Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 İyun
GÜNÜN ŞƏRHİ
Kamikadze hücumlarının təşkili bir günün işi deyil. Bu tip terror aktlarının hazırlanmasına aylarla vaxt sərf olunur. Bu baxımdan Atatürk hava limanında gerçəkləşdirilən terror aktının Türkiyənin Rusiya və İsrailə əl uzatmasından bir gün sonraya təsadüf etməsi elə təsadüfdür. Bu “təsadüf”ün miqyası Türkiyədə terror ehtimalının hələ də yüksək səviyyədə olduğunu təsdiqləyir. Son 40 ili terrorçuluqla mübarizəyə sərf etmiş, ASALA və PKK kabusları yaşamış və hələ də yaşamaqda olan Türkiyədə bu gün nə qədər “canlı bombalar”ın gəzdiyi və harada partlayacağı kimsəyə məlum deyil. Hələlik tək pozitiv məqam var - Rusiya və İsraillə münasibətlərin normallaşdırılması kəşfiyyat məlumatlarının mübadiləsinə imkan verəcək. Terrorçuluğa qarşı mübarizədə bu, son dərəcə vacib amildir. İstanbul Sultanəhməd və Ankara Kızılay meydanında, lap elə Atatürk hava limanında törədilən terror aktlarından öncə, ABŞ-ın öz vətəndaşlarına xəbərdarlıq etməsi faktdır. Bu, bəzən terror aktlarını elə Vaşinqton tərəfindən planlaşdırıldığı kimi komplo nəzəriyyələrinin ortaya çıxmasına da səbəb olur. Amma bu xəbərdarlıqlar əslində əldə olunan kəşfiyyat məlumatlarına əsaslanır. Belə məlumatların mübadilə edilməsi Türkiyənin terrora qarşı mübarizəsini daha effektli edə biləcək.
Vüqar MƏSİMOĞLU