Valideyni qocalar evinə vermək ləyaqətsizlikdir - MÜZAKİRƏ
Səbinə Bayramova - psixoloq:
Ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu kimi dəyərləndirilir. Lakin cəmiyyətimizdə ləyaqət, layiqli bir surətdə, layiqli bir tərzdə davranış kimi də mənalandırılır. Eyni zamanda, "ləyaqətli" ifadəsi bacarıqlı, qabiliyyətli, istedadlı kimi də mənalandırılır. Qeyd edim ki, ləyaqət hissi, digər mənəvi keyfiyyətlər kimi, insanın super eqosunun tərbiyələndirilməsi nəticəsində yaranır. Bu zaman əlbəttə ki, ilk öncə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Ləyaqət, yüksək mənəvi keyfiyyətlərlə yanaşı onların dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu hissin normativlərə uyğun inkişaf etməsi, ilk öncə valideynlərdən, himayədarlardan, daha sonra isə tərbiyəçilərdən və müəllimlərdən çox asılıdır.
İlqar Rəsul:
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Yaxın bir adamda bədxassəli şiş - xərçəng xəstəliyi aşkar edildi. O, savadlı və çox ziyalı bir insan idi. Həkimlər ona - "hələ dəqiq bilmək olmaz, bəlkə heç bədxassəli şiş deyil bu" - deyə təsəlli vermək istəmişdilər. Amma o, ciddiyə almamışdı bu təsəllini. Demişdi ki, bir aya özüm biləcəm nə şişdi. Əgər səhhətimdə geriləmə olsa, demək ki, bu xərçəngdi. Adam evə gəldi, günlər keçdikcə səhhətində geriləmə hiss etdi və ailəyə vəziyyəti bildirdi. Dedi ki, məyus olmağa dəyməz, həyatdı, yaşadıq, gördük, artıq getmək vaxtıdı. Bütün qalan günlərdə o, evdəkələrə, qohum-əqrəbaya təsəlli oldu. Ətrafdakıları psixoloji cəhətdən necə hazırlamışdısa öz ölümünə, vəziyyəti necə aydın izah etmişdisə, hamı onun getməsinə hazırlıq görürdü. Sanki, kimisə ezamiyyətə yola salmağa hazırlaşırdılar. O da rahatca oturub hər şeyi müşahidə edir, lazımi məsləhətlər verirdi. Həmin anlarda mən insan ləyaqətinin nəyə qadir olduğunu gördüm.
Məncə, ləyaqət sənin başqalarının qarşısında alçalmana imkan verməyən dəyərlər sistemidir. Ləyaqət həmçinin sənin başqalarını alçaltmana imkan verməyən dəyərlər sistemidir.
Sevda Sultanova:
Hüquq müstəvisində ləyaqətin qorunması haqda bütün ölkələrin qanunvericiliyində müvafiq maddələr var. Amma ləyaqət təbii ki, hüquqa sığacaq anlayış deyil, həm genişdir, həm mentaldır, həm də coğrafidir.
Məsələn, bizim adət-ənənələrə görə valideyni qocalar evinə vermək ləyaqətsizlik sayıla bilər. Qərbdə isə əksinıdi, yaşlılar həvəslə qocalar evində yaşayır.
Təbii ki, ləyaqətin ümumbəşəri dəyərləri də var.
Ləyaqət həm də fərdin nədən imtina etməsində özünü büruzə verir. Amerika fotoqrafı Kevin Karter 1990-cı illərdə Sudanda aclıq zamanı quzğuna tuş gələn qızçığazı lentə almışdı. Halbuki, onun körpəni xilas eləmək imkanı vardı. Amma o, şöhrət naminə bundan imtina elədi, mükafat aldı. Bununla belə hərəkətinə görə tənqdilərə də tuş gəldi.
İnsanın ləyaqəti onun çətin vəziyyətlərdəki reaksiyası ilə üzə çıxır. Ləyaqət özünə və başqalarına hörmət hissidir.
Tam olaraq APA.TV-də izləyin.