Fərqanə Qasımova: "Həyatda hər şey qismətə bağlıdır”


“Uşaq vaxtı heç kim özünə inanmır. Amma valideynlər öz uşaqlarına inanırlar. Balaca olanda atam mənə dəf çalmağı, təsniflər, mahnılar, anamsa mənə qəzəlləri öyrədirdi. Bu minvalla 16 yaşıma qəlib çatdım və anladım ki, məhz muğam yolu ilə çıxacağam. Artıq arzularım bu sənət üzərində qurulmağa başladı” 
APA Tv-nin “Kimsən Sən” verilişində qonaq olan xanəndə Fərqanə Qasımova belə deyib: 
 
Xanəndə atası, xalq artisti Alim Qasımovun onun yaradıcılığındakı rolundan da danışıb: 
 
“Bəlkə də atam müəllim, həkim və ya başqa sahənin adamı olardı, o zaman məni yenə də öz istiqamətində yönəldərdi. Ancaq fakt odur ki, mən musiqiçi ailəsində doğulmuşam və məhz bu yolla gedirəm. Əslində, bu həyatda hər şey qismətə bağlıdır”.
 
 
Fərqanə xanım qeyd edib ki, Alim Qasımovun davamçısı olmaq çox çətin məsələdir: 
 
“Mənim atam dahi insandır. Onun keçdiyi yolu getmək çox əziyyətli və çətindir. Ancaq mən heç vaxt yerimdə saymamışam. Hər zaman irəli getməyə çalışmışam. Kimdənsə geri qalmayım deyə üzərimdə çalışıb, məsuliyyətli olmuşam”. 
 
Fərqanə Qasımova muğamla bağlı maraqlı bir müqayisə də edib:
 
 “Muğam elmdir. Muğamın - atası anası elə özüdür. Tar, kamança, qaval və digər istifadə olunan musiqi alətləri isə muğamın nəvələridir, məncə. Muğamda həm də fəlsəfə və dərin düşüncə olmalıdır”. 
 
Xanəndə musiqinin başqa janrına müraciət etməməsinin səbəbini də açıqlayıb: 
 
“ Muğamı sevib əsir düşmüşəm. Ona görə başqa janra həvəsim olmadı. Mən də gedib asan, rahat yolla kifayət qədər yaxşı pullar qazanardım. Mənim üçün həyatımı muğam yolunda sərf  eləmək həm borc həm də şərəfdir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR