Həyatımın qəhrəmanı

Demək olar ki, hər kəs önünə çıxan qisməti qamarlamağa, şansını yaxalamağa meyllidir. Hər kəs bir yerdən işə başlayıb, irəliyə doğru gedir və şanslı olanlar ucalır...


O da iş həyatına bir yerdən başladı. Ancaq önünə çıxan şansını qızıl teştdə başqasına ötürdü. Özünə qalsa, indi incəsənət aləmində barmaqla göstərilən aktyorlardan idi. Ancaq xanımının istəyi və təkidi onu durduğu yerdən irəliyə doğru addımlamağa imkan vermədi, sadəcə Kərim Məmmədov olaraq saxladı. Əhvalatın təfərrüatını Kərim dayının özündən dinləyək:

“1966-cı ildə hərbi xidmətdən gələndən sonra bir tanışımızın vasitəsilə kinostudiyaya sürücü düzəldim. Orada demək olar ki, bütün rejissorlarla işləmişəm. Səhər-səhər maşınla rəhmətlik Ədil İsgəndərovun dalınca getmişdim. Onu maşınla kinostudiyaya gətirdim. Maşından düşəndə dedi ki, qadam, burda gözlə, indi gəlirəm, gedəcəyik. Bir saat, saat yarım keçdi, Ədil müəllim gəlmədi. Onun gəlmədiyini görəndə dedim ki, gedim bir stəkan çay içim, gələrəm. Çay içməyə getməyimlə, Ədil müəllim də gəlib. Bir sürücü vardı, adı da Atabala idi. Bu zaman maşını saxlayaraq - “Ədil müəllim, oturun aparım”, deyir. O da görür maşın yoxdur, gecikir, oturub gedir. Mənə də dedilər ki, Ədil İsgəndərov başqa maşına oturub getdi. Tez maşını arxalarınca sürdüm. Keçmiş “Taksimotornu”nun yanında həmin taksiyə çatıb, maşını onun qabağında saxladım. O boyda kişi sakitcə maşından düşüb gəlib mənim maşınıma oturdu. Yolumuza davam etdik. Mərkəzi Komitənin yanına çatıb saxladım. Düşəndə dedi: “Mən buradan çıxanda kefim kök, papağım da başımda olsa, sən mənimlə gedirsən, yox, başımda papaq olmasa, sən məni aparmırsan, hesab elə ki, işləmirsən...”

Aradan bir müddət keçəndən sonra gördüm Ədil müəllim çıxdı, papaq da başında. Maşına oturub gedəndə birdən qayıtdı: “Qadam, adama sözü deyəndə qulaq asar, mən bura geciksəydim, o mənə nəsə desəydi, mən də məcbur olub sənə nəsə deməliyidim. Çalış, bir də belə etmə”. "Bağışla, Ədil müəllim, bir də etmərəm", dedim.

“Baladadaşın ilk məhəbbəti” filminin çəkilişləri zamanı rejissor Fikrət Əliyev o rola məni çəkmək istəyirdi, təsdiq də olunmuşdu. Ssenarini mənə verdilər ki, apar, evdə oxuyarsan. Gəldim evə, yoldaşıma dedim ki, ssenari veriblər, filmə çəkilirəm. Yoldaşım mətni alıb oxumağa başladı və birdən dedi: “Bu nədir, dənizdə qızla çimirsiniz, sonra da sən onu qucağında saxlayacaqsan? Olmaz, çəkilmə”. Dedim: “Təsdiq olunub, bəs necə olacaq?” Arvad bir iki ayağını bir başmağa dirədi ki, olmaz, vəssəlam. Axırda əlacsız qalıb gedib dedim ki, mən çəkilmirəm. Hamısı birağızdan: “Nə danışırsan, bu qədər iş görülüb, hamısı da sənin üstündə qurulub”, dedilər. "Arvad icazə vermir" - dedim.


Dilxor olmuşdular. Nəhayət, çox müzakirədən sonra Şamili çəkəsi oldular. Bax, beləcə, yoldaşımın istəyi ilə öz arzumdan əl çəkdim".

Müəllif | Apa.Tv
İlham Tumas

OXŞAR XƏBƏRLƏR