Elməddin Cəfərov: "Türk serialları ilə ayaqlaşa bilən yeganə iş "Bacanaqlar”dır"

“Mənim adımı bibim verib. Hələ mən doğulmamışdan öncə Əlibala Hacızadənin “İtkin gəlin” əsəri çox məşhur idi. Bibim o əsərdəki  Elməddin adını çox bəyənibmiş. Sonradan həmin adı mənə verib. Adımın mənası din elmi mənasına söykənir”

Bunu APA TV-nin “Kimsən sən” verilişində aktyor Elməddin Cəfərov deyib.

 

Övladlarının suallarını cavablandırarkən onu sevən adamlardan da danışıb:

 

“Bilmirəm məni kimlər sevmir. Amma məni sevən insanlar öz ətrafımda, yaxınımda olanlardır. Ümumi bir yanaşma var, əgər insan məşhurdursa, mütləq onu sevməlidirlər. Mən belə düşünmürəm və ümumiyyətlə mənim üçün "fanat" anlayışı yoxdur”.

 

Qonağımız qeyd edib ki, o, aktyor olmaq eşqinə sonradan düşüb:

“Mən həyatda qarşıma məqsəd qoymamışdım ki, Elməddin olacağam. Ya tarix ya da din müəllimi olmaq istəyirdim. Sonralar aktyorluq da keçdi ürəyimdən. Ancaq peşəmdən asılı olmayaraq mən heç vaxt qarşıma məqsəd qoymamışam ki, gəlib bu yerlərə çıxmalıyam. Həyatı axarına buraxdım. Təbii ki, içimdə bir inam da var idi ki, aktyorluğun ardınca getsəm, nəsə alına bilər.   Mən heç vaxt şöhrət dalınca qaçmamışam. Yalnız ailəmi və onları necə dolandıracağımı fikirləşmişəm. Tərifləyən də tənqid edən də çox olub. Amma mən ancaq işimi görmüşəm. Heç kimə qulaq asmamışam, gülümsəyib keçmişəm. İş mənim üçün ayaqda durmaq üçündür. Zatən mən tarixdə qalan adam olmaq istəmirəm”.

 

 

Elməddin çəkildiyi “Bacanaqlar” seriyalından da danışıb:

“Bizdə yeni iş ən gec qəbul olunan şeydir. Yeni bir iş ərsəyə gətirirsən, bəyənmirlər. Sonra köhnəlib tarixə düşür. Röya yeni başlayanda onu heç kim qəbul etmirdi. İndi onun fanatları az qala doqquz  milyondur. Altı il öncə “bacanaqlar” seriyalının çəkilişinə başladıq. Heç kim bəyənmirdi. Amma indi 200-dən çox bölümünə baxılıb. Məhz “Bacanaqlar” türk serialları ilə ayaqlaşa bilən yeganə işdir”.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR