Qulu Ağsəs: "Bunu ancaq sənə danışıram - bircə balama"
“Şöhrət tez gələndə baş gicəlləndirir”
“Açığı, qızımın jurnalist olmağını istəmirəm. Yoldaşım da, mən də işdən gələn kimi keçirik kompüterin arxasına, yazıb-pozmalı oluruq”. Bu sözləri APA TV-də yayımlanan “Kimsən sən” verilişinin qonağı Qulu Ağsəs deyib.
Qulu Ağsəs qızının uşaqlıqda musiqiçi olmaq istəməyindən danışıb: “Balaca vaxtı qızım musiqiçi olmaq istəyirdi. Əmisi küyləmişdi ki, yaxşı səsin var. Amma düzünü deyim ki, heç səsi-zadı yoxdur. Məktəbə gedəndən sonra müəllim olmaq istədi. Yasəmən müəlliməni təqlid edirdi. İndi də ən çox gördüyü adamları - jurnalistləri təqlid eləmək istəyir. Amma qorxu hissi ilə deyirəm ki, onda bu istedad var. Anasına və mənə yazdığı məktubları oxuyanda bunu görürəm. Qızımı xoşbəxt görmək istəyirəm və “adam balası” olmasını istəyirəm”.
Qulu Ağsəs balaca vaxtı qızının həmişə “mən şuşalıyam” deməyini də xatırlayıb: “Maraqlıdır, balaca olanda deyirdi ki, mən şuşalıyam. Hava haqqında məlumatda Şuşanın adı gələndə həmişə ayağa qalxıb baxırdı. Hələ indiyə qədər bunun sirrini bilmirəm. Fikirləşirdim ki, ağlı kəsəndə özündən soruşaram. Amma indi məlum olur ki, heç bunu xatırlamır. Görünür, adam ağlı kəsməyəndə daha ağıllı olur”.
Şair Ağdamda keçən uşaqlığından danışıb: “Mən Qarabağda böyümüşəm. Uzaq bir dağ kəndi idi. Biz məktəbə getmək üçün iki çaydan keçirdik. Bəzən çaya sel gəlirdi. Traktorçudan xahiş edirdik ki, bizi çayın o üzünə keçirsin. O da bizi yolun o tayına keçirirdi. Məktəbə belə gedirdik. Məktəbdə odun sobası yandırırdıq, çox vaxt odun olmurdu. Amma bütün bunlara baxmayaraq, çalışırdıq, oxuyurduq. Özümüzü o dağın, daşın bir parçası kimi hiss edirdik. İndikilər kimi atdan, eşşəkdən, qazdan, ördəkdən qorxmurduq”.
Sonra Qulu Ağsəs Qarabağ torpağının yetişdirdiyi şəxsiyyətlərdən danışıb: “O kəndlər Azərbaycan mədəniyyətinə nə qədər adamlar verib, Üzeyir Hacıbəyli, Niyazi, Ceyhun Hacıbəyli qarabağlıdır. Qarabağlı olmaq bizim boynumuza böyük yük qoyur. Ən böyük arzum bir gün qızımı aparıb Qarabağı, Ağdamı, Şuşanı göstərməkdir. Vətən ona görə gözəl deyil ki, oranın təbiəti gözəldir. Qızmar bir səhra olsa belə, əgər adı Vətəndirsə, ora gözəldir”.
Qulu Ağsəs məktəbdə necə oxuduğundan danışıb: “Yaxşı oxuyurdum desəm, az olar. Mən hələ məktəbə getməmiş çox şeyi bilirdim. Birinci sinifdə oxuyanda ikinci sinfin, ikinci sinifdə oxuyanda üçüncü sinfin proqramını öyrənirdim”.
Şair qızına iki şer yazdığını deyir. Amma bəzən onun suallarına cavab verə bilmir: “Qızım hərdən elə suallar verir ki, maraqlı olur, amma cavab vermək də çətin olur. Məsələn, bir reklamda uşaq ata-anasından necə tanış olduqlarını soruşurdu. Həmin gün o “mikrofon”u götürüb bizə bu sualı verdi. Mən də dedim ki, məni AzTV-yə işə dəvət eləmişdilər. Qeydiyyat kağızını götürəndə dedilər ki, orada bir qız var, onu da götür gəl. Soruşdum ki, adı nədir, dedilər, Laura Cəbrayıllı. Yoldaşımla belə tanış olduq. Qızım bunu məndən soruşanda 3 yaşı vardı. Anası da eyni suala eyni cavabı verəndə dedi ki, bunu atam danışdı, sən təzə bir şey danış. Ona görə inanıram ki, qızım jurnalistikada nə isə edə bilər”.
Qulu Ağsəs şairləri yox, şerləri sevdiyini deyir: “Bəzən uşaqdan soruşurlar ki, atanı çox sevirsən, yoxsa ananı? Mən də hansı şairi daha çox sevdiyimi bilmirəm. Çünki şairləri yox, şerləri sevirəm. Gah Fizuli qabaqda olur, gah Nizami, birdən qəzetdə oxuduğun bir şeri bəyənirsən. Ona görə ad çəkmək bir az çətindir. Ədəbiyyat elədir ki, birdən ağlına gəlməyən biri elə şey yazar ki, deyərsən ki, bu gün bu, mənim ürəyimdən oldu”.
Şair şöhrətin zərərindən də danışıb: “Tez gələn şöhrət baş gicəlləndirir. Şöhrət vaxtında gəlməlidir”.