Fərzəli Qədirov: "Gələcəkdə bu təlim proqramını daha çox məktəbdə həyata keçirməyə çalışacağıq"

 
“Təhsil Nazirliyi ilk növbədə məktəbləri ixtisaslı müəllimlərlə təmin etmək üçün yay aylarında xeyli işlər görüb. Tələbat çox olduğundan 3000 – dən çox vakant yer üçün müsabiqədə 24000 nəfər iştirak etdi. Sevindirici haldır ki, işə qəbul edilənlərin 80 faizi gənclərdir. 
Təhsilin keyfiyyəti ilk növbədə müəllimdən, onun fəaliyyətindən, peşəkarlığından asılıdır”.  
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib:
“Təhsil Nazirliyi şagirdlərin ixtisas seçimini 11 – ci və 9 – cu sinifdə deyil, daha erkən yaşlarda müəyyən etməsi istiqamətində işlər görməyi planlaşdırır. Məsələn, ibtidai sinif mərhələsi bitdikdən sonra monitorinq aparmaqla şagirdlərin maraqlarını öyrənmək olar. Yaxud 9- cu sinfə qədər aralıq monitorinqlər keçirməklə peşə seçimi müəyyənləşdirilə bilər. Bununla əlaqədar, Təhsil Nazirliyi artıq mühüm bir addım atıb. Bu ildən 50 məktəbdə təmayüllər üzrə təlimə başlanıb. Həm “Təhsil haqqında qanun”da, istərsə də 2012- ci ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə Dövlət startegiyası”nda tam orta təhsil səviyyəsində təlimin təmayüllər üzrə aparılması nəzərdə tutulur. Yəni, 10-11-ci siniflərdə şagirdlər istər – istəməz seçəcəkləri ixtisas üzrə fənlərə daha çox fikir verməyə başlayırlar. Digər fənlər isə diqqətdən kənar qalır. Bu problemi həll etmək üçün xüsusi tədris proqramları tərtib olunur. Gələcəkdə bu təlim proqramını daha çox məktəbdə həyata keçirməyə çalışacağıq”.
Nazirlik rəsmisi, yeni kadrların işə qəbulu və yerdəyişməsi ilə əlaqədar həyata keçirilən tədbirlər barədə də məlumat verib:
 
“Təhsil Nazirliyi artıq 2 ildir müəllimlərin yerdəyişməsini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Hansı məktəbdə çalışmaları müəllimlərin öz seçimidir. İmtahandan öncə müsahibə keçirilir, səbəbləri müəyyən etmək üçün. İlk səbəb yaşayış yeri ilə əlaqədardır. Yəni, əksər hallarda müəllimlər yaşadıqları yerə yaxın məktəblərdə çalışmaq istəyirlər. Ikinci səbəb daha nüfuzlu məktəbdə çalışmaq istəyi ilə bağlıdır”.

Müəllif | Apa.Tv
Apa.tv