Həmişə gülümsəyin

Bütün peşələr onu sevənlər üçün müqəddəsdir. Seçdiyi peşəyə cani-dildən aşiq olub, onu dərindən mənimsəyənlər işinin ağası olar, deyiblər. Bugünkü qonağımız peşəsinin vurğunu olan diş həkimi Səbuhi Mikaylovdur. Səbuhi həkim insanların yuxusunu ərşə çəkən ağrılara çarə etməklə bərabər, həm də iç dünyası zəngin olan bir söz və qələm əhlidir. Qalanını həkimin öz dilindən eşidək: “Arzum zərgər olmaq idi. Ailə üzvlərimlə bu haqda söhbət edəndə, anam həkim olmağımı məsləhət gördü. Anamı istəyi ilə həkim olmaq qərarına gəldim. Ailə üzvlərim dişlərini düzəltdirmək üçün həkim yanına gedəndə, mən də onlarla gedərdim və həkimin necə işlədiyinə fikir verərdim. Beləliklə, stomatologiyanı sevməyə başladım və gələcəkdə diş həkimi olacağıma söz verdim.

Bütün sahələrdə olduğu kimi, bu işin də öz çətinliyi var. Bəzən beş dəqiqəlik iş 30-35 dəqiqə uzanır. Hətta gözləmədiyin halda elə problemlər çıxa bilər ki, bütün işləri alt-üst edər. Ona görə də daim ehtiyatlı olmaq lazımdır. Həkimlik peşəsinin görünən və görünməyən tərəfləri var. Xəstə ilə ünsiyyətdə olan zaman, dişlərini düzəltdiyin vaxt işin görünən tərəfidir. Ancaq keçirilən stress, həyəcan və s. kimi hallar görünməyən tərəfə aiddir.


İşə yeni başladığım zamanlarda xəstənin dişinin ölçüsünü götürürdüm. O vaxtlar gipsdən istifadə edirdik, indiki kimi geniş və müasir üsullar yox idi. Deməli, başım digər işə qarışıb və bir də onda baxdım ki, gips xəstənin ağzında tamam bərkiyib. Birtəhər, güc-bəla ilə çənəni açıb, gipsi çıxarmışıq. Bu hadisədən sonra həvəsdən düşdüm, ancaq bir müddət sonra hər şey öz yoluna düşdü.
 

Burada bir çox insanların, xüsusən imkanı olmayanların dişlərini düzəldəndə, onları ağrıdan xilas edəndə özümü xoşbəxt sanıram. Nə yaxşı ki, bu sənəti seçdim, deyirəm. Əgər bir xəstənin imkanı yoxdursa, heç vaxt ona gördüyüm işə görə qiymət demərəm. Belə olanda mənim üçün maddiyyat ikinci planda qalır.
 

Bəzi hallarda xəyallara dalıram. Bu zaman ya ruha xoş gələn musiqiyə qulaq asıram, ya da şeir yazıram.
 

Dostlarımın çoxu incəsənət adamlarıdır. Boş vaxtlarımda onlarla bir yerdə olur, hərdən onların iş yerlərinə gedirəm. İncəsənət aləmi adamın ruhunu saflaşdırır.
 

İşdən əlavə vaxtda iş otağımda oturmuşdum. Bir də gördüm ki, yuxarıdakı mərtəbədən su damır. Su artaraq otağın təmirini bərbad etdi. Yuxarı qalxıb qonşunu məsələdən hali etdim. O da qayıtdı ki, oğul, yaşlı adamam, su kranını açıq qoymuşam, xəbərim olmayıb, bağışla. Otağa su damlayan zaman şeir yazırdım. Qonşuyla danışandan sonra gəlib, şeirimə bu bəndi əlavə etdim:
 

Təkcə mən deyiləm zülmlü gündə,
Yuxarıdakı qonşu da dərd içindədir.
Dərdini açıq qoyub görəsən nədir,
Yuxarıdan aşağı dərd yağır evə.

Müəllif | Apa.Tv
İlham Tumas

OXŞAR XƏBƏRLƏR