Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Aprel
GÜNÜN ŞƏRHİ
“Dördgünlük müharibə” Ermənistan-İsrail münasibətlərindəki çatları dərinləşdirib. İsrailin ünvanına ittihamlar Azərbaycana satılan silahların Dağlıq Qarabağda hərb əməliyyatlarda istifadə olunması ilə bağlıdır. İrəvanın anti-İsrail kampaniyasını genişləndirməkdə məqsədi aydındır. Dağlıq Qarabağda hərbi planda və canlı qüvvə baxımından verdiyi itkilərin cəmiyyətdə yaratdığı narazılığı siyasi ittihamlarla sakitləşdirmək. Daxili siyasətdə problemləri xarici siyasətdə problem yaradaraq həll etmək köhnə üsuldur. Ermənilərin ittihamlarına İsrailin cavabları qısa və məntiqlidir. Siz hansısa dövlətdən silah almaqda necə müstəqil qərar verirsinizsə, biz də hər kəsə silah satmaqda o qədər müstəqilik, Azərbaycan silahı anbarda saxlamaq üçün almayıb, əlbəttə ki, hərbi əməliyyatlarda istifadə etmək üçün alıb. Bu arqumentin qabağında ermənilər İsraildən Azərbaycana silahı Dağlıq Qarabağda istifadə etməmək şərtilə satmağı tələb edir. İsrailə ittihamların tutarlı arqumentlərlə darmadağın edilməsi təbii ki, Ermənistan ictimaiyyətində rəsmi İrəvana qarşı qıcığı daha da artırıb. Və avtomatik suallar doğurub - İsrail hər kəsə silah satır, bəs siz niyə almırsınız? Bunun ardınca “Rusiyadan bu qədər asılı olmasaydıq, biz də müstəqil şəkildə yüksək texnologiyalı silahlar almağa qadir ölkə olardıq” tipli fikirlər populyarlaşmağa başlayıb. Erməni ekspertlərin İsraillə bağlı fikirlərində tələm-tələsik korrektələr etməsinin səbəbi də budur. Məsələn, ekspertlərdən biri “İsrail bizə də silah satmaq istəyirdi, amma biz imtina etdik” kimi ucuz fikri dövriyyəyə buraxır, digəri isə artıq İsraildən silah aldıqlarını, sadəcə Dağlıq Qarabağda əməliyyatlarda istifadə etmədiklərini deyir. Danışdıqca, batırlar...
Vüqar MƏSİMOĞLU