Bəstəkarlar İttifaqının sədri: “Hər kəsdə qüsur tapan Stalin “Koroğlu” operasını alqışlamışdı”

 

“Yüksək səsli musiqilərlə insanları zombiləşdirməklə biz hansı hədəflərə gedirik?”

 

“İstərdik ki, telekanallarda klassik musiqiyə daha çox zaman ayrılsın və müasir bəstəkarların əsərləri tez-tez səslənsin. Musiqimiz hər zaman Azərbaycan xalqının üzünü ağ edib. Üzeyir Hacıbəyli bütün sovet məkanında ilk musiqiçi idi ki, deputat olmuşdu. Hər kəsdə bir qüsur tapıb, tənqid edən Stalin “Koroğlu” operasını alqışlamışdı. Biz ənənələri davam etdiririk, amma istərdik ki, Bədii Şura bərpa olunsun”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, bəstəkar Firəngiz Əlizadə deyib. 

 

İttifaq sədri gənclərin şux, müasir musiqilərə maraq göstərməsini anladığını bildirərək əlavə edib ki, o musiqilər arasında da gözəl, səviyyəli olanları var: “Amma onların arasında bayağı, dəyərsiz olanları da olur. Yüksək səsli musiqilərlə insanları zombiləşdirməklə biz hansı hədəflərə gedirik? Muğamlarımız yetərincə təbliğ olunur, amma bizim aşıq musiqimiz, xalq mahnılarımız, klassik əsərlərimiz var. Burada problemlər az deyil. Heç kim deyə bilməz ki, “mən mükəmmələm”. Hər zaman yeni üfüqlərə doğru can atmaq lazımdır”.

 

F. Əlizadə çıxışında Azərbaycan xalqını, musiqisevərləri bayram münasibətilə təbrik edib: “Bu günlərdə bayram – bayrama qarışıb. Musiqi bayramıdır, Üzeyir Hacıbəylinin adına beynəlxalq musiqi festivalı keçirilir. Gözəl, rəngarəng proqramlar var. İnanıram ki, hər kəs bu konsertlərə gələcək, Üzeyir Hacıbəylinin dahiliyini, əzəmətini hiss edəcək”.
 

Onun sözlərinə görə, Üzeyir Hacıbəylinin adı ilə bağlı bütün tədbirlər möhtəşəm, səviyyəli olmalıdır: “18 sentyabrla əlaqədar hər il Mədəniyyət və Turizm Nazirliyinə keçiriləcək tədbirlərin siyahısını təqdim edirik. Təkliflərimiz hər zaman qəbul olunub. Çünki tədbirlər həqiqətən, maraqlıdır. Təkliflər elmi tərəfdən çox önəmlidir. Bəstəkarlar, ifaçılarla yanaşı, musiqişünasların da rolu var. Qeyd etmək istəyirəm ki, 18 sentyabr eyni zamanda Müslüm Maqomayevin doğum günüdür. Bu iki şəxsiyyət dost, həmkar, silahdaş olublar. Onların dostluğu bu gün bizim üçün örnəkdir. Onların adına iki böyük elmi simpozium keçiriləcək. Son illər yazılan yeni işlərə nəzər salınır. Bundan əlavə, Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda kamera musiqisi  səslənəcək. Çox maraqlı, gözəl proqramlar olacaq”. 

 

Gülnaz İsmayılova: “Gələcək nəsli düzgün musiqi ilə tərbiyələndirmək lazımdır”

 

Verilişin digər qonağı əməkdar artist Gülnaz İsmayılova müasir dövrdə vokal sənətinin təbliğə ehtiyacı olduğunu vurğulayıb: “Maarifləndirici layihələrdə şou xarakterlilərdən daha çox iştirak etmək istəyirəm. Sözsüz, şou da olmalıdır. Biz müasir zamanda yaşayırıq. Örnək verən layihələr, verilişlər olmalıdır ki, bizdən sonra gələn nəsillərə nə isə ötürə bilək. Gələcək nəsli düzgün musiqi ilə tərbiyələndirmək lazımdır”.


Əməkdar artistin sözlərinə görə, mükəmməl nəticə üçün istedaddan əlavə, həm də böyük təcrübə olmalıdır: “Hər sənətin bir məktəbi var. SSRİ xalq artistləri Xuraman və Fidan Qasımovalardan dərs almışıq. Onların sənəti hər zaman göz önündə olub. Biz onların sayəsində böyük təcrübə toplamışıq. Əlbəttə, hər sənətin bir üslubu var. İstedaddan əlavə, sənətçinin əsərə öz baxışı olmalıdır. Buna “traktovka” deyirlər. Hər zaman çalışmışam ki, savadımla istedadımı birləşdirərək öz yanaşmamı ortaya qoyum. Mənə elə gəlir ki, yalnız bu halda sənətçi fərqlənə bilər”. 
 

 “Opera ən çətin janrlardan biridir

 

“Musiqi janrları arasında opera ən çətinidir” deyən sənətkar qeyd edib ki, bu janrda ifa etmək üçün vokalçıdan yüksək intellekt və hazırlıq tələb olunur: “Opera ən çətin janrlardan biridir. Orada hər şey var. Söz var, sözlərin mənasını anlamadan onu tamaşaçıya çatdırmaq qeyri-mümkündür. Hansı dildə yazılmasından asılı olmayaraq, sözlərin mənasını mütləq öyrənirik. Zahiri görünüş olmalıdır, formada olmaq mütləqdir. Və ən əsası səsimizi qorumalıyıq”. 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv