Təqlid etmək ciddi stress yaradır - MÜZAKİRƏ
Sevda Sultanova:
Stressin yaşanması insanın düşdüyü vəziyyətdən, nəyi vacib saymasından aslıdır. Tutaq ki, intihar haqda xəbər, hansısa ölkədə baş vermiş terror haqda informasiya oxuyuram və eyni anda harasa gedəndə kolqotkam cırılır. Bu halda sonuncu mənim üçün daha stresslidir, nəinki faciəli xəbər. Yəni burda özümü yalançı humanst kimi göstərə bilmərəm.
Kanadalı fizioloq Hans Selye stresslə bağlı araşdırmasında deyir ki, stress həyatın dadı-duzudur. Stressdən tamamilə uzaq olan adam ölüdür. Və o adam stressdən uzaqdı ki, fəaliyyətsizdir. Hətta laqeyd adamlarda belə stress heç bir halda sıfıra yaxın olmur.
İstənilən fəaliyyət növündə mütləq stress var. Əgər insan sevdiyi işlə məşğuldursa, bu zaman aldığı stressin də öhdəsindən gələcək, uğur qazanarsa aldığı stress də ona zövq kimi gələcək.
Texniki yeniliklərə, sosial dəyişikliklərə uyğunlaşma da stressə səbəb olur. Yaxınlarda saytlardan birində belə informasiya oxudum ki, Azərbaycanda vətəndaş nikahların sayı artıb. Bu, seksual inqilabın bir parcasıdır. Amma cəmiyyətin böyük hissəsi buna hazır deyil. Buna qarşı çıxıb stress almaqdansa uyğunlaşmaq, reallığı qəbul etmək lazımdır.
Təcrübəmdən deyirəm ki, stressdən uzaq olmaq üçün özünün mikro mühitini yaradacaqsan, dost seçimində seçici olacaqsan, mümkün qədər sosial şəbəkələrdən uzaqlaşacaqsan. Sevdiyin işi görürsənsə, minimal tələblərin varsa maksimum dərəcədə stressdən uzaq olmaq mümkündür.
İlqar Rəsul:
Stress özünü üç mərhələdə göstərir: intellekt, düşüncə və emosiya.
Əvvəla onu deyim ki, stressdən tam qurtarmaq insanı kütləşdirər. Ansaq insanın stressdən qurtarmaq arzusu əlbəttə ki, təbiidir. Çünki stress orqanizmi zorlayır, müxtəlif fəsadlara və ciddi xəstəliklərə gətirib çıxarda bilir. Bunun baş verməməsi üçün öz üzərində işləməyə başlamaq yetərlidir.
Mütəxəssislər stressi götürməyin müxtəlif yollarını təklif edirlər:
1. Qaçmaq. Reallıqdan qaçmaq. Sosial şəbəkələr, kompüter oyunları və s. ilə başı qatıb stressi nisbətən unutmaq olar.
2. Spirtli içki. Deyirlər bu üsul pis vasitədir. Əlbəttə pisdir. Amma etiraf edək ki, daim qorxmaqdan, stressin təsiri altında olmaqdan heç də pis deyil.
3. İdman. İdman edib bədəni yormaqla gərginliyi azaltmaq olur.
Bunlardan başqa, yuxu, sauna, seks və s. də stressi götürməyin üsullarındandır.
Bir də var stressdən qurtulmaq.
1. İqnor eləmək. Mənfi təsir edə biləcək şeylərdən imtina etmək. Xırdaçıl olmamaq, hər deyilənə ciddi yanaşmamaq, boş-boş şeylərə ilişib qalmamaq, əhəmiyyət verməmək, hər deyiləni içinə salıb onun təsirinə düşməmək.
2. Özün olmaq. Özgəni oynamaq insanı stressə salan çox ciddi amillərdəndir. Başqasına oxşamaq istəyirsən və əlbəttə ki, bu çox vaxt alınmır, sən stress keçirdirsən daim. Buna insanın öz istedadının və imkanlarının hüdudlarından kənarda çalışması da demək olar. Qarşısına qoyduğu məqsədi ödəyə bilmir və əsəbi olursan.
Halbuki, auditoriya özü olanı daha çox xoşlayır. Daha çox özü olana rəğbət bəsləyir.
Dondurma, şokolad, banan yemək də stressi götürür.
Müzakirədə yazar Cavid Zeynallı və psixoloq Səbinə Bayramova da öz fikirlərini söyləyiblər.
Tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin.