Naibə Allahverdiyeva: "Rol qazanmaq üçün aktrisalar bir- birinə zəhər verə bilərdilər"

 
“Əsl sənət adamları fədaidirlər. Onlara Tanrıdan vergi verilir. Düzdür, indi vəziyyət bir qədər fərqlidir. Səsi olan da müğənni olur, olmayan da. İstedadı olan da aktyor olur, olmayan da. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən pis. Yaxşı olardı ki, hər kəs öz sənəti ilə məşğul olsun”. 
Bu fikirləri APA.TV- nin “Səhər zəngi” verilişində qonaq olan əməkdar artist Naibə Allahverdiyeva bildirib:
“Aktyorluq çətin sənətdir. Aktyorluq istedadı anadangəlmə olur. Ali təhsil lazımdır, aktyorun geniş dünyagörüşü, savadı olmalıdır. Amma yalnız təhsillə aktyor olmaq mümkün deyil. Bu fitri istedaddır, kiməsə verilir, kiməsə yox. Xanımlar üçün sənətdə olmaq daha çətindir. Əvvəllər daha fərqli idi. Aktrisaları indi- indi qəbul edirlər. Valideynlər uşaqlarını incəsənətə yönəldirlər, onların uğurlarına sevinirlər. Amma bizim və bizdən əvvəlki dövrün aktyorları daim valideynlər tərəfindən təzyiq altında olublar. Atam aktrisa olmağımı istəməyib. Universitetə imtahan verəndə atamı aldatdım. Ona dedim ki, rejissorluğa qəbul olmuşam. Həm də o mənim diktor olmağımı istəyirdi. Demişdi ki, “aktrisa yox, diktor olsan, sənə maşın alacam”. 
Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra sənət adamları bir çox çətinliklərlə üzləşiblər: 
“O dövrdə çox əziyyət çəkdik. Teatr təmirli deyildi. Çox soyuq idi. Yorğana bürünüb məşq edirdik. Mən şəxsən çox əziyyət çəkdim. Əməliyyat keçirdim. Kimsə dözmədi. Çıxıb getdi. Amma bütün bu çətinliklərə baxmayaraq, biz və bizdən əvvəlki nəsil, yəni bu sənəti doğrudan da sevən insanlar qaldı. Bütün ağrı –acısıyla, kasıblıqla da olsa, bu teatrı yaşatdıq. İndiki gənclər xoşbəxtdilər. Təmirli teatrda çalışırlar, gələn kimi rol alırlar. Bizim dövrdə isə aktrisalar bir- birinə rol qazanmaq üçün zəhər verə bilərdilər. Bu sənət yanğısı idi. İndiki gənclərdə bu hiss yoxdu”
Aktrisa bildirib ki, rol seçimi təkcə onların istəyindən asılı deyil:
 
“Bu asılı sənətdir. Təbii ki, istədiyim rollar olub. İndi də var. Amma bu məndən asılı deyil. Rollar baş rejissor tərəfindən müəyyən olunur”.  

Müəllif | Apa.Tv
Apa.tv