28 aprel: işğal, yoxsa Sovet Azərbaycanı günü?

1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hakimiyyət bolşeviklərin əlinə keçdi. Bu tarixdən bu gün 97 il ötür. 28 aprelin həmişə işğal olduğunu qeyd etmişik və bu gün də bu fikirdəyik. Amma elələri də var ki, heç də bu tarixin işğal olmadığını qeyd edir. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında 28 aprel tarixi ilə bağlı qızğın müzakirələr aparılıb.

Vahid Azərbaycan Kommunist Partiyasının Baş katibi vəzifəsini icra edən Musa Tukanov hesab edir ki, 28 aprel bütün zəhmətkeşlərin bayramıdır: “ Burada heç bir işğal yoxdur. Çünki rəsmi qaydada Azərbaycan dövləti adından dəvət olunub. Ordunun gəlməsində Türkiyənin də rolu olmuşdu. XI Ordu gələndə hakimiyyət bolşeviklərin əlində idi”. M. Tukanov onu da vurğulayıb ki, Azərbaycan xalqı, o cümlədən gənc nəsil Sovet İttifaqının yaxşı dövlət olduğunu bilməlidir.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov qeyd edib ki, əgər Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət olmasaydı, dünya dövlətləri onu tanımazdı: “280 dənə milli anlayış bu dövlətin adı ilə bağlıdır. Bir Sovet Rusiyası ilə müqavilə bağlaya bilmədi, bir də Ararat Respublikası ilə. Lenin martın 17-də Qafqaz Hərbi Şurasının üzvlərinə nə yazırdı? Yazırdı Bakı zəbt edilməlidir. Əgər Bakı özgə şəhər deyildisə, niyə zəbt olunmalı idi?” A. İsgəndərov onu da qeyd edib ki, artıq aprel ayının 25-dən 26-na keçən gecə XI ordu sərhəddi keçmişdi: “Yalnız Yalama istiqamətində 200 nəfərlik ləzgi koprusu əmrə tabe olmadı və onlar şəhid oldular”. A. İsgəndərli onu da əlavə edib ki, XI ordunun qabağında qatarda gələn,  hələ 1918-ci ildə Azərbaycanda olmuş Xəlil paşa idi.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə həmin dövrdə bolşeviklərin Azərbaycandakı sosial bazası zəif idivə onlar hakimiyyəti götürmək iqtidarında deyildilər: “XI  Qızıl Ordu gəldi və hökumətə ultimatum verdi”. XI ordunun Azərbaycana gəlişində Türkiyə faktoruna toxunan A. Aşırlı onu da söyləyib ki, əslində Mustafa Kamal Atatürklə Sovet hərbi elitası arasında anlaşma var idi, amma bu anlaşma qətiyyən Azərbaycanın müstəqilliyinə qarşı deyildi.

 Musa Tukanov o dövrdə müsavatçıların hakimiyyətə gəlməsinə baxmayaraq, hakimiyyəti idarə edə bilmədiklərini söyləyib: “Bunlarımn ən birinci səhvi o oldu ki, Tiflisdə ola-ola İrəvanı paytaxt kimi Ermənistana verdilər. 7000-ə yaxın insan oradan vəhşicəsinə qovuldu. Bu Azərbaycanda vəziyyəti pisləşdirdi. Bundan başqa müsavatçılar nefti Rusiyaya satmaq istəmirdilər. Camaatın vəziyyəti çox pis idi. Camaat qalxırdı ayağa. Bolşeviklərin müdafiə etdikləri sinif, fəhlə-kəndli sinfi idi”. M. Tukanov iddia edir ki, Qazax və Tovuz əhalisi həmin dövrdə Xalq Cümhuriyyətinin hakimiyyətindən imtina etmişdilər: “Əgər siz belə yaxşı dövlət idinizsə, niyə sizi bir nəfər müdafiə etmədi?”

Akif Aşırlı, Nəriman Nərimanovun Azərbaycana gəlişinə qədər, yəni 15 may tarixinə qədər 20.000 adamın qətlə yetirildiyi faktı qabardıb: “Niyə 20.000 insan qətlə yetirildi? Firudin bəy Köçərlinin nə günahı var idi ki, Qazaxda seminariyanın rəhbəri olduğu halda qətlə yetirdilər”. A. Aşırlı həmçinin Musa Tukanovun Qazax və Ağstafanın hakimiyyətə tabe olmadığı barədə səsləndirdiyi fikirlərlə razı olmadığını bildirib.

Anar İsgəndərov söyləyib ki, Xalq Cüumhuriyyəti nefti su qiymətinə təklif etsə də, Sovet Rusiyası onu almaqdan imtina etdi: “Çar Rusiyasının sərhədləri haranı əhatə edirdisə, Sovet Rusiyası da həmin əraziləri işğal etdi”. A. İsgəndərov onu da əlavə edib ki, Azərbaycan öz ərazilərini Sovet Rusiyası dövründə itirdi: “Qafqaz bürosunun qərarı ilə Qarabağ Ermənistanda verildi. Amma Nərimanovun sayəsində Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət kimi qaldı”.

Akif Aşırlı hesab edir ki, Azərbaycanın 70 illik sovetlər dönəminin üzərindən heç kim xətt çəkə bilməz.

Nərimanovun inqilabi fəaliyyətindən bəhs edən Anar İsgəndərov, sonda onun da peşiman olduğunu və öz peşimançılığını “dəhşətli məktub”da yazdığını qeyd edib.

Musa Tukanov hesab edir ki, 28 aprel hakimiyyətə əzilən sinfin gəldiyi tarixdir. 

Müəllif | Apa.Tv
Apa.tv