Oksana Rəsulova: “İnstagram səhifəmdə 225 000 nəfəri bloka atmışam”
“Süni mayalanma ilə uşaq sahibi olmağıma mane olan mentalitetimizdir”
“Son tikdirdiyim milli geyimə 1200 manat xərcləmişəm. Materialdan çox şey asılıdır. Elə material var ki, metri 10 manatdır, eləsi də var, 50 manatdır. Mənim bir ətəyimə 8-9 metr parça lazımdır. Ən çox pul parçaya və bəzək əşyalarına gedir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan rəqqasə Oksana Rəsulova deyib.
Həmsöhbətimiz qeyd edib ki, bu sahədə olan hər kəs Azərbaycan mədəniyyətinə bələd olmalıdır: “Hansı rəqsi ifa etməyimdən asılı olmayaraq, Azərbaycan milli rəqsləri tacdır. Bunu unutmaq qeyri-mümkündür. Çünki, hər hansı toya, məclisə gedəndə məcburən milli rəqs ifa etməli oluruq. Bu bizim mədəniyyətimizdir. Bunu hamı bilməlidir. Azərbaycan rəqsini, xalçasını, butanı, Qarabağ atını hamı bilməlidir. Özümüz bilsək, başqalarına da təqdim edə bilərik”.
Oksana Rəsulova daha çox hind rəqsləri ifa etsə də, milli rəqsləri də unutmur. Hətta onların təbliğatı ilə də məşğuldur: “Hindistandakı qalibiyyətimdən sonra Mədəniyyət və Turizm Nazirliyi mənə şərait yaratdı, “Sarı gəlin” mahnısına hazırlanan rəqsə Şəki Xan Sarayında klip çəkildi. Burada Azərbaycan milli rəqsinin elementləri, mədəniyyətinin bütün simvolları yer aldı. Mahnının tarixi ilə bağlı müxtəlif fərziyyələr olsa da, biz məhəbbət motivinin çox olduğu versiyaya istinad etdik. Düşünürəm ki, gözəl alınıb. Klipdəki bütün yazılar ingilis dilindədir. Bu da təbliğat məqsədi daşıyır. Növbəti klipin Gəncədə “Azərbaycan maralı” mahnısına çəkilməsi nəzərdə tutulur”.
“İnstaqram” səhifəmdə 225 minə qədər izləyici var, bir o qədər də blokda olanlar var”
Oksana xanım tamaşaçıların geyim mövzusunda iradlarına da münasibət bildirib: “Deyirlər ki, “Oksana xanım, sizi dünən də eyni libasda gördük, bu gün də, sabah da bunu geyinəcəksiniz?”. Geyim ümumiyyətlə asan başa gələn iş deyil. Mən çox geyindiyim geyimi bir də altı aydan sonra geyinirəm ki, yaddan çıxsın. Bu barədə müğənnilərin işi daha çətindir. Bir efirə geydikləri paltarı bir daha efirə geyinmirlər”.
Xanım rəqqasə sosial şəbəkələrdə onu izləyənlərin münasibətindən də bəhs edib: ““İnstaqram” səhifəmi anam izləyir. Deyir ki, “filan şəklin altına yazılan şərhləri sil”. 225 minə qədər izləyici var, bir o qədər də blokda olanlar var”.
“Hətta həyat yoldaşlarını saxlayan qadınlar var”
“Qadın zəif məxluqdur, amma indiki dövrdə qadınlarda yaxşı mənada “kişiləşmə” gedir” deyən rəqqasə xanım, dövrümüzdə qadınların öz ayaqları üzərində dayanmalarının sevindirici hal olduğunu vurğulayıb. O bildirib ki, hazırda qadınlar pul qazanırlar, özlərini, hətta, həyat yoldaşlarını təmin edənlər var: “Mən bu mərhələni keçmişəm - bu gün özümü də saxlayıram, hətta ailəmə də kömək edə bilərəm. Uşaq olanda mütləqdir ki, ər yanımda olsun? Həmişə demişəm, nə fərqi var, ailə dağılsa belə, uşaq anada qalır. Hər iki hal pisdir. Amma qismətdir, belə oldusa, deməli, bu, Allah yazısıdır. Qismətdən qaçmaq olmaz. Qadın özünə güvənirsə, bacararsa, uşağı tək saxlaya bilərsə, nəyə görə bunu etməsin? Burada pis heç nə yoxdur. Çox gözəl həkimlər var. Yoldaşı olmayan, qüsurlu xanımlar var ki, onları müalicə edən klinikalar var. Hətta orada süni mayalanma üçün donorlar da olur. Bu normal haldır. Ola bilər gənc olanda heç kimi bəyənməyən, yaxud ata-ana qoymayıb deyə, ailə qurmayan xanımlar var. Amma əgər sən heç kimdən asılı deyilsənsə, nəyə görə həmin mərkəzlərə müraciət etmirsən? Bu da mentalitetimizə görədir. Məni saxlayan hələ ki, budur”.