Ölümdən o yana
1992-ci ilin soyuq fevralını kimsə unutmadı. O gün orada bəşəriyyətin ən qanlı və qəddar cinayətləri törədildi. O gün Xocalıda kimsəyə aman vermədilər. Nə körpələrə, nə hamilə gəlinlərə, nə də ağbirçək və ağsaqallara rəhm edildi. O gün Xocalıda elə bir ailə olmadı ki, ən azı bir neçə yaxınını itirməsin. O gecənin ağrı və acısını dadmış, bir gecədə ata-anasını, bacısını və digər yaxınlarını itirmiş, özü isə möcüzə sayəsində sağ qalmış Xocalı sakinlərindən biri də ayaqlarını şaxta aparan Xədicə Orucovadır. O günləri bir daha Xədicə xanımın dilindən dinləyək:
“Səs-küydən qulaq tutulurdu. Xüsusən də uşaqların çığır-bağırına dözmək olmurdu. Qonşumuzda Vüqar adında bir oğlan vardı. Bir də gəldi ki, nə durmusunuz, ermənilər ruslarla birlikdə şəhərin mərkəzinə doğru irəliləyirlər, heç olmasa, qadın və uşaqları çıxarıb meşəyə çəkilin.
Yır-yığış edib evdən çıxdıq. Yenicə yola düzəlmişdik, birdən anam qayıtdı ki, siz gedin, mən gedim evdən sənədləri götürüm, gəlirəm. Anam bir az gedib geri döndü, atəş hər yanı bürümüşdü, getmək mümkün deyildi. Toplardan atılan mərmilər evləri darmadağın edirdi. Şəhərin kənarında, meşəlik tərəfdə dəmiryolu vardı. Gəlib ora çatanda gördük ki, bütün şəhər camaatı hamısı oradadır.
Orada dayanmayıb yolumuza davam etdik. Qarqar çayına çatanda güllə yağışına düşdük. Qulağımızın dibindən vıyıltıyla güllələr uçuşurdu. Qışqıran kim, yıxılan kim, yaralanan kim, ölən kim... Bir sözlə, sanki dünyanın sonu idi. Hər kəs öz canını götürüb qaçırdı. Qarqar çayının suyu da çox idi. Qışın günü, hər yan qar, su da buz kimi... Bu çayın suyu yayın istisində də soyuq olurdu. Çaya çatanda böyük bacım dedi ki, gəl, ikimiz suya girək, anam və uşaqları keçirək, onlar islanmasın. Ancaq sudan tək-tək keçmək mümkün deyildi, əl-ələ tutub keçməliydin ki, su aparmasın...
Anamın vəziyyəti yaxşı deyildi. Atamın da halı birtəhər idi. Atam döyüşdə başından və ayağından yaralanmışdı...
Camaat burada da bölünməyə başladı. Hər kəs canını qurtarmağa çalışırdı. Anamın bir qoluna bacım, o biri qoluna da mən girdim. Bacımın körpə qızını artıq götürə bilmirdim, yorulmuşdum, özümdən kiçik bacıma verdim ki, o götürsün.
Bir xeyli dağa dırmanmışdıq ki, atamın təklifi ilə bir az dincəldik... Bizimlə birlikdə məhsəti türkü olan bir ailə və Xocalıdan olan başqa adamlar da vardı. Atam və başqa kişilər ağac budaqlarından toplayıb ocaq qaladılar. Həddindən artıq yorulmuşduq, qarın üstə oturub bir-birimizə söykənmişdik ki, azca isinək. Ayağım soyuqdan keyidiyindən ocağın içinə salsam da, istini hiss etmirdim. Anamın paltosunu qarın üstə sərib onu uzandırdıq. Başa düşmürdük ki, anam ölüm ayağındadır. Yanımızda yaşlı bir qadın vardı, o dedi ki, ananızın vəziyyəti ağırdır. Heç yarım saat keçməmiş 16 yaşlı bacımın da vəziyyətinin ağırlaşdığını gördük. Dedi ki, mən daha gedə bilmirəm, taqətim yoxdur. Yazıq heç danışa da bilmirdi. Beləcə, bir az da onun yanında oturduq. Bir müddətdən sonra bacımın rənginin tamam saraldığını gördük. Ancaq atam hələ bilmirdi ki, artıq bacımızı da itiriririk...
Gecənin bir vədəsiyidi. Yolunumuz üstə bir hasar çıxdı. Öz-özümüzə dedik ki, meşənin içində bu nə hasardı belə? Həddindən artıq yorulduğumuzdan küləkdən qorunmaq üçün hasarın dibində oturduq. Atam isə bizdən bir az aralı oturmuşdu. Yorğun olduğumuzdan bizi yuxu tutub yatmışıq. Ayılanda artıq səhər idi və baxdım ki, erməni qəbristanlığının yanındayıq. Başdaşlarına ermənicə yazılar yazılmışdı. Bacıma dedim ki, biz erməni kəndinin yanındayıq, siz burada gözləyin, gedim atamı çağırım gəlsin. Bacım atama tərəf getdi. Bir də gördüm, bacım ağlaya-ağlaya gəlir. “Atamızı da itirdik, tamam başsız qaldıq” - deyib yerə oturdu. Bu zaman gözüm ayaq barmaqlarıma sataşdı, baxdım ki, barmaqlarımın yarısı qopub. İstədim qopardım, amma qorxdum ağrıyar. Dırnaqlarımı qopardım, gördüm ki, heç nə hiss eləmirəm. Fikir vermədim, öz-özümə - "Dırnaqdır, sonra çıxar", deyib ayağa durdum. Ancaq bilmirdim ki, ayaqlarımı tamam itirmişəm.
Ən böyük arzularımdan biri də yaşadıqlarımı – xoş günlərimdən, tutmuş acılarıma, itirdiklərimə kimi hamısını toplayıb bir kitab yazmaqdır.
Ayağımdakı protezlər köhnəlib, iplə bağlanır. Sıxanda sinirlərə təsir edir. Həkimlər dedilər ki, onu dəyişməsən, sinirləri əzib sıradan çaxarar və ömürlük yataq xəstəsi olarsan. İndi istəyirəm ki, bu protezləri dəyişim, heç olmasa, geridə qalan sağlamlığımı itirməyim”.