Azərbaycanda kitabların qiyməti bahadırmı?

Son günlər sosial şəbəkələrdə kitablar, mütaliələrlə bağlı qızğın müzakirələr gedir. Bu müzakirələrdə əsasən kitabların qiyməti ilə bağlı narazılıqlar daha çox gözə çarpır. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsində bu suallar ətrafında fikir mübadiləsi aparılıb.

Teleaparıcı Rafiq Həşimovun sözlərinə görə, kütləvi şəkildə oxuyan toplum anlayışı yoxdur: “Qədim zamanlardan kitabı bir qrup oxuyub”.

Yazar Cəlil Cavanşir hesab edir ki, yaşadığımız cəmiyyət əslində heç də oxuyan kütlə deyil: “Getdikcə amlayırıq ki, hamının oxumaq borcu yoxdur. Oxumağı az bir təbəqə bacarır”.

Keçmişdə daha çox kitab oxunduğunu vurğulayan jurnalist Vüsal Məmmədov bunu yaşamış olduğu mühitin müqayisəsində göstərib: “Məsələn Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsəri. O kitab bizdə var idi və qonşular gəlib bizdən istəyirdilər ki, oxusunlar. İnsanlar bir-birindən xahiş edib alıb, oxuyudular. Əlibala Hacızadənin “İtkin gəlin” əsəri o qədər oxunmuşdu ki, cildi sürtülmüşdü”. V. Məmmədov onu da qeyd edir ki, Azərbaycanda kitaba meyl göstərməyə başlayan gənclik yetişməkdədir.

Aparıcı Fizzə İsmayılova kitab oxumamağın əsas səbəbini sosial şəbəkələrdə görür: “Hazırda feysbuku açmışıq, onlayn. Mənə elə gəlir ki, hər kəs kitab oxumaq əvəzinə, bizim müzakirəmizi izləyir”.  F. İsmayilova, sonuncu dəfə 5-6 il bundan əvvəl kitabxanada olduğunu söyləyib: “Mən kitabı yazarın adına görə axtarıram, bir dəki əsərin adı mənə maraqlı gəlir”. 

Rafiq Həşimovun fikirlərinə görə, telefon meydana çıxandan sonra tamam başqa insan növü meydana gəlib: “Köhnə nəsil olaraq tamam başqa sivilizasiya ilə üzbəüz gəlirik. Bir neçə il öncə dostlarımdan biri demişdi ki, sənə elə gəlmirmi ki, yeni texnologiyalar kitabı məhv edəcək?” R. Həşimov onu da vurğulayıb ki, hərm kəsin yazması mütləq deyil, belə ki, keyfiyyət aşağı düşə bilər.   

Azərbaycanda satılan kitabların qiymətlərini araşdıran Vüsal Məmmədov, yerli kitabların təxminən 10 manat, əcnəbi kitabların isə 20-30 manat arasındadır: “Bu bahadır, buna heç cür ucuz demək olmaz. Tərcümənin keyfiyyətinə də irad tutmaq olar. Sovet vaxtında kitablar dəyərindən ucuz satılırdı”. V. Məmmədov kitabların baha satılması problemini, bazarda tənzimlənmənin olmaması, həmçinin rəqabətlə əlaqələndirir.   

Rafiq Həşimov seçdiyi və oxuduğu ilk kitabın Azərbaycan dilinə tərcümə edilmiş, Danilel Defonun “Robinzon Kruzonun macəraları” olduğunu söyləyib: “Kitablar adamlara bənzəyirlər, çoxlu adamlar görürsən, bəziləri ilə dostluq edirsən”.

Cəlil Cavanşir hesab edir ki, ömür qısa olduğundan, vaxtı boş-boş kitablara sərf etmək düzgün deyil: “Əvvəllər dostların məsləhəti ilə oxuyurdum, indi isə seçdiyim müəlliflər var. Oxucuya zövq diktə etmək düzgün deyil”. Azərbaycanda kitab oxumaq üçün müxtəlif yolların mövcud olduğunu söyləyən Cəlil Cavanşir, kitab almağa imkanı olmadığı vaxtlarda, özünün də bukkafedən kitab götürərək oxuduğunu etiraf edib: “Təəssüf ki, əyalət kitabxanalarına gedən kitabların qatı açılmır. Mən bunu Oğuzda da gördüm, Şəkidə də gördüm”.  C. Cavanşir kitab oxuyanları qınayanlara qarşı tənqidi fikirlər səsləndirib.

Vüsal Məmmədov hesab edir ki, yüngül kitab anlayışı yoxdur, sadəcə bu cür kitablar, ekrandakı sabun operasının kitab variantıdır: “Sesilya Aherman adlı yazıçı var, dünyada ən çox satılan yazarlardandır, aldım, dörd səhifə oxudum. Çünki vaxt ömrümün ən qiymətli səhifəsidir”. V.Məmmədovun sözlərinə görə insanın intellekti olmalıdır ki, onu bizə gözəl texnika ilə təqdim etsin.   

Rafiq Həşimov, zəif ədəbiyyatın media təbliğ edilməməsinin tərəfdarı olduğunu vurğulayıb.

 

Müəllif | Apa.Tv
İlham Tumas