Jalə Məmmədli: “Həcc mərasimində baş verən heç bir hadisə faciə kimi qarşılanmır, sanki elə belə də olmalı imiş”

APA TV-nin əməkdaşı: "Kəbədə cəsədləri "tır"lara yığıb aparırdılar ki, qoxu gəlməsin”

 

Bu il Həcc ziyarətini işıqlandırmaq üçün Azərbaycandan yalnız bir nəfər jurnalist akkreditasiyadan keçmişdi. Bu jurnalist APA TV-nin əməkdaşı Jalə Məmmədli idi. APA televiziyasının efirində yayımlanan "Manşet" verilişində aparıcı İlham Tumasla Həcc ziyarətindən yenicə qayıtmış Jalə Məmmədlinin maraqlı söhbəti olub. Jalə Məmmədli Həcc ziyarətindən sonra təəssüratlarını tamaşaçılarımızla bölüşüb.

 

"Düzü, səfirlik məni bu səfərə dəvət edəndə təəccübləndim, onlar məni ora tək göndərirdilər. Həm də yaşımın az olmasına görə, bir qədər tərəddüd edirdim. Və ora gedəndə gördüm ki, ən az yaşlı jurnalist mənəm, hətta vəzifəcə də ən aşağı vəzifədə olanam. Orada redaktorlar, baş redaktorlar vardı. Amma cəmi iki gün çətinlik çəkdim, iki gündən sonra diqqəti öz üzərimə yönəldə bildim, çünki hamı maraqlanırdı ki, bu balaca, çəlimsiz qız kimdi, əlinə "ştativ" alıb, ora-bura qaçır. Elə fikirləşirdim ki, nə xəbər edim, xəbər gəlib özü məni tapdı...

 

Biz yenicə Məkkəyə çatmışdıq, bu hadisə baş verdi. Güclü yağış yağdı, göy guruldadı. Əvvəl elə bildik, ildırım düşdü, sonra anladım ki, yox, nə isə ciddi hadisə baş verib. Dərhal bura zəng elədim. Hadisə olan yerə çox yaxın idim, uzaqda olsaydım, heç vaxt o kadrları çəkə bilməzdim. O qədər izdiham vardı ki...

İnanın, kranın başıma düşməməyindən çox, orada ayaq altında qalmadığıma görə sevindim. Əvvəl nə olur, başa düşmədim, amma ayağımızın altına baxanda, gördüm, yağış yağıb, hər yer su və qanla əvəzlənib. Sakitləşməyə çalışdım, kameranı açdım və yavaş-yavaş çəkməyə başladım. Artıq birinci xəbəri ötürmüşdüm. Biz əvvəlcə 20 nəfərin öldüyünü zənn etmişdik, sonra bildik ki, 107 nəfər həlak olub. Mən kameranı ora gizlin keçirmişdim, çünki orda çəkilişə icazə yox idi. Çantamın içərisinə kitablar yığmışdım, başa düşmədilər. Ehtiyatla çəkdim ki, kameranı əlimdən almasınlar. Həmin gün çox ağır gün oldu. Həm ilk dəfə ora getmişdim, həm də günün belə başlaması ilə donub qalmışdım. Səhərə qədər orada avtobus gözlədik, otelə gedib çıxa bilməmişdik.

 

Biz ora Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyinin proqramı çərçivəsində gedirdik və o proqramdan kənara çıxmaq olmazdı. Bir dəfə Mədinədə onlardan xəbərsiz öz zəvvarlarımızdan reportaj eləmişdim, otelə qayıdanda gördüm ki, hamı məni axtarır.

 

İnsan orda tək olduğunu hiss eləmir, çünki hər kəs eyni geyimdəydi. İlk dəfə idi ki, bu qədər adamı bir yerdə görürdüm, düzü təkliyimi, çətinliyimi, narahatlığımı hiss eləmirdim.

 

"Stund Up"larımı çox vaxt daşın, maşının üzərinə qoyub çəkmişəm, amma arada olurdu, hansısa jurnalistdən xahiş edirdim. Onlar da çox vaxtı mənə görə işlərini saxlamaq istəmirdilər. Çünki dayandın, itirsən, kənara düşürsən.

Şeytanı daşlamaq üçün daş toplayıb mina dağına gəldik. Bizə çadırlar verdilər, çadırda səhər mən ikinci faciə barədə eşitdim. Düzü, hər gün elə xəbərlər eşidirdik, ona görə də dəqiqləşdirmədən yaymaqdan ehtiyat etdim. Əvvəl Qazaxıstan jurnalistləri çox pis olmuşdular ki, bizim orda zəvvarlarımız qalıb. Dəqiqləşdirəndən sonra başa düşdük ki, qruplar qarşı-qarşıya gəliblər, bir-birilərini itələyiblər. Sonra nazirlikdə mətbuat konfransında iştirak etdik, onlar heç bir məsələdə özlərini günahkar görmədilər. Sadəcə, izah etdilər ki, malaziyalı qrupla afrikalı qrup qarşı- qarşıya gəliblər və basırıq baş verib. Hadisə dar bir küçədə baş vermişdi, polislər kameraları əlimizdən aldılar, amma bir az görüntü götürə bilmişdik.

 

Əvvəl 100 nəfərin öldüyünü dedilər, sonra say çoxaldı. Cəsədləri "tır"lara yığıb aparırdılar ki, qoxu gəlməsin. Xəstəlik yayılmasın deyə, meyitlərə su, dərman  vururdular.

 

Elə zəvvarlar var ki, doğrudan da məsuliyyətsizlik edirlər. Bu məsələdə ən çox Afrikadan və Hindistandan olan zəvvarlar məsuliyyətsiz idilər, orada hər kəs bunu təsdiqləyirdi. Onlar nə yeyirdilərsə, ayaqlarının altında idi. Bir də görürdün ki, getdiyin yerdə kimsə yolun ortasında dayanıb səcdəyə gedib, afrikalılar qol-qola girirdilər, haradan gəldi gedirdilər, bu da insanların axınına maneçilik törədirdi.

 

Sonra Kəbədə daşı öpməyə başlayırlar. Bu zaman da xeyli ləngimələr yaradırlar, Allahın evinə gələ-gələ bütpərəstlik edirlər. Məncə, olaylarda həm Səudiyyə Ərəbistanı hökumətinin yaxşı təşkilatçı olmamağı, həm də zəvvarların özlərinin məsuliyyətsizliyi rol oynayıb.

 

Kralın oğlunun bu hadisəyə səbəb olmağı məsələsini birinci İran jurnalistləri yazmışdı, sonra biz Türkiyə mətbuatından da oxuduq. Müzakirə edirdik və tərəddüddəydik. Çünki orda faciə böyük qarşılanmır, sanki belə də olmalı imiş.

 

Mən oranı tamam başqa cür təsəvvür etmişdim. Elə bilirdim ki, burada varlı, kasıb bilinməyəcək. Açığı, biz jurnalistlər yaxşı təşkil olunmuş yerdə qalırdıq, qaldığımız yerdən Kəbəyə 10 dəqiqəlik məsafə idi. Ancaq elə zəvvarlar vardı ki, 10-15 km yol gəlirdilər. Bizim hər cür yemək seçimi imkanımız vardı, bizdən 10 metr aralıda insanlar yerdə oturub yavan çörək yeyirdi. Məncə, orada belə ticarət, alış-veriş məsələləri tamamilə ləğv olunmalıdır. Yəni, Səudiyyə Ərəbistanı hökumətinin o qədər imkanı yoxdur ki, onlara çadır ayırsın? Hər halda təşkil etmək olardı.

 

Mən orada dindən çox uzaq şeylər də gördüm. Orada pullu zəvvarlar var. Səfa və Mərva təpələri arasında 7 dəfə gedib gəlmək üçün əlillərdən ötrü arabalar var. Sağlam, varlı adamlar 300 real verib otururdular həmin əlil arabalarına. Açığı, bizim də zəvvarlarımızdan orada kifayət qədər pullu və imkanlıları vardı.

 

Mən aclığa və istiyə dözümsüz insanam, amma orada dedim ki, dözməliyəm və bunu bacardım, güclü olduğumu hiss etdim.

 

Gördüyüm ən yaxşı şeylərdən biri də o idi ki, məsələn, müsəlmanlar biri-birinə kömək edirdilər, dostlaşırdılar, dərdləşirdilər.

 

Müsəlmanların bir araya gəlməsi üçün Həcc çox yaxşıdır, amma kaş ki, yaxşı təşkilatçılıq olsun.

 

Ümumiyyətlə, zəvvarların Həcc mərasimində Türkiyə və İran dövlətinə çatan yoxdur. Onlar vətəndaşları üçün ziyarəti çox sistemli təşkil edirlər. Osmanlının dövründə Osmanlı sultanı Məkkədə Kəbədən böyük bina tikilməməsi üçün göstəriş vermişdi, amma indi binaların arasında Kəbə çox kiçik görünür. O qədər göydələnlər tikilib ki, Kəbə itib-batıb.

Kəbədə hamımız üçün dua elədim. Hamının adını yazmışdım dəftərimə, iş yoldaşlarımızın, dostlarımızın, yaxınlarımın, doğmalarımın ki, heç kimin adı yadımdan çıxmasın.

 

Mən anama çox əziyyət verdim, ziyarət zamanı bircə zəif nöqtəm o idi,  özümə heç narahat deyildim. Qayıdanda anama zəng elədim, dedi ki, beş-on il ömrüm qalmışdı, onu da sən bitirdin. Hadisə baş verəndə onu qabaqlayıb deyirdim ki, yox, mən hadisə yerində deyiləm, uzaqdayam.

 

Bir azərbaycanlı zəvvar vardı, 300 təsbeh aldı, mən də qalmışdım ki, nə alım? Amma dost-tanışa 10-15 dənə təsbeh alıb gətirmişəm. Zəmzəm suyunu aeroportdan keçirməyə qoymurlar. Ancaq bunun da yolunu tapdım: suyu balaca şüşələrə doldurdum və elə gətirə bildim.

 

Orada Mədinə şəhərində də olduq. Olduqca gözəl şəhərdir, sərindir. Sanki Ərəfat cəhənnəm istisidir, o istini çəkib sonra sərin Mədinəyə gedəndə elə bil, orada günahlarından tövbə edib gəlmisən sərin yerə, tanrı səni mükafatlandırıb. Mədinədə yerli camaat azdı, varlı ərəblər otelləri tikib  icarəyə veriblər, özləri xarici ölkələrdə yaşayırlar. Orda kişilərin, qadınların ərazisi başqadır, kişilərin ərazisi sakit, qadınların ərazisində isə izdiham, çaxnaşma var.

 

Peyğəmbərin qəbrinin yanına getmək üçün gecə saat 4-dən getdim oturdum qapıda, saat yeddidə qapıları açdılar, içəri keçə bildim. İçimdə bir qorxu vardı. Məzarın qabağını bağlayıblar, sadəcə divarın dibiylə gedə bilirsən.

 

Deyirəm axı, fikirləşirdim ki, mən nə xəbər tapım göndərim, xəbər gəldi özü məni tapdı. Kaş ki, yaxşı xəbər olaydı. Burdan gedəndə də demişdim ki, çox narahatam. Ancaq orada artıq insaniyyəti qoyursan kənara və başlayırsan işini görməyə, jurnalist olduğunu hiss edirsən. Əgər imkanım varsa, əlbəttə insaniyyətlik göstərərdim. Bizlə bir tunisli jurnalist vardı, bir yerdə oturub söhbət edirdik, yemək yeyirdik. Bir gün onun ayağı qırıldı, həmin an ağlıma gələn o oldu ki, bunu da reportajın gözünə qataram, sonra özüm də utandım ki, həmin an bu necə ağlıma gələ bilər axı? Sonra bir həftə onun arabasını özüm sürdüm, onun qulluğunda durdum.

 

Həmçinin Ciddə şəhərində olduq, Səudiyyə Ərəbistanının 4-cü ən böyük şəhəridir. Bəlkə də xaricdən gələn xanımların başıaçıq gəzə biləcəyi orada yeganə şəhərdir. Amma o qədər təmtəraqlıdır ki...

 

APA-nı orada çox tanıyırlar, bizi izləyirlər. Hamı deyirdi ki, bizim ərəbcə şöbəmiz var...

 

Bu səfər mənim həyatımın ən yaddaqalan səfəri oldu".

Müəllif | Apa.Tv