Xalq artisti Fidan Hacıyeva: “Ailə quranda həyat yoldaşım dedi ki...”

“Körpələrə alınan geyimlər onların boyuna, çəkisinə uyğun olmalıdır. “Uşaqlara elə paltarlar geyindirilir ki, ayaqlarını aça bilmirlər” kimi müraciətlər alırıq”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verişində qonaq olan Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov deyib.

 

Körpələrin nəmini çəkən paltarlara üstünlük verilməlidir deyən qonaq, valideynlərə əsasən, pambıq paltarlar almağı məsləhət görüb: “Bəzən malların üzərində 100 faiz pambıq yazılır, amma təhlil əksini göstərir. Parçanın həqiqətən pambıq olduğunu yoxlamaq üçün nazik saplarından çəkib onu yandırmaq olar. Pambığın spesifik qoxusu olur. Əgər alıcı məhsulun keyfiyyətindən narazı olarsa, onu 14 gün ərzində dəyişdirə və ya qaytarıb, 100 faiz pulunu ala bilər. Bir şərtlə ki, məhsulun xüsusiyyətləri pozulmamış olsun və kassa çeki təqdim olunsun. Uşaq ayaqqabılarına xüsusi diqqət etmək lazımdır. Ola bilər dünyaya gələn körpə yastıdabandır. Xüsusi skaner cihazları var ki, bunun sayəsində həkim-pediatrlar bunu müəyyən edə bilərlər. Mən bilən bu cihazdan Azərbaycanda da var. Papaqları seçəndə də diqqətli olmaq lazımdır. Elə parçadan hazırlanmalıdır ki, körpənin başının nəmini çəkə bilsin”.

 

Azad İstehsalçılar Birliyinin sədri: “Alınan mallar geri qaytarılmır” fikri birmənalı şəkildə istehlakçı hüquqlarını pozur”

 

Qurum rəsmisi, məhsulların üzərində qiymətlərin vurulmamasının qanun pozuntusu olduğunu bildirib: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün məhsulların üzərində məsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır. Əks halda, sahibkar ən azı 1500 manat həcmində cərimələnə bilər. İstehlakçının məhsulun sertifikatını, rəsmi qiymət sənədlərini tələb etmək hüququ var. Satıcı isə onu alıcıya göstərməyə borcludur. “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanuna görə, alıcı məhz nümayiş üçün nəzərdə tutulan məhsulu ala bilər”. Əyyub Hüseynov uşaq bezlərindən istifadənin əleyhinə olduğunu da qeyd edib. O bildirib ki, uşaq problemləri ilə məşğul olan qurum nümayəndəsi olaraq, uşaq bezlərindən istifadənin əleyhinədir: “Bilmirəm, bunun alternativi nə ola bilər? Uşağın bədəninə kifayət qədər hava dəyməlidir”.

 

Mütəxəssisin sözlərinə görə, istehlakçı hüquqları ilə bağlı problemlər dünyanın əksər ölkələrində yaşanır: “İstehlakçını dünyanın hər yerində aldadırlar. Bu biznesmenin cəmiyyətə baxmasından, onun etikasından asılıdır. MDB məkanında ilk qəbul olunan qanunlardan biri də “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanundur. “Alınan mallar geri qaytarılmır” fikri birmənalı şəkildə istehlakçı hüquqlarını pozur. Ağıllı alıcı bu yazı olan dükanı boykot etməlidir. Çünki sahibkar özü deyir ki, “mən etibarlı adam deyiləm, əgər alınan məhsuldan zəhərlənmə belə olsa, mən cavabdeh deyiləm”. Biz bu tip şüarların 80 faizinin yığışdırılmasına nail olmuşuq. İndi geyinmə-soyunma otaqlarına asırlar, yəni gizlədiblər”.

 

“Ata və ana olmaq üçün hazırlıqlı olmaq lazımdır”

 

Verilişin digər qonağı, xalq artisti Fidan Hacıyeva hesab edir ki, körpə üçün ana südü çox önəmlidir: “Böyük qızım 12, oğlum 10 yaşında, kiçik oğlum isə 2 yaş yarımlıqdır. Ana südü çox önəmlidir. Avropada da buna xüsusi fikir verirlər. Səhnədə olduğum üçün övladlarımı ana südü ilə müəyyən müddət qidalandıra bildim. Avropada bununla bağlı məktəb keçirlər. İngiltərədə hər həftə ana olmağa hazırlaşan xanımlar üçün verilişlər yayımlanır, həmin verilişlərdə qidalanma ilə bağlı məsləhətlər verilir. Orada yenicə dünyaya gələn körpəni ananın qucağına verirlər. Bizdə 3-4 gün xəstəxanada qalmaq olar. Avropada bir gündən sonra ana da, övlad da evə buraxılır”.

 

Fidan xanım atanın övladın tərbiyəsindəki rolundan da danışıb: “Atam bizimlə bağlı hər şeyə fikir verərdi, təhsilimizə, yeməyimizə, geyimimizə diqqət edərdi. Ümumiyyətlə, ata, ana olmaq üçün hazırlıqlı olmaq lazımdır. Mənim yadımdadır ki, ailə quranda həyat yoldaşım dedi ki, bir övladımız olsun, onu boya-başa çatdıraq. Ancaq elə oldu ki, iki övladımız oldu. Həm sənətdə olmaq, həm də ana olmaq çox çətindir. Çalışıram, övladlarıma yetərincə diqqət göstərim. Sual verirlər ki, efirlərə niyə çıxmıram? Amma vaxt tapmaq çətindir”.

 

“Alış-verişi İngiltərədən edirəm”

 

Üç uşaq anası olan xalq artisti ildə iki dəfə İngiltərədən böyük alış-veriş etdiyini bildirib: “Övladlarımın paltarlarını da oradan əldə edirəm. Bütün lazımlı məhsulları alıb gəlirəm, problemlərim olmur. Keyfiyyəti yüksək, qiyməti də Azərbaycandan qat-qat ucuzdur”.

Xalq artisti yeni mövsüm üçün nəzərdə tutulan planlarından da bəhs edib: “Noyabrın 28-də “Arşın mal alan” operettasında ilk dəfə Gülçöhrə rolunda çıxış edəcəyəm. Yeni mahnılar üzərində işləyirəm. Hazırda Eldar Həsənov, Sevinc Ağasıyeva ilə çalışıram. Yeni proqramla konsert verəcəyəm. Artıq iki ildir ki, hər il  Heydər Əliyev sarayında solo konsert verirəm. Bu il də yeni proqramla konsertə hazırlaşıram. Keçən il olduğu kimi, bu il də Novruz bayramında Londonda konsert verməyi düşünürəm. Dahi bəstəkarlarımızın əsərlərini yeni aranjemanda təqdim etmək istəyirəm. Bütün səfərlərdə bizim bəstəkarların əsərlərini ifa edirəm. Və həm musiqimiz, həm də sözlər aydın olsun deyə, çalışıram, bir kupleti əcnəbi dilə - ingilis, ya italyan dilinə tərcümə edim”. 

Müəllif | Apa.Tv
Apa.tv