Payızın saç boyası, göz makiyajı, kölgələr – VİZAJİST MƏSLƏHƏTİ
“2014-cü ilin aktual obrazı ötən əsrin 20-40 illərinin dəbinə uyğun idi. Bu obrazdan bu il də istifadə etdik”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan vizajist Nigar İbrahimova deyib.
O bildirib ki, payızda saç boyası üçün bor, kərpic, tünd şaftalı çiçəyi rəngi, açıq çəhrayı, torpaq, fındıq, şabalıd qabığının rəngi, bal rənginin çalarlarına üstünlük veriləcək: “Gözlərin makiyajında qoyma deyil, təbii kirpiklər aktual olacaq. Sadəcə, sürmədən istifadə etmək olar. Tonlaşdırmada bürünc rəng dəbdə deyil, amma istəyən istifadə edə bilər. Ümumiyyətlə, makiyajı maksimum dərəcədə təbii görünüşə uyğun şəkildə etmək lazımdır”.
Vizajist göz makiyajında göz kölgələrinin rolunu nəzərə alaraq, bu barədə ətraflı məlumat verib: “Göz kölgələrində sallanma varsa, açıq qəhvəyi tonlardan istifadə etmək olar. Şərq üslublu-qara qaş, qaragöz xanımlarla işləmək asandır. Onlara qaş çəkmək, əlavə kirpik qoymağa ehtiyac yoxdur. Amma sarışın xanımlar üçün qızılı çalarlar dəbdə olacaq. Ağ, qara, boz göz kölgələri hər il olduğu kimi bu il də dəbdədir. Yasəmən rənginin çalarları da aktual olacaq. Amma yenə də xanımın üz cizgilərindən çox şey asılıdır. Elə xanım var ki, o, bu rəngdən istifadə edərsə, yorğun, şişkin görünə bilər”.
“Kişilərin qrim etməsi normal haldır”
Nigar xanım bildirib ki, müəyyən üslublar var ki, onları hər xanıma tətbiq etmək olmaz və istənilən effekt alınmaya bilər: ““Glamour Glow” adlı tərzdə gözlərin ətrafı, burunun kənarları parıldadıcı vasitəsilə vurğulanır. Elə xanımlar var ki, onlara bunu tətbiq edəndə üzdə şişkinlik görünür. Orta yaşlı xanımlarda göz kənarlarında xırda qırışlar olur. Adıçəkilən tərzdən istifadə edəndə bu qırışlar daha da nəzərə çarpır”.
Vizajist qeyd edib ki, kişilərin, xüsusilə səhnədə olanların qrim etməsi normal haldır. Nigar xanım xanımlar üçün nəzərdə tutulan tonal kremlər barədə də məlumat verib: “Kişilər üçün qrim var. Televiziyada çalışan aparıcılar istifadə edə bilər. Çünki işıqların qarşısında oturan zaman istənilən effekti almaq üçün qrimdən istifadə etmək olar. Hd tonal krem makiyaj üçün çox yararlıdır. 70 ildir Almaniyada peşəkar kosmetika istehsal olunur ki, orada kişilər üçün ayrıca vasitələr var. O ki, qaldı xanımlara - zeytun, fil sümüyü çalarlarında olan tonal kremlərdən istifadə etmək olar. Tərkibində sink, fluid olan vasitələr məsləhət deyil. Çünki dəri nəfəs ala bilmir”.