Fəxri Uğurlu: "Silah verib demişdilər ki, düşmənlər gələndə vurun"

Fəxri Uğurlu: “Buna görə özümü bağışlaya bilmirəm"
 
 
“Evdə böyük uşaq mən olmuşam. Məktəbə qədər kəndə yaşamışam. Məktəbdə isə hər zaman əla qiymətlər almışam. Ali məktəbdə də bu ənənəm davam etdib. Yenə də əla qiymət alırdım”. 
Bu sözləri APA TV-nin "Kimsən sən" verilişində yazıçı, jurnalist Fəxri Uğurlu deyib. 
 
Fəxri bəyin yazdıqları sırasında demək olar ki, bütün mövzu və janrlara rast gəlmək olar. Bir tək uşaq mövzusuna heç vaxt üstünlük verməyib. Elə verilişimiz zamanı da bu məsələnin səbəbini açıqlayıb: 
 
“Uşaq hekayəsi yazmaq çətindir. Böyükləri yazaraq aldatmaq olur, uşaqları isə mümkünsüzdür, məncə. Ona görə bu mövzuya üstünlük verməmişəm”. 
 
Uşaq mövzusundan dini məsələlərə keçən yazar Allaha bağlılığından söz açıb: 
 
“Allah gözəldir. Kimin daxilində gözəllik varsa, onun Allah nurlu olduğu deyilir. Gözəgörünməz Allah hər yerdə var. Biz onu gözümüzlə görmürük. Amma mütləq qəlbimizlə hiss edirik”.
 
Bəs görəsən Fəxri Uğurlu nə qədər uğurlu insandır? Qonağımız bu suala belə cavab verib: 
 
“ Əslində mən heç vaxt bu suala özüm cavab verə bilməmişəm. Mənim fikrimcə, nə qədər uğurlu insan olub-olmadığımı dostlarım bilər. Uşaq yaşlarından yazar olmaq istəyirdim. Jurnalist olmağı planlaşdırmamışam. Bu sahəyə təsadüfən gəlmişəm. Qəzetə işə dəvət ediblər, elə o zamandan da bu işə başlamışam”.  
 
Xasiyyətindən söz açan Fəxri Uğurlu özünün bu günədək bağışlamadığı bir hərəkəti də var: 
 
“Mən bilmirəm necə insanam. Amma çalışmışam heç kimə pislik etməyim. Mənə ediblər bəlkə də, xəbərim yoxdur. Amma olsa belə pisliklə cavab vermərəm. Məktəbdə oxuyarkən bir dəfə  sinif yoldaşımı döymüşəm. Buna görə özümü bağışlaya bilmirəm. Ümumiyyətlə, özümdə sevmədiyim bir çox xasiyyətlərim var. Birincisi tənbəlliyimdir”.
 
Qonağımız həyat yoldaşı ilə tanışlığını da xatırlayıb: 
 
“Xanımla bir qurumda işləmişik. Elə orada tanış olmuşuq. Əvvəllər o tələbə idi. Biz isə artıq işləyirdik. Xanımım da redaksiyaya təcrübə keçməyə gəlirdi”.
 
Verilişin sonunda qonağımız ürəyində olan arzulardan da danışıb: 
 
 
“Mənim hələ ərsəyə gətirmək istədiyim çox arzular var. Hələ görmək istədiyim o qədər işlər var. Yaxşı və xalqa xeyirli övlad böyütmək istəyirəm”. 
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR