Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 İyun
GÜNÜN ŞƏRHİ
Terror aktının miqyası həm də onun arxasında duran qüvvələrin hədəfinin miqyasını göstərir. Ötən ilin noyabrında baş verən təyyarə insidentindən sonra Türkiyənin böyük şəhərlərində törədilən terror aktlarının məqsədi bu dövlətə iqtisadi ziyan vurmaqdır. Hesablamalar sadədir – böyük şəhərlərdə terror aktlarının törədilməsi bu ölkənin təhlükəsizlik sistemində ciddi problemlərin olduğu görüntüsü yaradır və ard-arda törədilən terrorlar insanları bu ölkəyə səfər etməkdən çəkindirir. Və təsadüfi deyil ki, terrorçuların əsas marağı daha çox insan öldürmək, əzələ nümayiş etdirmək deyil, terror aktı haqqında məlumatların daha çox tirajlanmasına nail olmaqdır. Çünki hədəf Türkiyə iqtisadiyyatında ən az 50 faiz paya sahib olan turizm sektorunu çökdürməkdir. Bu mənada Türkiyə hökumətinin terror aktlarından sonra xəbər yaymaq yasağı qoymaq qərarı anlamla qarşılanmalıdır. Çünki terror aktını mütəmadi olaraq işıqlandırmaq sonda terrorçuların maraqlarına xidmət edir.
İstanbulda törədilən terror aktı türk turizminə vurula biləcək ən böyük zərbələrdən biridir. Ölkənin turizm gəlirlərinin bu il 10 milyard dollar azalacağı proqnozlaşdırılır. Amma bu da son deyil. Avropalılar da terror təhlükəsi səbəbilə Türkiyəyə gəlməkdən çəkinirlər. Avropadan Türkiyəyə səfər edən turistlərin sayında hər il azalma müşahidə olunur, burada Qərb mətbuatının Türkiyəni terror təhlükəsi olan ölkə kimi qələmə verməsi ən önəmli rol oynayır. Üstəlik futbol üzrə Avropa çempionatının turizm mövsümünün ən qızğın vaxtına təsadüf etməsi, avropalıların futbolu Fransada canlı izləməyi Türkiyəyə səfərdən üstün tutması turizmə daha bir zərbə vurur. Ölkə turizminin hərtərəfli çiçəklənməsində böyük rol oynayan 4 milyon rus turist bu il Türkiyəyə gəlməyəcək. Bu artıq təxminən 4 milyard dollar zərər deməkdir. Daha bir məqam var. Hədəf turizmi çökdürməklə Türkiyə iqtisadiyyatına ağır zərbə vurmaqdırsa, o zaman İstanbuldakı terror aktının son olduğunu düşünmək hələ tezdir. Bir anlığa təsəvvür edək, ölkənin tanınmış kurort şəhərlərində irimiqyaslı terror aktının törədilməsi ölkəyə iqtisadi baxımdan nə qədər zərər vura bilər. Bunu PKK da, İŞİD də, onların arxasında dayanan, terroru Türkiyəyə qarşı silah kimi istifadə xarici qüvvələr də hesablamamış deyil. Allah Türkiyənin bundan sonra törədiləcək terror aktlarından qorusun! İstanbulda törədilən terror aktının qurbanı olan insanlara Allahdan rəhmət diləyir, türk xalqına başsağlığı veririk. Başın sağ olsun, Türkiyə!
Vüqar MƏSİMOĞLU