Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 Aprel
GÜNÜN ŞƏRHİ
ABŞ və Səudiyyə Ərəbistanı problemlərin dərinləşə biləcəyini anlayır, amma hər iki tərəf körpüləri sonadək yandırmaq istəmir. ABŞ məhkəmələrinin İranı 2 milyard dollarlıq təzminata məhkum etməsi, Obamanın səfəri ərəfəsində incik Səudiyyəyə bir jest sayıla bilər. Səudiyyənin könlünü almağa Vaşinqtonun da ehtiyacı var, Ağ Ev siyasət dəyişikliyinə rəğmən Yaxın Şərqdə ciddi müttəfiqlərindən birini itirmək niyyətində deyil. Vaşinqton Səudiyyəni nə çox yaxın buraxmaq, nə özündə uzaqda saxlamaq istəmir. Səudiyyə hökumətini terrorizmə dəstəkdə günahlandırmaq barədə Konqres layihəsi ər-Riyada təzyiqdir, o Ər-Riyada ki, əlində 750 milyard dollar dəyərində amerikan səhmləri var və bu səhmləri satışa çıxarmaqla Birləşmiş Ştatların strateji maraqlarını zərbə altına qoya bilər. Artıq bununla bağlı ABŞ-a xəbərdarlıq edən Səudiyyə hökuməti Vaşinqtondan həm də Dohada göstərdiyi xidmətin əvəzini istəyəcək. Ər-Riyadda ABŞ və Səudiyyə rəhbərlərinin müzakirə edəcəyi mövzular kifayət qədərdir, əldə olunacaq rəsmi və qeyri-rəsmi qərarlar isə Yaxın Şərqin gələcək taleyində çox böyük önəm kəsb edə bilər.
Vüqar MƏSİMOĞLU