Gənc müğənni: “Daha çox tanınmaq istərdim”

“Populyar olmaq çətindir. Yaşım az olsa da, uğurlarım var. Yarışmaların birində 3-cü yeri qazanmışam. Gənclər arasında Röya ilə dueti olan yeganə müğənniyəm. 2011-ci ildə “Axtarıb tapdım” mahnısını yazdırdıq. Musiqisi mənə, sözləri və aranjemanı isə qardaşım Rasimə aiddir. O mahnı çox sevildi. İndiyə qədər də səslənir. Halbuki, Röya xanım heç kimlə duet oxumur. Mən bu mahnının demo versiyasını oxuyarkən Röya xanım studiyaya gəldi. Çox bəyəndi və özü təklif etdi ki, mahnını duet şəklində ifa edək. Aydın məsələdir ki, bundan sonra daha çox tanındım”.  Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Sadiq Məmmədov deyib.

 

O, qeyd edib ki, durğunluq dövrü olmasına rəğmən, o bu dönəmdə boş oturmur və yenilikləri var: “Sevda Yəhyayeva ilə duetimiz olacaq. Bundan əlavə, İsa Məlikov mənim üçün mahnı yazıb. Özüm də bir mahnı yazmışam”.

 

Qonaq onu da deyib ki, repertuarında bir çox janrlarda mahnılar olsa da, estrada musiqisinə üstünlük verir: “Bir çox janrlarda ifa edə bilərəm. Bəlkə xarici estradadan olan mahnıları ifa edə bilərəm, amma hiss edirəm ki, istədiyim kimi alınmaz. İfa etdiklərimi özüm bəyənmirəm. Daha çox estrada janrına meylliyəm. Klip də çəkdirmək istəyirəm. Həm Sevda xanımla ifa edəcəyim mahnıya, həm də İsa Məlikovun mahnısına”.

 

Müğənni bildirib ki, yarışma həqiqətən də onun üçün tramplin rolunu oynayıb. Amma tanınmaq özü ilə bərabər bir arxayınlıq hissi də gətirib: “Daha çox tanınmaq istərdim. Yarışmada iştirak etdiyim zamanda tanınırdım. Amma sonra heç yerə çağırılmadım. Səhv özümdə oldu. Çox gənc idim. Daha çox işlər görə bilərdim. Həm də yaxşı prodüser olmalıdır. Yenidən bütün gücümlə işləməyə başlamışam”.

 

  

Müəllif | Apa.Tv
Apa.tv