Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Sentyabr
GÜNÜN ŞƏRHİ
ABŞ və Çin arasında geosiyasi xarakterli ziddiyyətlərin olduğu sirr deyil. Xüsusən Pekinin Cənubi Çin dənizindəki mübahisəli adalar üzərində öz suverenliyini təsbit etməyə çalışması, orada yerləşən zəngin təbii ehtiyatlara, eyni zamanda strateji əhəmiyyətli kommunikasiyalara sahib çıxmaq istəməsi ABŞ-ın müqaviməti ilə üzləşir.
Vaşinqton bu məsələdə eyni adalara iddia edən Vyetnam, Filippin, Malayziya, Tayvan kimi ölkələrin tərəfində çıxış edir. ABŞ-ın həmin regionda - əsasən Yaponiyada 100 minlik hərbi kontingent saxlaması Çin üçün başlıca çəkindirici amildir. Bundan başqa, Tayvan məsələsi, Çində insan haqları və dini azadlıqlarla bağlı vəziyyət və bir sıra digər problemlər də var ki, iki ölkə arasında zaman-zaman soyuqluğa, qarşılıqlı qınaqlara səbəb olur.
Lakin maraqlıdır ki, bütün bu problemlər və geosiyasi maraq toqquşmaları Çin və Amerika arasında iqtisadi əməkdaşlığa qətiyyən mane olmur və bu əməkdaşlıq dünya iqtisadiyyatı və ticarətində çox önəmli çəkiyə malikdir. Dünya üzrə bütün Ümumi Daxili Məhsulun üçdə birini təkcə bu iki dövlət istehsal edir. Bu gün ABŞ Çinin ən böyük ticari tərəfdaşıdır. İki ölkə arasında qarşılıqlı ticarətin həcmi 500 milyard dolları ötür.
Müqayisə üçün deyək ki, 2014-cü ildə Çinin Rusiya ilə ticarəti 90 milyard dollara yaxın olub və Çinin xarici ticarətində Rusiyanın payı cəmi 2 faizdir. 2015-ci ildən etibarən isə Rusiya-Çin iqtisadi əməkdaşlığı tənəzzülə doğru getməyə başlayıb. Belə bir durumda Kreml strateqlərinin arzuladığı anti-Amerika xarakterli Rusiya-Çin ittifaqının qurulması qeyri-mümkün görünür. Çin-Amerika əməkdaşlığı isə o qədər genişmiqyaslı və dərindir ki, ən ciddi siyasi problemlər belə, bu iki dövlətin əməkdaşlığına mane olmur...