Qisas almaqdansa, spagetti bişirin - MÜZAKİRƏ

Cavid Zeynallı:

 

Qisas ədalətin bərpa olunmağından doğan hissdir. İnsan düşünür ki, motivindən və səbəbindən asılı olmayaraq, onu alçaldan, mane olmaq istəyən şəxsdən qisasını alsın, bununla da öz mənəvi rahatlığını təmin eləsin. Amma qisas həmişə insana mənəvi rahatlıq gətirmir. Yəni o bəzən peşmançılıq, təəssüf gətirir və rahatlıq əvəzinə sən əzab çəkirsən. Qisas deyiləndə daha çox qan qisasçılığı, haqqı insanı öldürməklə qaytarılan qisaslar nəzərdə tutulur. Yaxın tarixə qədər bizim kəndlərdə qan qisasçılığı deyilən anlayış olub. Yaxşı ki, cəmiyyət bu adəti özündən uzaqlaşdıra bildi. Çünki bu, ziyanlı, daha çox tayfa və mağara qanunlarına hesablanan adətdir. Yəni müasir sivil qaydalarla əlaqəsi yoxdur. Qisas hissinin geniş yayılmasının səbəblərindən biri də toplumun maarif və təhsildən uzaq düşməsidir. Bu, həm də ailəyə və tərbiyə aldığın cəmiyyətə bağlı hissdir. Qisas hissinin mahiyyətində həm də ibtidai düşüncə dayanır. Qisas bəzən komplekslərdən də yaranır. Özü də təkcə insan öldürmək mənasını ifadə etmir. Çox adi şeylərə görə özünü qisasa hazırlayan adamlar var. Amma qisas həmin adamın özünün həyatını məcrasından çıxarır, onu mənfi enerji ilə yükləyir. Anlamır ki, bu hissə qalib gəlməməklə, əslində özü-özündən qisas alır....

 

Sevda Sultanova:

 

Qisas ziddiyyətli və maraqlı hissidir. Yaxınlarda futbol üzrə Avropa Çempionatı balşadı. Beynəlxalq yarışlarda məsələn, zaman–zaman Almaniya ilə İngiltərə üz-üzə gəlir və onlar əzəli rəqib sayılır. Bu komandaların oyunu futbolun sərhədlərini aşaraq daha çox qisas xarakteri daşıyır. Fəsadları da olur bəzən, azarkeşlər arasında qalmaqal yaşanır və bu, ölüm faktına gətirir.

Qisas ən güclü instinkt sayılır. Xristianlığa görə mahiyyətindən asılı olmayaraq qisas almaq şərlə ittifaqa girməkdir.

Müasir dünyada qisas hissindən qurtulmaq üçün vasitlər axtarılır. Rusiyada bir sayt var. Saytın yaradıcıları imkan yaradır ki, ədaləti milis və məhkəmə yolu ilə həll edə bilməyən insanlar burda virtul qisas alsınlar, söysünlər, təhqir eləsinlər. Hətta saytdan tələb edirlər ki, virtual qətl törətsinlər və “qətlin” qurbanları bu haqda bilsin. Burda hüququn və əxlaqın sərhədləri artlq itirilir.

Qisasdan xilas olmağın ən yaxşı yolu odur ki, həyatın keçici olduğunu xatırlayaq. Qisas almaqdansa spagetti bişirmək yaxşıdır...

 

 

Elvüsal Məmmədov - İlhaiyyatçı:

 

İslamda cinayətin əvəzi olaraq qisas nəzərdə tutulub. Həqiqətən, şəriət cinayətkara öz əməlinə uyğun olaraq əvəz verilməsini caiz bilir. Quranda buyurulur: “Biz yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs qisası bağışlasa, bu onun üçün bir kəffarədir. İslama görə cinayətə üç cür qarşılıq verilə bilər. Ya zərərçəkən (yaxud qohumları) cinayətkarı bağışlayır, ya ondan qanpulu almağa razı olur, ya da ona cəza verilməsini tələb edir. Bu üç yolun birincisi ikincidən, ikincisi üçüncüdən daha yaxşı və Allah yanında daha bəyəniləndir. Amma əgər iş qisasa qalsa, bunu da özbaşına etmək olmaz. Cinayəti sübut etmək üçün mütləq məhkəmə qurulmalı, şahidlər dindirilməli, cinayətkarın təqsiri sübuta yetməli, ədalətli hökm çıxarılmalıdır. Bunu ancaq məhkəmə şəraitində, qanun çərçivəsində icra etmək mümkündür. Ona görə də hər bir zərərçəkənin özbaşına qisas almasına icazə verilmir. Əgər belə hal olarsa, bunun özü cinayət kimi dəyərləndirilir.

 

İlqar Rəsul:

Qisas hansısa zərərə, təhqirə və sairəyə görə düşünülmüş şəkildə kimdənsə əvəz çıxmaqdır.

Qisas - hər kəsin şəxsi seçimidir. Və hər bir seçimində insan nəyəsə "hə"deyəndə, əlbəttə ki, nəyəsə "yox" demiş olur. Biz qisas alınmasına razılaşanda öz düşüncəmizdəki ədalətə "hə" deyirik. Amma gəlin baxaq görək həmin "ədalətin" dəyəri tərəzinin o biri gözündə olan Allah sevgisindən, həqiqi qəlb rahatlığından və azadlığından artıqdırmı...

 

Tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin. 

Müəllif | Apa.Tv
Apa.tv