ki, milli geyimləri sevdirə bilmişəm. Ən böyük arzum budur ki, Azərbaycanda milli geyim günü elan olunsun. Yeni kolleksiyamla demək istəyirəm ki, milli geyimləri bu şəkildə də istifadə etmək olar. Hətta müasir geyimlərdə belə milli ornamentlər işlətmək olar”.
Verilişin digər qonağı müğənni Roza Zərgərli də yaradıcılığındakı yeniliklərdən bəhs edib:
“Bu yaxınlarda respublika turnem bitdi. Bakı 2015 Avropa Oyunlarının qaliblərinə həsr olunmuş turne idi. Çünki oyunlar bitən kimi “Yaşa, var ol, çempion” adlı mahnıya çəkilmiş klipi təqdim etdim. Həmin klipdə medalçılar da iştirak etdi. Onlarla bir yerə toplananda demişdim ki, “Bölgələrdə turnem başlayır, hərənizin adına bir bölgəni həsr edəcəm”. 4 gün öncə bitdi. Sonuncu konsert Göygöldə keçirildi. Anladım ki, boş yerə çalışmıram. Haradasa rastlaşanda və ya sosial şəbəkələrdə tərifləyənlər çox ola bilər. Amma konsert səhnəsində o coşğunu görəndə, alqışları eşidəndə başa düşürsən ki, bu əsl etirafdır".
Roza xanım özünü rejissor kimi də sınayacağını bildirib:
“Müqavilə əsasında Mingəçevir Dövlət Dram Teatrında tamaşa hazırlayacam. İnşallah, dekabrda nümayiş olunmalıdır. Tamaşada həm Mingəçevir, həm də Bakıdan olan aktyorlar iştirak edəcək. İxtisasım rejissorluqdur. Karyeramda ən həyəcanlı dönəmdir. Çünki ilk tamaşamdır”.
Xanım sənətçinin bu mövsümdə planları çoxdur:
“Klip çəkilişləri olacaq. Oktyabrın əvvəlindən “Bakı vaxtı ilə” verilişinin çəkilişləri başlanır. Həmçinin, dekabrda Heydər Əliyev sarayında ilk böyük solo konsertim baş tutmalıdır. Həmin ayda yenə də “Vostoçnıy bazar” müsabiqəsində münsif kimi iştirak edəcəm. 4 nəfər arasında seçim edəcəm. Müraciət edənlər çoxdur. Əvvəllər seçilib göndərilirdi. İlk dəfə münsif olanda da və yenə də seçimi mənə həvalə ediblər. Hər insanı aparmaq olur. Orada çıxış etmək lazımdır. Mükəmməl performans göstərmək mütləqdir”.