Ramil Zeynalov: "Fotoaparatın olması şərtdir, amma telefonla da yaxşı fotolar çəkmək mümkündür"

 
 
“Fəaliyyətə fotoqraf kimi başlamışam. Sonra operatorluqla məşğul oldum, xarici mətbuatla çalışdım. Bir şans çıxdı qarşıma və onu düzgün dəyərləndirdim. 2012- ci ildən ancaq fotomüxbir kimi çalışıram”.

Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov deyib. 
"1998- ci ildə ilk dəfə zenit kamerası ilə film çəkirdik. Şəkillərimin olduğu lentlər çox zaman yanırdı amma bunun sayəsində mən foto sənətini öyrəndim. Həmin dövrdə lentli fotokameralarla çalışmaq və operativ olmaq çətin idi. Fotoları vaxtında çəkib, onları fotostudiyada aşkarlamaq, lazım olanları seçərək digital formaya salıb, sonda lazımi ünvana çatdırmaq xeyli zaman tələb edirdi. Ancaq xəbəri də zamanında yerləşdirmək baxımından çeviklik tələb olunurdu”. 
 
Fotoqrafın sözlərinə görə, uğurlu fotolar çəkmək üçün bahalı kameralara ehtiyac yoxdur:
“Kameranın ən son model olması da şərt deyil. Eurovision yarışmasına gələn fotoqraflardan biri Tomas Dvorjak fotoları balaca kamera ilə çəkdi. Yaxud Cənubi Azərbaycandan olan Reza Diqqəti də fotoları kiçik fotoaparatla çəkdi. Yəni, xəbərdə anı tutmaq daha vacibdir, nəinki, fotonun keyfiyyəti. Yeri gəlmişkən, müasir mediada insanlar yazı oxumaqdan, videoya baxmaqdan daha çox fotoya baxmağı üstün tuturlar”
 
Verilişin digər qonağı “APA Holding” in fotoqrafı Ramil Zeynalov isə foto sənətini atasından öyrənib:
“Atam fotoqraf olub. Mən də lentli kameraları görmüşəm. Atam fotoları aşkarlayandan sonra onları mənə verirdi. Onları yerə düzürdüm qurumaq üçün. İlk fotomu çəkəndə 8 ya 9 yaşım olardı. Atam kameranı nizamlayıb mənə verdi və ilk dəfə ailəmin fotosunu çəkdim. Bir müddət sonra atam bu sənətdən uzaqlaşdı. Mən isə fotostudiyalarda çalışmağa başladım. Atam heç zaman mənə mane olmadı, əksinə, dəstək oldu.  İndi asandı. Lent vaxtında yalnız bir şans vardı”.
 
Fotoqraf bildirib ki, yaxşı fotolar çəkmək üçün fotoaparatın olması şərtdir amma yoxdursa, telefonla da çəkmək mümkündür. 
“Bu gün fotoqraf olmaq üçün çəkdiyin obyekti hiss eləməlisən. Əgər çəkilən şəkil “danışırsa”, bu zaman fotoqraf olmaq olar. Çox adamda fotoaparat var amma  adi şəkillər çəkirlər. Elə adamlar da var ki, telefonla çəkdiyi fotolar “danışır”. 

Müəllif | Apa.Tv
Apa.tv