Sevgini sadəcə yaşamaq lazımdır - MÜZAKİRƏ

İlqar Rəsul:

 

Əslində sevgi insanın daxili ehtiyacından doğur. Böyük mənada götürəndə biri digərini sevəndə - məsələn, bir oğlan bir qızı sevirsə, onun yolunda hər fədakarlığa gedirsə, bunu o, həmin qıza görə yox, özünə görə edir. Öz daxili ehtiyacını təmin etmək üçün. Yəni daha dərinə gedəndə, "bu sevginin o qıza o qədər də dəxli yoxdur" qənaətinə gəlirsən. Bu barədə filosoflar da yetərincə danışıb. Bütün hallarda mən hesab edirəm ki, sevgi birmənalı olaraq daxili hissdir. Amma əlbəttə ki, sevgini ziddiyyətli formalara da bölürlər.   

 

Erix From isə öz araşdırmalarında sevginin iki ziddiyyətli formasını müqayisə edir:

 

Var olmaq prinsipi ilə sevgi və ya məhsuldar sevgi, əldə etmək prinsipi ilə sevgi, yaxud qeyri məhsuldar sevgi.

Birincidə  söhbət maraq və qayğıdan, qəlbin səsindən, hisslərin ifadəsindən, zövq almaqdan gedir. Və bütün bunlar insana, torpağa, ağaca, rəsmə, ideyaya yönələ bilər. Bunlar insanda həyatın tamlığını, doluluğu hissini oyada və qüvvətləndirə bilir. Bu özünü oyatmaq, bərpa etmək və zənginləşdirmək prosesidir.

İkincidə isə obyekt öz sevgisindən, azadlığından məhrum edilir və nəzarətdə saxlanılır. Belə sevgi əslində həyat bəxş etmir, əksinə, onu əzir, boğur, məhv edir.

 

Erix Fromun fikrincə, əgər bir insan digərini sevir və başqa hər kəs onun üçün əhəmiyyətsizdirsə, bu artıq sevgi deyil. Kəskin bağlılıq, yaxud genişlənmiş eqoizmdir...

 

 

Səbinə Bayramova - Psixoloq:

(Ümumrusiya Professional Psixoloqlar Liqasının həqiqi üzvü)

 

Psixologiyada sevgi spesifik xüsusiyyətləri olan bir hiss sayılır. Psixoloji baxımdan sevginin bir sıra növləri var. Məsələn, bağlılıq, aşiqlik, tamamlanmamış sevgi, nevrotik sevgi və sair növləri var. Bir çox hallarda aşiqliklə sevgi anlayışları qarışdırılır. Aşiqlik ilkin mərhələdir. Bu, çox zaman " affektiv sevgi" adlandırılır.

Affektiv sevgi tez alovlanan və tez sönən bir hissdir. Bu, maksimum iki ilə qədər davam edə bilən bir mərhələdir. Bu mərhələni yaşayan və əziyyət çəkən şəxs psixoloqa müraciət edə bilər. Düzdür, psixoloqun tövsiyələri ona cansıxıcı gələ bilər. Ancaq müəyyən bir müddətdən sonra psixoloqun təsiri ilə beyindəki filtr əksinə işlədilir. Nəticədə aşiq olan şəxs əvvəlki halına qayıdır və qarşı tərəfin mənfi xüsusiyyətlərini də görməyə başlayır.

Sevginin bağlılıq mərhələsi isə, buna, adətən ailəsində möhkəm bağlılıq olmayan insanlarda rast gəlinir. Əslində bu düşünülmüş addımdır. Ümumiyyətlə götürdükdə isə, şərtli və şərtsiz sevgilər var...         

 

Cavid Zeynallı:

 

Belə bir deyim var: insan sevgiyə məhkumdur. Adətən bizdə sevgi deyəndə təkcə iki insan arasında olan münasibət başa düşülür. Amma sevgi anlayışına dərindən baxsaq, bunu təkcə iki fərd arasında olan hiss kimi qəbul etmərik. Sevgi varlığı yaradan və yaşadan qüvvədir. O, varlığın yaşam tərzidir. Hər şey sevgidən başlayır, hər şey sevgi ilə bitir. Yəni bu hiss həm mənbədir, həm sonluqdur. Fiziki dünya böyük eşqdən yaranıb. Bəzən sevginin mövcud olmadığını deyənlər də tapılır. Bu daha çox fərdi sevgiyə aid olunur. Amma bir anlıq düşünək ki, sevgi olmasaydı, dünyada bu qədər böyük eşq əsərləri yaranmazdı. İnsan sevəndə mənən təmizlənir, paklanır, ətrafına müsbət enerji ötürür. Sevmək həm də inanmaqdır, həyata bağlanmaqdır. Məsələnin başqa tərəfi sevginin insanda yaranmasının tibbi izahıdır. Tibb sevgi hissinin yaranmasını bir neçə hormonun aktivləşməsi hesabına olur. Məsələn, endorfin və adrenalin artır və s. Endorfin xoşbəxtlik hormonu deməkdir. Ona görə də insan sevəndə özünü xoşbəxt hiss edir...

 

Sevda Sultanova:

 

Əslində "sevgi" sözü bir kəlmə, bir tələffüz olaraq çox energetik, çox pozitiv sözdür. Bu söz hətta sərt alman dilində belə çox zərif səslənir.

Bu gün bizim cəmiyyətdə bir çox uşaqlar sevgisizlikdən, instiktiv olaraq doğulur əslində. Hətta bəzən bizdə uşağı "yaşlaşanda qabağıma bir stəkan çay qoysun" təfəkkürü ilə dünyaya gətirirlər. Halbuki, belə olmamalıdır. Hər şey sevgi ilə olmalıdır...

Mən bir qayda olaraq sevəndə intellektim inkişafdan qalır. Ümumiyyətlə insanın sevgi romanları olur. Və bu sevgi hansısa bir yerdə bitir. Və müəyyən bir zaman keçir, yeni sevgi başlayır. Sevgi həmdə "yenilənmək" deməkdir. Məncə bir insanla sabit xoşbəxtlik mümkün deyil. Bu illüziyadır. Bu gün Azərbaycanda da çox ailələr var ki, sevgi bitib, amma məcburən bir yerdə yaşayırlar...

          

Mən düşünürəm ki, sevgini analiz eləmək lazım deyil. Bölmək, adlar vermək də lazım deyil. Onu sadəcə yaşamaq lazımdır. Yəni, sevilin, sevişin, azad sevgi yaşayın...  

 

Müzakirəni tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin. 

Müəllif | Apa.Tv
Apa.tv