Sevinc Tofiqqızı: "Filmə bəstələnən musiqiyə görə ən yaxşı bəstəkar adına layiq görüldüm"
“Gözəl müğənnilər, ifalar var. Amma obraz yoxdu. Musiqi ilə sözün vəhdəti nəticəsində bir obraz yaranmalıdır. Mən indiyə qədər heç bir müğənnidə bu vəhdətə rast gəlməmişəm. Heç bir janrda. Belə görürəm ki, heç olmayacaq da".
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan xalq artisti Flora Kərimova deyib: "Müğənnilər ya düşünmək istəmirlər, ya da intellektləri azdır. Zövqlər korlanıb. Pula hərislik isə sənətə mane olur. Maddi tələbatlar yaradıcılığa üstün gəlir. Əlbəttə, elə mahnılar var ki, yadda qalır. Hətta gənclərin repertuarında da belə mahnılar var”.
Verilişin digər qonağı bəstəkar Sevinc Tofiqqızı isə reallaşmış işlərindən bəhs edib: “Flora xanımla əməkdaşlığım davam edir. Artıq 3 mahnımı ifa edib. Onlardan biri duet şəklində təqdim olunub, Xanım İsmayılqızının sözlərinə yazılıb. Digər mahnım millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələnib. Və əvvəldən bilirdim ki, əgər Flora xanım ifa etsə, mahnı yaşayacaq. Çünki musiqi və sözlər təsirlidir. Bu mahnıya iki klip çəkdirdik. Bundan əlavə, bir il öncə film çəkilişinə dəvət aldım. Həm də çəkiləcək filmə musiqi bəstələməyi təklif etdilər. “Yetim” adlı filmdə dünyasını dəyişmiş ana obrazını canlandırdım. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Oskar Film Festivalı keçirildi. Bu filmə bəstələnən musiqiyə görə ən yaxşı bəstəkar adına layiq görüldüm. Film isə 3 – cü yeri tutdu”