Sizə paxıllıq edirlərsə, demək varsınız - MÜZAKİRƏ

Cavid Zeynallı

 

Paxıllıq doğuluşdan yaranan hiss deyil. İnsan bu hissə özünü dərk edəndən, şüuru formalaşandan sonra “yoluxur”. Dünyada elə bir insan yoxdur ki, paxıllıq hissindən azad olsun. Ona görə də deyirlər ki, paxıllıq hissi insanın bulaşa biləcəyi ən murdar hisslərdən biridir. Bu hiss nifrətin bir pillə əvvəlki, nisbətən yüngül formasıdır. Amma fakt budur ki, qadınlar kişilərə nisbətən bu hisslə daha çox yaşayırlar. Bizdə bəzən paxıllığı başqa hisslərlə səhv salırlar. Məsələn, qibtə və özündənrazılıq hissi ilə. Amma paxıllıq və qibtə arasında fərq böyükdür. Qibtə bəyənilən hissdir. Qibtə inkişaf, uğur gətirir. Paxıllıq və xudbinlik isə insanı məhvə aparır. İnsan əzab çəkmək istəmirsə, paxıllıq etməməlidir. Yəni bu hiss xoşbəxtliyin düşmənidir.

Quranın "Fələq" surəsində deyilir ki, paxılın həsəd çəkən zaman şərindən və zərərindən Allaha pənah aparıram.

 

Paxıllıq çəkənlər bir yerdə qərar tutmur, hər zaman kədərli, fikirli olur. Dünyanın bütün dinləri bu hissi haram sayır. İsa Peyğəmbərin məşhur sözü var: “Sevinənlə sevinin”. İslam dininə aid bütün hədislərdə bu hiss zərərli və küfr hesab edilir.

 

Paxıllıq müqayisə amilindən yaranır. Yəni insan özünü kiminləsə müqayisə edir, özünü aciz, gücsüz qəbul edir. Eyni zamanda dünyada baş verən cinayətlərin bir çoxu bu hissin ucbatından baş verir. Ümumiyyətlə dünyada ilk qətl – Habil və Qabil əhvalatı paxıllıq hissinə görə baş verib.

 

 

Sevda Sultanova:

 

“Alman sosioloqu Helmut Şyokun dünyaca məşhur araşdırması var: “Paxıllıq sosial davranış nəzəriyyəsi ”. O, əsərində bu insan hissini sosial davranış təzahürü kimi araşdırıb. Ona görə bu hiss təbiidir, doğuşdandır. İkincisi,  bütün ictimai  fenomenləri, məsələn, vandalizmi paxıllıq hissi ilə izah edir.

 O, qeyd edir ki, cəmiyyətdə sosial bərabərsizlik varsa, kəskin təbəqələşmə varsa, onda daha aşağı, az qazanan təbəqə ədaləti bərqərar eləmək istəyir və onu buna sövq edən həm də paxıllıq hissidir. Bu mənada paxıllıq eyni zamanda siyasi dinamizm yaradır cəmiyyətdə. Yəni qısaca desək, paxıllıq hissi cəmiyyətdəki sosial bərabərsizlikdən doğur.

Amma  əgər insanların sosial statusu bərabər olarsa belə, bu paxıllığı aradan qaldırmır. Deyək ki, bir məclisdə eyni təbəqədən adamlar toplanıb. Kimsə diqqət mərkəzində olursa, başqa birisinə daha az diqqət göstərirlərsə, bu da paxıllıq hissinə yol açır.

Paxıllığı daha çox qadınlara aid edirlər. Bir qadının daha gözəl olması digər qadında paxıllıq hissi yaradır. Düşünürəm ki, bu, mütləq bir qayda deyil. Məsələn, ispan aktrisası Rossi de Palma qeyri-adi dərəcədə kifir qadındır. Amma onun çox gözəl qadınların həsəd aparacağı karyerası, uğurlu həyatı var. Üstəlik, fransız modelyeri Qotye onu özünə model seçməklə gözəllik haqda stereotipləri sındırıb. Yəni insan özünün kim olduğunu bilirsə, şəxsiyyət kimi realizə edə bilirsə, bacarığını üzə çıxara bilirsə, paxıllıq hissindən də uzaq olacaq. Hətta kifir olsa da”.

 

İlqar Rəsul

 

Paxıllıq enerjidir. İnformasiyadır. Bu proses sonadək öyrənilməyib. Paxıl adamı ittiham etmək də tam doğru deyil. Paxıllıq bir insanın özünü digəri ilə müqayisəsində yaranır.  Mütəxəssislər bunu qısaca olaraq belə ifadə edirlər: paxıllıq başqasının xoşbəxtliyinə məyus olmaqdır. 

 

Paxıllıq təkcə ruhi yox, həm də fiziki öldürür.

Paxıl insan öz fəaliyyətsizliyinə haqq qazandırmağa çalışır həmişə. Öz aləmində buna nail də  olur. "Onun bəxti gətirir, mənim onun qədər arxam - dayağım yoxdur" və s. bəhanələrlə yəni.

 

Sosial şəbəkələr yaranandan sonra başqalarının həyatını, uğurlarını müşahidə etmək imkanları artıb deyə paxıllıq daha geniş vüsət alıb. Amma başqasının uğurlarını müşahidə edib yaxşı nəticə də çıxartmaq imkanı həmişə var. 

 

Əgər sən kimisə yaxşı bədən quruluşunda görürsənsə, demək ki, o bunun üçün tər töküb.

 

Yəni sənin onu sadəcə istəməyin bəs etmir. Sən bundan ötrü çalışmalısan. Hər gün başqalarının həyatını müşahidə edib nələrsə arzulamaq, paxıllıq etmək səni öz rahatlığından, xoşbəxtliyindən məhrum edəcək.

Sözsüz ki, səndə "mənim niyə yoxdur?", "mən əsgiyəmmi ondan ?" və sair bu kimi suallar yaranacaq.  Özü də bu suallar haqlı olaraq yaranacaq. Əlbəttə əskik deyilsən. Hətta daha yaxşısına layiqsən. Sadəcə kimsə səndən bir az artıq zəhmət çəkib deyə irəli gedib.

 

Bu halda qarşıda iki yol var. Həmin adama görə şad olacaqsan və özünə deyəcəksən: onda alınıbsa, məndə də alınacaq. Belə olanda sən həm ədalətli olacaqsan, həm rahatlığın pozulmayacaq, həm də uğur qazanmaq üçün yeni və obyektiv variantlar üzərində düşünəcəksən.

 

Amma ikinci yola getsən, yəni paxıllıq etsən, rahatlıq pozulacaq, uğur qazanmaq üçün hansısa sağlam variant üzərində düşünə bilməyəcəksən və haqsız olacaqsan. Tədricən məhv olacaqsan yəni.

 

Paxıllıqdan qurtarmaq üçün müqayisəyə qadağa qoymaq lazımdı. 

Hər kəsin öz unikallığı var bu dünyada. Onlardan bəhrələnmək lazımdır. 

 

Özünüzə sözlər deyin və ürəyinizdə yox, möhkəm deyin.

Özünüzü sevin və özünüzə hörmət edin. Onda özünüzü kimsə ilə müqayisə etməyəcəksiniz. Çünki dünyada hər insandan cəmi bir nüsxədir. Bunu anlayanda paxıllıq sıradan çıxacaq.

 

Səbinə Bayramova - Psixoloq, Rusiya Professional Psixoloqlar Liqasının həqiqi üzvü

 

Paxıllıq insana xas olan mənfi xüsusiyyət kimi dəyərləndirilir. Bu hiss qadınlarda və kişilərdə fərqli təzahür edir. Statistikaya əsasən bu hissə qadınlarda daha çox rast gəlinir. Amma bununla belə, qadınların paxıllıq hissinə - yəni bir-birinin arxasınca danışmalarına, rəqabət aparmalarına normal yanaşılır. Bu vərdiş, onların həyatlarının ayrılmaz bir hissəsinə çevrilib. Paxıllıq hissinə  kişilərdə də rast gəlinir. Çünki bu hər bir insana xas olan hissdir.

Əbəs yerə deməyiblər ki: paxıllığın dili uzun, əli isə qısadır. Paxıllıq hisi güclü olan insanların davranışlarında, yaxud geyimlərində və s. hansısa bir əskiklik müşahidə olunur. Onlar bu qüsurları aradan qaldırmaqla məşğul olmaq əvəzinə başqalarının uğurlarını özlərinə problem edirlər.  Paxıllıq o hissi keçirdən şəxsin özünə zərər verməklə yanaşı qarşı tərəfə də narahatlıq yarada bilir.

Paxıllığa məruz qalan şəxslərə tövsiyə olaraq deyim ki, sizə qarşı olan bu hissə təslim olub ruhdan düşməyin və daha da irəli getməyə çalışın. Siz varsınız deyə, sizə paxıllıq edirlər.        

Müəllif | Apa.Tv
Apa.tv