İnsanları daha çox ağıl yox, qorxu idarə edir - MÜZAKİRƏ
APA TV-nın "Motivasiya" verilişinin ilk sayında Sevda Sultanova, Cavid Zeynallı və İlqar Rəsul insan hisslərinin ən güclüsü sayılan qorxu hissini müzakirə ediblər.
Sevda Sultanova:
“Qorxu bəzi hallarda insan üçün katarsis anıdır. Təsadüfi deyil ki, Aristotel faciə tamaşalarında mərhəmət və qorxu hissinin insanda təmizlənmə prosesini yaratdığını qeyd edir. Qorxu həm də bu hissi keçirən insanların həyata yeni baxışına, dəyərləri yenidən saf-çürük etməsinə imkan verir. Qorxunun sosial, bioloji, ictimai tərəfləri var. Amerika rejissoru Şyamalanın “Sirli meşə” adlı filmində müasir insanın müharibədən, terrordan qorxu hissi təsvir olunur. İlk kadrlarda seyrçi XIX əsr görüntüləri ilə qarşılaşır. Kiçik bir kənddə mehriban yaşayan insanlar burdan kənara çıxmır. Sonra hadisələrin gedişatında aydınlaşır ki, əslində müasir dövrdür. Amerika intellektualları özlərini, uşaqlarını baş verən amansızlıqlardan, zorakılıqlardan qorumaq üçün sivilizasiyadan uzaq meşədə məskən salıblar. Hər halda düşünürəm ki, qaçmaq yox, qorxunun üzərinə getmək lazımdlr...”
Cavid Zeynallı:
"Qorxu məlumatsızlıqdan yaranan duyğudur. Tibb izah edir ki, insan qorxu hissini yaşayanda orqanizmdə bir neçə dəyişiklik baş verir və bunlar qorxunun əlamətləri sayılır. Məsələn, ürək sürətlə çırpınmağa başlayır ki, qanı və oksigeni bütün bədənə normal çatdıra bilsin. Qan dəridən çəkildiyinə görə, insanın rəngi ağarır. Yaxud adrenalin artığı üçün dizlərin taqəti çəkilir. Qorxu Allahın insana verdiyi təməl hisslərdən biridir və biz sevgimizi, səxavətimizi, cəsarətimizi gizlətmədiyimiz kimi qorxumuzu da dilə gətirməkdən utanmamalıyıq. Qorxunun miqyası böyüyəndə o artıq xəstəliyə çevrilir. Bu hiss insanı həm uçuruma apara bilər, həm də həyatını xilas edə bilər. Ən böyük qorxu ölüm qorxusudur. Belə bir söz var: qorxuya yalnız onunla rastlaşmış insan qalib gələ bilər. Bu hiss dünya ədəbiyyatında, kinosunda dəfələrlə işlənilib və hər iki sahədə dünyanın ən yaxşı nümunələri yaranıb. Qorxularından azad ola bilməyən insan nə sosial münasibətlərdə, nə də cəmiyyətdə özünə yer tuta bilər..."
İlqar Rəsul:
"Qorxu anında orqanizm sanki təhlükə ilə qarşılaşmağa və ya ondan qaçmağa hazırlaşır. Bir qism mütəxəssislər hesab edirlər ki, insan qorxu ilə doğulmur. Məsələn, körpə uşaqların yeganə qorxusu hündürlükdən yıxılma, bir də güclü səsdir. Qalan bütün qorxular sonradan, bu və digər hadisəyə reaksiya kimi yaranır. Sonradan qazanılır yəni. Bunlar təbiət hadisələri, müharibələr və s. ola bilər. Qorxu genetik və reflektiv mahiyyət daşıya bilir.
Birincidə söhbət genetik xarakterə yazılmış informasiyadan gedir. Keçmişdən gələn qorxular.
İkincidə qorxu əsəb sisteminə yazılır. Əsəb sisteminə yazılanlar şəxsi təcrübədən yaranır.
Qorxu ilə bağlı elmin gəldiyi nəticələrdən biri də budur ki, "əslində biz insanları daha çevik idarə edən ağıl yox, məhz qorxudur. İnsan qəfil bir təhlükə ilə üzləşir və elə həmin andaca ya o təhlükənin üzərinə getmək, ya da ondan qaçmaq barədə çox böyük sürətlə qərar verir. Bu qərarı verən məhz qorxudur".
Amma bütün hallarda mən hesab edirəm ki, insan mümkün qədər qorxularının üstünə getməli, qaçmaq yox, mübarizə aparmaq barədə düşünməlidir.
Elə verilişin axırında tamaşaçılara təqdim etdiyimiz "Qorxularına qalib gəl" adlı videoçarx da insani buna motivasiya edir..."
Müzakirəni tam olaraq APA TV-nın "Motivasiya" verilişində izləyin.