"Sevgililər Günü: 14 fevral, yoxsa 30 iyun?

Azərbaycanda Sevgililər Günü nə zaman qeyd olunmalıdır? 14 fevralda, yoxsa 30 iyunda? Artıq neçə ildir ki, bu mövzu ətrafında mübahisə davam edir. APA TV-də yayımlanan “İlham Tumasla 40 dəqiqə” proqramının qonaqlarının da bu məsələ ilə bağlı fərqli fikirdədir.

 

Şair Yafəs Türksəs hesab edir ki, 30 iyunda Sevgililər Gününü qeyd etmək absurddur: “Belə çıxır ki, biz İlham və Fərizədən əvvəl sevginin nə olduğunu bilməmişik. Bu, qeyri-məntiqi səslənir. Biz corabı da xaricdən alan xalqıq. Ona görə də beynəlxalq bayramlara hörmətlə yanaşmaq lazımdır. Bu sevgi əfsanələşdirilsəydi, ona heykəl qoyulardı. İlham-Fərizə sevgisinin ideallaşdırılmamasının əleyhinəyəm”.

 

Müğənni Roza Zərgərli isə daha orijinal təklif irəli sürür: “Məncə, müsəlman dövlətləri üçün Sevgi Gününün olması daha yaxşı olardı.  söylədi. Beynəlxalq bayramlara hörmətlə yanaşmaq olar, amma bu o demək deyil ki, biz onları öz bayramımız kimi qəbul etməliyik”.

 

Yazar Aysel Əlizadə isə Valentin Gününün tarixindən danışaraq, dinlərin hər zaman sevgililərin qarşısında çəpər olduğunu, heç bir müqəddəs kitabda sevgililərlə bağlı ayə, hədis olmadığını deyib. Onun fikirlərinə görə, milli, yaxud beynəlxalq sevgililər gününün keçirilməsi qəbul ediləndir.

 

Yazar Mirmehdi Ağaoğlu isə belə bayramların daha çox kapitalist cəmiyyətinə lazım olduğunu düşünür: “14 fevralı qəbul edirəm, amma bu daha çox kapitalist cəmiyyətinə lazımdır. Burada daha çox gəlir nəzərdə tutulub. Ona görə ildə bir yox, beş dəfə Sevgililər Günü ola bilər.  O ki qaldı İlham və Fərizəyə, bunu 9 milyonluq Azərbaycan xalqına nümunə çəkmək olmaz. Arzu edərdik ki, Fərizə sağ qalaydı və uşağı böyüdəydi. İntihar nümunə deyil".

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv