Xəzəri kim çirkləndirir - insanlar, iaşə obyektləri, yoxsa sənaye müəssisələri?

“İctimai təşkilatlarda maariflənmə, məlumatlandırma yolu ilə gənc nəslə Xəzərə olan münasibəti dəyişmək istəyirik”

 

“Hələ 70-ci illərdə ekoloqlar tərəfindən müəyyən edilib ki, təkcə, Xəzər dənizi deyil, bütün okeanlar, su hövzələri-dənizlər, çaylar çirklənməyə məruz qalırlar. İlk dəfə 1972-ci ildə Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri bu mövzunu müzakirə ediblər. Və qərara alınıb ki, insanların diqqətini mövcud problemə çəkmək üçün müəyyən bir gün təyin edilsin. 1978-ci ildə BMT hər ilin sentyabr ayının son həftəsinin Beynəlxalq Dəniz həftəsi kimi qeyd olunmasına qərar verilir”.

 

Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat şöbəsinin məsləhətçisi Şövkət Bəkirov deyib. Nazirlik nümayəndəsi qeyd edib ki, bu günlə bağlı ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir: “Əsasən, nazirlik yaranan dövrdən bu yana Azərbaycanda da Beynəlxalq Dəniz Həftəsi keçirilir. Bununla əlaqədar, nazirlik tərəfindən tədbirlər planı işlənib hazırlanıb ki,  aidiyyəti qurumlara, yerli icra strukturlarını - bələdiyyələri, ictimaiyyət nümayəndələrini, qeyri-hökumət təşkilatlarını cəlb etməklə, müxtəlif kütləvi maarifləndirici tədbirlər həyata keçirməklə məqsədimiz odur ki, insanların diqqəti bizim üçün doğma olan Xəzərin ətraf mühitinin mühafizəsinə yönəlsin. Və ən əsas məqsəd məktəblərdə, ictimai təşkilatlarda maariflənmə, məlumatlandırma yolu ilə gənc nəslə Xəzərə olan münasibəti dəyişməkdir”.

 

“Xəzəri insanlar çirkləndirir”

 

Xəzər dənizinin insanlar tərəfindən çirkləndirildiyini bildirən nazirlik rəsmisi, uşaqların ətraf mühitə münasibətini yaşlı təbəqənin formalaşdırdığını qeyd edib: “Məktəb də bu məsələdə mühüm rol oynayır. Nazirlik olaraq, ekoloji təqvim günlərində müxtəlif müsabiqələr, məlumatlandırma tədbirləri, videoçarxların çəkilməsi il’, illüstrativ materiallar–plakatlar, bukletlər, broşurlar hazırlamaqla, sərgilər keçirməklə, ictimaiyyəti məlumatlandırırıq ki, ən azı məlumatlı olsunlar, eyni zamanda hər kəs üzərinə düşən vəzifəni başa düşsün”.

 

Ş. Bəkirov deyib ki, Xəzər dənizi ilk növbədə iri sənaye şəhərlərindən dənizə axıdılan çirkab suları ilə çirklənir: “Bunun qarşısını almaq üçün xüsusi təmizləyici qurğulardan istifadə olunur. 5 Xəzəryanı ölkə var. Xəzər dənizi bu 5 ölkə tərəfindən çirklənməyə məruz qalır. Təmizlənməmiş çirkab suları birbaşa dənizə axıdılır. Və bu da biomüxtəlifliyə, inkişafa, artıma əngəl törədir. Bunun qarşısını almaq üçün 5 ölkəyə aid olan konvensiyalar, protokollar qəbul olunub. Ən çox çirklənmə Volqa çayı ilə əlaqədardır. Çünki Xəzərə axan suyun demək olar ki, 70-80 faizi bu çayla gəlir. Rusiyanın iri sənaye şəhərləri məhz Volqa çayının sahilində yerləşir. Son nəticədə, çirkab suları Xəzərə tökülür. Cənab prezident tərəfindən 2006-2010-cu illər üçün kompleks tədbirlər planı təyin olunmuşdu. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi ilə bağlı geniş tədbirlər, layihələr həyata keçirilib, çirkab sularının təmizlənərək dənizə axıdılması əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Əsasən, Abşeron yarımadasından başlayaraq, ən çox çirklənməyə məruz qalan Sumqayıta qədər təmizləyici qurğular quraşdırılıb. Bu qurğular səyyaridir. Yəni, bir ərazidə suyun təmizlənməsi işi başa çatıbsa, onu digər əraziyə aparmaq mümkündür. Bu dövlət səviyyəsində görülən işlərdir”.

 

Nazirlik nümayəndəsi bildirib ki, Xəzər dənizi əsasən, çimərlik mövsümündə insanlar və iaşə obyektləri tərəfindən çirklənməyə məruz qalır: “Əlbəttə ki, dəniz həm də insanlar tərəfindən çirklənməyə məruz qalır. Bu, əsasən, çimərlik mövsümünü əhatə edir. İaşə obyektləri də bu problemlə mübarizədə ciddi əngəl yaradırlar. Sözügedən obyektlər tərəfindən suyun çirklənməsinin qarşısı qismən alınıb və minimuma endirilib. Çirkab suları müəyyən bir əraziyə axıdılır. Mövcud mühitdə yalnız qurğular vasitəsilə həmin ərazidə çirkab sularının təmizlənərək dənizə axıdılmasına nail olmaq olar”. 

 

“Hər il dünya su hövzələrinə atılan tullantılar nəticəsində vurulan zərər 13 milyard dollar həcmindədir”

 

Verilişin digər qonağı olan ETSN-in Ekologiya və Təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçi əvəzi Elçin Məmmədov isə qeyd edib ki, Xəzər dənizində son illər baş verən proseslər-antropogen amillər, çirklənmə, bioresursların həddən artıq istismarı, tükənməsi həm Xəzəryanı ölkələri, həm də dünya ictimaiyyətinin narahatlığına səbəb olub: “Nəticədə 2003-cü ilin noyabr aylarında Xəzər dənizinin ətraf mühitini mühafizəsinə dair çərçivə konvensiyası imzalanıb. Buna həm də “Tehran konvensiyası” deyilir, çünki həmin şəhərdə imzalanıb. 12 avqust 2006-cı ildə Xəzəryanı ölkələr tərəfindən radifikasiya edildikdən sonra qüvvəyə minib. O gündən etibarən hər il 12 avqust Xəzər günü kimi qeyd olunur. Bu günlə əlaqədar, bütün Xəzəryanı ölkələrdə aksiyalar keçirilir. Xəzərin ekoloji durumu barədə ictimaiyyətə geniş məlumat verilir. Xüsusi aksiyalar keçirilir, çimərliklər təmizlənir. Ələxsus, plastik və digər tullantılarla bağlı... BMT–nin “Ətraf mühit proqramı”nın hesablamalarına görə, hər il dünya su hövzələrinə atılan tullantılar nəticəsində vurulan zərər 13 milyard dollar həcmindədir. Bu həm də ekosistemə ziyandır. Ona görə də bir sıra ölkələrdə plastik qablardan hazırlanan məhsullardan minimum istifadə etmək barədə maarifləndirmə aparılır”. 

 

Nazirliyin nümayəndəsi, bu il Xəzər gün ilə bağlı Həştərxanda keçirilən tədbirlərdən də bəhs edib: “Bu il 12-13 avqust tarixlərində Rusiyanın Həştərxan şəhərində Xəzər günü ilə bağlı bayram tədbirləri keçirilib.  Bütün Xəzəryanı ölkələrin nümayəndələri orda iştirak edib. Müxtəlif aksiyalar Həştərxan şəhərinin qubernatorunun təşəbbüsü ilə keçirilib. Həm çərçivə konvensiyası ilə bağlı, həm də biomüxtəlifliyin, bioresursların bərpası, qorunması istiqamətində də işlər görülür”.

Müəllif | Apa.Tv
Apa.tv