Məryəm Əlibəyli: “Müəllimlik sənəti insana həyatı sevdirə də bilər, sevdirməyə də...”

“Müəllimlik sənəti insana həyatı sevdirə də bilər, sevdirməyə də. Sonra həyat özü müəllim olur və öyrənmədiklərimizi həyatdan öyrənirik. İstərdim ki, müəllimlərdə bir çox xüsusiyyətlərlə yanaşı, obyektivlik də olsun. Uşaqlar arasında ayrı – seçkilik salmamaq çox önəmlidir. Elə həssas uşaqlar var ki, bunu unutmurlar. Müəllim ağzından çıxan sözə fikir verməlidir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan musiqişünas, bəstəkar Məryəm Əlibəyli deyib.

 

Bütün müəllimlərin bayramını təbrik edən qonaq, hər bir insanın həyatında müxtəlif  müəllimlərin olduğunu deyib: “Onlar arasında yadımızda qalan, eləcə də unutmaq istədiyimiz müəllimlər olub. Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışam. Sinif rəhbərimiz Ədilə xanımı, solfecio müəlliməmiz Leyla xanımı unutmaram. Allah onlara rəhmət eləsin. Azərbaycan Dövlət Konservatoriyasında isə Aqşin Əlizadə, Nailə Mehdiyevanı unutmuram”.  

 

O qeyd edib ki, müəllimlərdə bir sıra xüsusiyyətlərin olması onları tələbələrə sevdirir:

Məryəm xanımın sözlərinə görə, uşaqlarla münasibətdə çox həssas olmaq lazımdır:

“Elə məqamlar olur ki, uşaq evdə valideyninə ürək sözünü deyə bilmir. Bikef gəlir, oturur, söhbət edirsən, üzü gülür, fikri dəyişir. Elə uşaq olub ki, evdə narazılıq olduğunu, dərslərini zəif oxuduğunu, qrupdan çıxmaq istədiyini deyib. Demişəm ki, “bu sənin seçimindir, düz edirsən”. Yeniyetməlik dövründə olanlar kompleks keçirirlər, utanırlar, birdən kimsə deyər ki, “bu müğənnidir”...1-2 illik belə müddət olur. Oturub, söhbət edirəm, sonda deyir ki, “müəllimə, mən dərk elədim, səhv eləmişəm”. Böyüklər kimi uşaqların da söhbət etməyə ehtiyacları olur”.

 

“Uşaqla dost olmaq lazımdır”

 

Heç zaman fitri istedada malik uşaqları axtarmadığını vurğulayan musiqişünas, hər bir uşağın oxumağa, oynamağa, səhnədə fəaliyyət göstərməyə haqqı olduğunu əlavə edib: “Zəif olanları inkişaf etdirirəm, potensialı olan uşaqlardan isə daha çox tələbim olur. Hətta musiqi qabiliyyətinin olmaması məni qorxutmur. Çünki sübut etmişəm ki, balaca, yaxud böyük adam, fərqi yoxdur, musiqi duyumunu artırmaq mümkündür. Hər bir insanda bunu inkişaf etdirmək mümkündür. Bunu öz təcrübəmdə görmüşəm”. M. Əlibəyli böyüklə böyük, uşaqla uşaq, yaşıdımla yaşıd kimi davranmağı bacardığını və bu xüsusiyyətinin onun çox zaman köməyinə çatdığını da əlavə edib: “Həmçinin,  psixologiyanı bilirəm. Hansı uşağa hansı sözü demək olar, necə yanaşmaq lazımdır, uşaq nədən qıcıq, laqeyd ola bilər, diqqətini necə cəlb etmək olar - bunları bilirəm. Uşaqla dost olmaq lazımdır. Bunu hər adam bacarmır. Çox zaman uşaqla böyük kimi davranırlar, amma uşağı anlamaq lazımdır. Uşaqların daxili dünyasından xəbərimiz yoxdur. Bilmirik, onlar internetdən hansı informasiyanı alırlar”.

 

Məryəm xanım verilişə yetirmələri ilə birgə gəlmişdi. 7 yaşlı Əli Zeynallı 62 saylı məktəbin 2-ci sinif şagirdidir. O, efir vasitəsilə  sevimli müəllimlərinin adlarını çəkdi:

“Ən çox Ramilə müəlliməni istəyirəm. Rəna müəllimə mənə teatrdan dərs deyir. Məryəm Əlibəylini də çox sevirəm”.

 

9 yaşlı Samirə İbrahimova isə 82 saylı məktəbin 4-cü sinif şagirdidir:

“Ən çox Məryəm müəlliməni sevirəm. Bütün müəllimlərimi bu gün münasibətilə təbrik edirəm”.  

Müəllif | Apa.Tv
Apa.tv