Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 May
GÜNÜN ŞƏRHİ
OPEK-in proqnozları neftin bahalaşmasına hesablanıb. Əgər proqnozlar bazar tərəfindən ciddi qəbul olunarsa, qara qızılın bahalaşma tendensiyası davam etməlidir. OPEK hesab edir ki, dünyada neftə olan gündəlik tələbat 1,2 milyon barel artacaq, eyni zamanda kartelə üzv olmayan ölkələrdə, xüsusilə ABŞ və Rusiyada hasilat əhəmiyyətli dərəcədə azalacaq. Bunun fonunda təkcə ötən ayla müqayisədə OPEK ölkələri gündəlik hasilatı 190 min barel artırmağa müvəffəq olublar. Deməli, məsələ qiymət məsələsi deyil, dava bazarda daha çox paya sahib olmaq davasıdır. Rusiyada hasilat azalırsa, Səudiyyə Ərəbistanında isə artırsa, deməli, Moskva hasilatı yanvar ayı səviyyəsində dondurmaq təklifində haqlı, Ər-Riyad isə bu təklifi rədd etməkdə ikiqat haqlıdır. Hər kəs bazarda öz mövqeyini qorumaq və rəqibi bazarda sıxışdırmaq istəyir. Burada təəccüblü heç nə yoxdur. OPEK-in hesabatında çox diqqət cəlb etməyən, amma neftin gələcək taleyinə təsir göstərən bir mühüm məqam da var. OPEK ekspertləri hesab edir ki, yaxın üç ildə geoloji kəşfiyyat işinə yatırılan sərmayələr yarıbayarı azalacaq. Bu, neftə artan tələbat fonunda qiymətləri kəlləçarxa çıxara biləcək ən obyektiv faktor sayıla bilər. “Qara qızılın” 149 dollardan 27 dollar səviyyəsinədək ucuzlaşmasında məhz geoloji kəşfiyyat işlərinə görünməmiş səviyyədə sərmayə yatırılması əsas rol oynamışdı. Afrikada, Cənubi Amerikada yeni neft yataqlarının kəşf olunması bazarda təklifi tələbatdan çoxaltmışdı. İndi isə bu faktorun bazara təsiri yarıbayarı azalmış olacaq. Başqa maraqlı məqam birjaların OPEK-in hesabatına reaksiya verməməsidir. Bu daha çox birjaların həftəlik işini yekunlaşdırması ilə izah oluna bilər. Yəni, bazar OPEK-in hesabatına reaksiya verməyə macal tapmır. Birjaların OPEK-in hesabatını ciddiyə alıb almamasını yalnız bazar ertəsi biləcəyik.
Vüqar MƏSİMOĞLU