Milli mentalitetimiz: nələr daxildir, nələr yox?
Vaxtaşırı cəmiyyətdə, eləcə də mətbuatda, sosial şəbəkələrdə milli mentalitetlə bağlı müxtəlif müzakirələr aparılır. Milli mentalitet deyəndə nəyi başa düşürük? Mentalitetə hansı dəyərlər sistemi daxildir? Bu kimi mövzular təbii ki, həmişə müzakirə olunmaqdadır. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsində bu suallar ətrafında qızğın fikir mübadiləsi aparılıb.
Millət vəkili Aydın Hüseynova görə milli xüsusiyyətlər necədirsə, biz həmin xalqıq və qloballaşan dünyada biz öz dəyərlərimizi saxlamalıyıq: “Mental dəyərlərimizin kökləri folklorumuzdadır, ədəbiyyatımızdadır, ənənələrimizdədir, tariximizdədir. Ancaq bununla belə o demək deyil ki, biz bunları mühafizəkarcasına yanaşıb saxlamalıyıq. Məsələn Kosa ilə Keçəlin dialoqunda arvadı vurdum öldürdüm məsələsi”. A. Hüseynov hesab edir ki, hünər, qeyrət, namus milli dəyərlərdir.
Müğənni Roza Zərgərliyə görə milli mentalitet sözünün arxasında şüuraltı gizlənən insanlar var: “Milli mentalitet nədir? O sənin ənənəni, tarixini qorumaq məsuliyyətini daşıyır. Sən sadəcə öz tarixi kökünü qoruya-qoruya gətirirsən. Əgər milli mentaliteti qoruyursansa, niyə xəncər taxmısan”. Roza Zərgərli hesab edir ki, milli dəyərləri, tarixi bilməyən insanlar, mentalitet altında başqa işlərlə məşğuldurlar: “Kimsə kürəyi açıq geyinirsə, ona deyirlər ki, milli mentalitet qorunmur. Axı geyimlə milli mentalitet olmur”.
Psixoloq Gülər Məmmədovanın sözlərinə görə milli mentalitet sözünün dəqiq tərifi yoxdur: “Ora davranış tərzi, təfəkkür tərzi, adət-ənənə, ünsiyyət, tariximiz, keçmişimiz daxildir. Cəmiyyətin qəbul etdiyi dəyərlər sistemi var. Amma nədənsə mentalitet sözünə psixoloji müdafiə kimi baxırlar. Siqaret çəkmək mentalitetə aid olmamalıdır. Bu vərdişdir”. G. Məmmədova hesab edir ki, mentalitetin kökü ailədən, ailə tərbiyəsindən irəli gəldiyindən, hər kəs buna fərqli şəkildə yanaşır: “Bununla belə, qəbul olunmuş stereotipləri qırmaq olmaz”.
Müğənni Roza Zərgərli, gəlin olduğu regionda mentalitet anlayışın güclü olduğunu vurğulayıb: “O ailə üçün böyük insanın yanında dünyaya gətirdiyin övladı qucağına almaq ayıbdır”.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayevin sözlərinə görə əgər mentalitet sağlamlıq məsələlərinə toxunursa, ziddirsə, təbii ki, o mütləq dəyişdirilməlidir: “İnsan siqaret çəkir, digər hüquq ona toxunanda, ona zərər gətirir. Qadınların 41%-i bu gün evlərində tütün tüstüsünün təsirinə məruz qalır. Tütün tüstüsünün tərkibində 7000 maddə var”.
Aydın Hüseynov da hesab edir ki, siqaret çəkməyin milli dəyələrə heç bir aidiyyatı yoxdur: “O qaldı saç-saqqal saxlamağa, bu artıq zövq məsələsidir. Avropada tarixi şəxsiyyətin hamısı saqqalda olub. İndi elə şeylər yoxdur. Zamanın özünün xalqlara, bəşəriyyətə diktə etdiyi keyfiyyətlər var”.
Roza Zərgərlinin fikirlərinə görə mentalitet zamanına görə qorunmalıdır: “Məsələn mən yerinə görə müxtəlif cür geyinə bilərəm”.
Psixoloq Gülər Məmmədova isə ailələrdə milli kimliyi, özünədərkin təkmilləşdirilməsinin vacib olduğunu vurğulayıb.