Nazim Hüseynov: "Özümüncüdo məktəbim olsa, 2020-ci ilə ən azı 3 medal söz verə bilərəm"

O zaman çətin dövrlər idi. Müharibə gedirdi. İdman sahəsində də çətinliklər çox idi. Bugünkü kimi idman kompleksləri yox idi. Dünyaya çıxmaq üçün ilk növbədə SSRİ-nin bütün respublikalarının idmançıları arasında fərqlənməli idin. Bu isə asan məsələ deyildi. Çox çətin idi. İndi Allaha şükür, indi Azərbaycan müstəqil dövlətdir və bizim idmanımız yüksək səviyyədədirlər ”.
 

Bunu APA Tv-nin “Kimsən sən” verilişində müstəqil Azərbaycanın ilk olimpiya çempionu, cüdoçu Nazim Hüseynov deyib. 
 
Qonağımız idman sahəsinin cüdo növünü seçməyinin səbəblərini də açıqlayıb: “11 yaşımda filmə baxmağa getdim. Film cüdo haqda idi. O filmdən sonra bu idman növünü sevdim və seçdim. Bu gün də mən cüdo ilə məşğulam və fəxr edirəm ki, bu idman növünü seçmişəm”. 
 
Söhbətin davamında Nazim bəy uşaqlığını da xatırlayıb: “Mən uşaqlıqdan dəcəl olmuşam. Ailədə böyük uşaq mən idim və çox davakar idim. Döyülürdüm də döyürdüm də. Dalaşmağı sevirdim. Yəqin elə o uşaqlıq xasiyyətimin bəhrəsidir ki, bu gün də görürəm. 1986-cı ildə məktəbi bitirəndə ali məktəbə qəbul oluna bilmədim. Ancaq artıq cüdo üzrə idman ustası idim. Universitetə qəbul olunmasam da atama kömək edirdim. Atamla bərabər evlər tikirdim. İşdən sonra yenə də məşqə qayıdırdım. İkinci il SSSRi çempionu oldum.  Həmin il də Bədən Tərbiyəsi institutuna  daxil oldum”. 
 
Nazim Hüseynov deyib ki, yaxşı idmançı yaxşı təhsil ala bilmir: “İdmançının dərs oxumağa vaxtı olmur. Çünki günün əsas hissəsi məşqlərə sərf olunur. Mən 5-ci sinfə qədər əlaçı idim. Sonra idmanla məşğul olduğum üçün dərsləri buraxdım. Yaxşı idmançı qarşısına məqsəd qoyur və peşəkar olmaq üçün illərlə çalışır. Həmin adamdan dərs oxuyan çıxmaz. İdmançı paralel olaraq yalnız dincəlməlidir. Keçdiyim bu yollara baxıram bəzən heyfislənirəm ki, daha çox uğurlar əldə edə bilərdim. Mən yolumu azdım. Sonra qaraciyərimdə problemlər yarandı və s. 

 

Ancaq indi fəxr edirəm ki, 20-ci əsrin ən güclü idmançısıyam. Amma idmanın əfsanəsi Namiq Abdullayevdir, mənim üçün. Çünki o əslində iki olimpiadanın qalibi olmalı idi. Birincidə hakimlərin qeyri obyektivliyi ucbatından çempion ola bilmədi. Amma biz hamımız onu yenə də qalib hesab etdik. Buna baxmayaraq ruhdan düşmədi və növbəti olimpiadada çempion oldu”. 

Verilişin sonunda Nazim Hüseynov arzusundan da bəhs edib: “Mənim ən böyük arzum cüdo məktəbimin olmasıdır. Məktəbim olsa 2020-ci ilə qədər hazırladığım uşaqlara ən azı 3 medal söz verə bilərəm. Beynimdə öz proqramım var. Ona uyğun hazırlaşdıraram idmançıları. Mən çalışacam idmançıları incitməyim. Çünki olmaz. Gərək onlara düzgün  yanaşmağı bacarasan”.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR