Millət vəkili Jalə Əliyeva niyə peşmandır?

“Ailəmlə bağlı qərarları heç vaxt təkbaşına vermirəm. Parlamentdə düyməni basıb təkbaşına qərar verirəmsə, ailədə hər şeyi məsləhətləşməliyəm”. Bu sözləri APA TV-nin efirində yayımlanan “Kimsən sən” verilişinin qonağı, millət vəkili  Jalə Əliyeva qızı Müjganla söhbətində deyib.

 

Ailədə tək övlad olsa da, uşaqlıqda nadinc olmadığını deyən millət vəkili xatirələrini bölüşüb:  “Mən yalnız nənəmgilə gedəndə dəcəllik etmişəm. Bu da yəqin ərköyünlüyümdən irəli gəlir. Amma ümumilikdə, qızımdan fərqli olaraq, sakit uşaq olmuşam. Əslində, nadinclik uşaqlar üçün qüsur hesab olunmur. Mənim nadincliyimin yeganə səbəbi o idi ki, anam işə gedəndə evdə tək qalmaq istəmirdim, bircə bunu nəzərə almasaq, heç çətin uşaq olmamışam. Anam həmişə efirdə olurdu, aparıcı idi. Bu səbəbdən məni də özü ilə apara bilmirdi”.

 

Ziyalı ailəsində böyüyən Jalə xanım uşaqlıqdan ədəbiyyata marağı olduğunu deyib: “Anam qələm adamı olub, yazıb-yaradıb. Həmişə mənə sual verirlər ki, niyə ananın sənətini davam etdirmədin? Ancaq mənim bu sahəyə marağım olmayıb. Filoloq olmaq istədim və oldum. Atam müəllim idi. Aldığı az məvacibə baxmayaraq, məni hər şeylə təmin etmək istəyirdi. Meyvələrin ən bahalı vaxtında belə məni bazara aparıb, ürəyim nə istəsə, onu da alırdı. Amma mən meyvələrin qiymətinə baxıb atamın maaşını hesablayırdım. O zaman da bir çox  istəklərimdən imtina edirdim”.

 

Jalə Əliyeva ürəyiyumşaqlığın bəzən ona mane olduğunu deyib: “Həddindən artıq mərhəmət, yumşaqlıq, güzəştə getmək mənə mane olur. Bu xüsusiyyətlərimdən bəzi insanlara pay düşməməlidir. Bilirəm ki, bəzilərinə bunu etməməliyəm, sonra əziyyətini özüm çəkirəm. Hər şeyin artığı insana ziyan gətirir”.

 

Qonaq hüquqşünaslığa həvəsinin necə yaranmasından danışıb: “Oxuduğum kitabların içərisində detektiv və macəra ədəbiyyatı çoxluq təşkil edib. O detektivlər məndə hüquq sahəsinə meyl oyatmışdı. Deyirdim ki, oxuyub çox yaxşı müstəntiq olacağam. Gözümü yumub düşünürdüm ki, açıqlamayan bütün cinayətləri mən açacağam. Bütün incə xüsusiyyətlərimə baxmayaraq, özümdə bir kişi obrazı da yaratmışdım. Amma iş elə gətirdi ki, mən hüquq fakültəsinə sənət verə bilmədim. Çünki o zamanlar ziyalı ailəsindən uşaqların hüquq fakültəsinə qəbuluna qadağa qoyulmuşdu. Fikrimi bir anda dəyişib dilçilik fakültəsini seçmək məcburiyyətində qaldım. Hüquqşünas olmaq istəyim 15 il ürəyimdə qalsa da, sonradan ikinci təhsilimi məhz hüquq fakültəsində aldım”.

 

“Milli Məclisdə qərar vermək çətindir, yoxsa evdə?” sualına millət vəkili özünəməxsus şəkildə cavab verib: “Əgər mən parlamentdə təmsil olunuramsa, deməli, insanların əvəzinə qərar verməyi bacarıram. Milli Məclisdə qərar verərkən çox böyük məsuliyyət hiss edirəm. O qərar asan başa gəlmir. Çünki o qərarları verəndə mən artıq mən olmuram. Gözümün önünə millətim gəlir. Mən düşünürəm ki, hansı addımı atım ki, vətəndaşlarım üçün faydalı olsun. Ailədə də qərar vermək çətin məsələdir. Ailədə qərar verəndə digər ailə üzvlərini düşündüyüm kimi, qərarımın düzgün olub-olmadığını da götür-qoy edirəm. Mən ailə ilə bağlı qərarlarımı da heç vaxt təkbaşına vermirəm. Parlamentdə düyməni basıb təkbaşına qərar verirəmsə, ailədə hər şeyi məsləhətləşməliyəm. Bütün qərarlarımı böyüklərlə məsləhətdən sonra verirəm”.  

 

Jalə Əliyeva həyatının ən böyük peşmançılığını da dilə gətirib: “Məktəbdə Aliyə müəllimim var idi. Biz onunla ana-bala kimi idik. Mənə qızı kimi davranırdı, mən isə onu mənəvi anam hesab edirdim. Ondan ayrı qalmağım mümkün deyildi. Ancaq necə oldusa,  toyuma Aliyə müəlliməni dəvət etməyi unutdum. Bunu hələ də özümə bağışlaya bilmirəm. Aliyə müəllimənin könlünü almaq üçün nə edəcəyimi bilmirdim. Bir dəfə eşitdim ki, məktəbimiz haqqında veriliş çəkiləcək. Mən də rəssama Aliyə müəllimənin rəsmini çəkdirdim və çəkiliş zamanı həmin portreti də götürüb məktəbə getdim. Bu, müəlliməmin çox xoşuna gəlmişdi”.

 

Türkan Məmmədli, APA TV.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR