Azərbaycanlı rejissor: “Açıq-saçıq filmdə çəkilməyə xanım tapmışam, amma...”
“Azərbaycanda bir ay müddətində 13 filmin təqdimatı keçirildi, amma hər biri uğursuzluğa düçar oldu, filmlərin nümayişlərində tamaşaçı qıtlığı yaşandı”. Bu sözləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, rejissor və prodüser Nail Naiboğlu deyib.
Rejissor bildirib ki, təqdim olunan filmlərdən birini də o çəkib, amma təəssüfləndirici hal ondadır ki, bu film də eyni aqibətlə üzləşib. Qonaq bildirib ki, bəlkə də bunun səbəbi Azərbaycan tamaşaçısının yerli filmləri qəbul etmək istəməməsidir: “Həmin ay “Nizami” Kino Mərkəzində 13 filmin premyerası oldu. Bir neçə gün sonra filmlər nümayişdən çıxarıldı. Buna görə də film çəkmək istəmirəm. Bir ssenari var, amma açıq-saçıq olduğu üçün bir az tərəddüd edirəm. Qəribədir ki, film üçün xanım tapmışam, amma kişi yoxdur. Düşünürdüm ki, qızlar ürəksiz olacaqlar, amma əksinə oldu”.
“Reklam çəkilişlərindən imtina edirəm”
Nadir Qafarzadəyə yeni klip çəkdiyini bildirən Nail Naiboğlu, ekran işinin fərqli olacağına inanır: “Çünki mahnı və klip bir-birinə tamamilə ziddir. “Ay maral” mahnısına 18+ klip çəkilib. Əslində, bizdə belə kliplər 18+ hesab olunur. İllər uzunu bu cür kliplər yayımlanıb. Amma bizdə bu yenilik hesab olunur. Həm də əsas marağım şou-biznesə, kliplərədir. Hətta reklam çəkilişindən imtina edirəm. Təklif gələndə dostlarıma yönəldirəm”.
Verilişin digər qonağı müğənni Ceyhun Bakinski barədə də fikirlərini izləyicilərlə bölüşən rejissor onunla bir ildən çoxdur ki, dostluq etdiyini bildirib: “Deməzdim ki, birgə işləyirik. Hazırda mahnıları var, klipləri çəkilir. Bir dost kimi dəstək göstərirəm. Ceyhunla bir klip çəkmişik. Çoxdan hazırdır, amma hələ yayımlamaq istəmirik”. Qeyd edək ki, Nail Naiboğlu sözügedən klipdə adını açıqlamaq istəmədiyi ölkənin bir nömrəli modelyerini çəkib. Xanımın kimliyi yalnız klip yayımlandıqdan sonra bəlli olacaq.
Ceyhun Bakinski: ”Azərbaycanda şanson deyəndə insanlar qorxur”
Verilişin digər qonağı, müğənni Ceyhun Bakinski isə Azərbaycanda şanson janrına olan münasibətdən danışıb: “Azərbaycanda şanson deyəndə insanlar qorxur. Şanson - şəhər musiqisi deməkdir. Amma bu mahnılar təkcə, restoranlarda deyil, efirlərdə, radiolarda səslənir. Fransız ifaçılardan Mirey Matye, Co Dassen bu tərzdə mahnılar oxuyublar. Bizdə isə Mirzə Babayev, Rüfət Mehdiyev, Eyyub Yaqubov, Cavan Zeynallı şəhər musiqiləri, əsasən, Tofiq Quliyevin bəstələrini ifa ediblər”.
Müğənni qeyd edib ki, ifaçıların repertuarı özlərindən asılıdır: “Musiqi zövqünü formalaşdırmaq baxımından bizim rolumuz böyükdür. Şanson musiqilərin unudulmasının səbəbkarı müğənnilərdir. Mən toylarda həm şanson, həm də klassik mahnıları ifa edirəm. İndi bəzi müğənnilərdən soruşanda ki, “niyə belə mahnılar oxuyursan?”, deyir “camaat bunu istəyir”. Əvvəllər efir insanların zövqünü tərbiyələndirirdi, indi isə əksinə olub. Gənclər arasında şanson ifa edənlər var. Amma mahnıları necə eşidiblər, elə oxuyurlar. Sözləri başa düşmək olmur. Öyrənməyə tənbəllik edirlər. Musiqi yarışmalarına baxanda məni hər zaman bir sual düşündürürdü ki, nəyə görə efirdə başqa, toyda tamam başqa mahnılar oxuyurlar?”