Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Sentyabr
GÜNÜN ŞƏRHİ
Böhran zəlzələ kimi bir şeydir. Zəlzələdən sonra laylar, böhrandan sonra qüvvələr balansı yerini dəyişir. Dünyanın təhlükəsizlik sistemini, qüvvələr balansını dəyişəcək böhranın episentri Yaxın Şərqdir. Rusiyanın Suriyaya açıq hərbi dəstək verməsi balansın dəyişməsinin ilk işarəsidir. Bu, ümumi maraqlardan çıxış edən müttəfiq dövlətlərin bir-birinə dəstəyi deyil. Yaxın Şərqin xəritəsinin yenidən çəkilməsi Suriyadan başlayacaq, bu, artıq illərdir məlum olan faktdır.
Moskvanın Suriyada hərbi iştirakını genişləndirməsi supergüclərin indiyədək pərdə arxasında gedən çəkişməsinin açıq müstəviyə keçməsidir. İŞİD-Əsəd qarşıdurması, Türkiyənin proseslərə müdaxiləsi, PKK faktorunun qabarması böyük şahmat taxtasında oyunun debüt mərhələsi idi. Rusiyanın Suriyada hərbi kontingent yerləşdirməsi ilə oyun orta mərhələyə - mittelşpilə keçir. Dünyanın təhlükəsizlik sistemi baxımından bu oyunun endşpilə keçmədən heç-heçə başa çatması ən uyğun variantdır. Çəkişmələr irimiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçərsə, o zaman endşpil ağır ola bilər, heç-heçə taxtada bütün füqurlar vurulduqdan sonra məcburən razılaşdırıla bilər. Əlbəttə ki, sonda tərəflərdən biri məğlub olmasa...