İlahiyyatçı Elvüsal Məmmədov: “Qurban yalnız Allah yolunda kəsilməlidir”
“Bəşər tarixinin ilk mərhələlərində qurban kəsmə anlayışı olub. “Qurani-Kərim”in “Maidə” surəsində qeyd olunub ki, Adəmin oğlanları Habil və Qabil Allaha hansının daha yaxın olmasını isbat etmək üçün qurban kəsmişlər. Bu surədə qurban sözü işlənib. Qardaşlardan yalnız birinin – Habilin qurbanı qəbul olunub. Daha sonra qardaşı onu ölümlə hədələyib. Habil isə ona deyib: “Allah qurbanı yalnız müttəqilərdən, yəni ondan çəkinənlərdən qəbul edir”. Və beləcə, Adəm dövründən etibarən Allah itaəti nümayiş etdirmək üçün bu ayin həyata keçirilir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Elvüsal Məmmədov deyib.
İlahiyyatçı qeyd edib ki, qurban kəsmə mərasimi İbrahim peyğəmbərin dövründə indiki formasına düşüb, zamanı, şərtləri və kəsilmə üsulu müəyyənləşib: “İbrahim peyğəmbər artıq yaşlaşmışdı. Və gecə-gündüz Allaha yalvarırdı ki, ona əməlisaleh bir övlad yetirsin. Və o arzusuna çatdı. Həyat yoldaşı ona İsmayıl adlı övlad əta elədi. “Qurani - Kərim”in “Saffat” surəsində qeyd olunub ki, İsmayıl yürümək yaşına çatanda atası ona ona dedi ki, “oğlum yuxumda səni kəsdiyimi görmüşəm”. O isə, cavabında atasına “sənə, nə buyurulubsa, onu da et” deyir. İbrahim İsmayılı kəsməyə hazırlaşanda ona vəhy etdilər - “sən öz röyanı təsdiqlədin. Bu bir imtahan idi. Biz sənə böyük bir qurban kəsməyi əmr edirik. Onun əvəzinə qoç kəs”. Beləliklə, hər il qurban kəsmə ənənəsi yarandı”.
İlahiyyatçı: “Qurban yalnız Allah yolunda kəsilməlidir, başqa niyyətlər üçün kəsilən qurbanlar İsmayıl qurbanı hesab olunmur”
İlahiyyatçı qurbanın kimlər üçün vacib olduğunu da qeyd edib: “Qurban kəsmək vacib ibadət deyil, bu bir sünnətdir. Həzrəti peyğəmbər deyib ki, “imkanı çatıb da, qurban kəsməyənlər bizim namazgaha yaxınlaşmasınlar”. Qurban yalnız Allah yolunda kəsilməlidir, başqa niyyətlər üçün kəsilən qurbanlar İsmayıl qurbanı hesab olunmur”.
Qonaq əlavə edib ki, zəruri ehtiyacları ödəndikdən sonra qurbanlıq heyvan almağa maddi imkanı olanlar qurban kəsə bilərlər. Amma qurbanı aldıqdan sonra ailəsi sıxıntı çəkəcəksə, şəriət buna “yox” deyir.
Verilişin digər qonağı “Əhli - beyt” qrupunun üzvü İslam Məhəmmədli qeyd edib ki, hər bir insan öz əməlinə görə mükafatlandırılır: “Namaz qılmaq, oruc tutmaqla din tamamlanmır. Əslində, o imtahan İbrahim peyğəmbər üçün deyildi. Ondan sonra gələnlər üçün idi. Qurban bayramında biz bir növ öz nəfsimizə qalib gəlirik. Quran-Kərimdə də deyilir ki, nəfsinə qalib gələnlər nicat tapanlardı. Biz xeyir əməllər etməliyik, Allah əvəzini verəcək”.
Qrupun digər üzvü Rövşən Məhəmmədli bayramın tarixi ilə bağlı əhvalatda bir məqama diqqət çəkib: “Peyğəmbər bir heyvan kəsir, paylayır. Yalnız balaca bir hissə qalır. Müsəlmanlar soruşurlar ki, “bizə qalan budurmu?”, o isə cavabında deyir ki, “yox, bizə qalan verdiklərimizdi”. Sırf qurban bayramının tarixi ilə bağlı əhvalatda məni hər zaman bir sual düşündürür – övladı kəsiləcək xanımın itaəti. Və elə övladın da ataya itaəti barədə düşünməyə dəyər. Bu hadisə peyğəmbərlə yanaşı, xanımı və övladı üçün də imtahan idi”.