Murad Dadaşov: “Sinfimizə gələn hər təzə qızı birinci mən sevmişəm”
“Uşaqlıqda paxıl olmamışam, amma əşyalarımı başqalarına verəndə əvəzində mütləq nə isə alırdım”. Bu fikirləri APA TV-də yayımlanan “Kimsən sən?” verilişinin qonağı olan şoumen Murad Dadaşov deyib.
Övladlarının üçünü də eyni dərəcədə çox sevdiyini deyən şoumen böyük oğluna daha çox ümid bəslədiyini bildirib: “Onlara demədiyim sözlərin əksəriyyətini sənə danışıram. Onlar mənim gözümdə uşaqdırlar. Sən onlardan böyüksən”.
Murad Dadaşov ilk sevgisi barədə də danışıb: “Sinfə gələn hər təzə qızı birinci sevən mən olurdum. Qızlara tez-tez vurulurdum. Amma bu sevgi-filan deyil, bunlar başqa şeydir. Hesab edirəm ki, hər bir insan və xüsusilə gələcəyin kişisi mütləq kimisə sevməlidir. Kişi qadını sevəndə ona görə nə isə edir. Sevdiyin adamla ailə həyatı qurmaq vacib deyil. Birlikdə yaşamaq və ailə olmaq daha çətin məsələdir”.
Həyat yoldaşı ilə universitetdə tanış olan Murad Dadaşov tez evlənib. Dediyinə görə, uşaqlarının anasını ilk dəfə görən kimi ondan xoşu gəlib. Uşaqlıqda valideynlərinin ona qoyduğu qadağalardan məmnun olmasa da, özü uşaqlarına daha çox qadağa qoyur.
Məşhurlaşmağında Şən və Hazırcavablar Klubunun çox böyük rolu olduğunu deyən Murad Dadaşov Anar Məmmədxanlını xatırlayanda kövrəlir.
“Məşhur adamların şəxsi həyatı olmur” – deyən Murad ailəsi ilə birlikdə az vaxt keçirdiyini etiraf edir. Oğlunun əvvəllər futbolçu, boksçu, indi də atası kimi prodüser olmaq istədiyini eşidəndə deyir: “Bu işdə mən sənə heç vaxt kömək edə bilməyəcəyəm. Mənim adım sənə bəlkə də mane ola bilər. Hər zaman deyəcəklər ki, bu, Murad Dadaşovun oğludur. Sən gərək məndən də üstün olasan. Əslində, məndən daha yaxşı olmaq mümkündür”.
Murad Dadaşov nailiyyət qazanmaq üçün təhsilin böyük əhəmiyyətə malik olduğunu da deyib: “Xaricdə təhsil üçün kiçik yaşlarında tək yaşamağa alışmaq lazımdır. Bunun üçün təhsildən əlavə, fiziki hazırlıq da olmalıdır”.
Həyatda çox çətinliklərlə qarşılaşdığını söyləyən şoumen pis vərdişlərin insanı özünə nökər etdiyini düşünür. Onun fikrincə, insan ətrafını da özünə uyğun seçməlidir. Amma uşaq vaxtı yalan danışdığını gizlətməyib: “İnsan yalan danışanda sonradan daha böyük problemlər yaşayır. Sonra düzünü danışanda heç kəs inanmır. Məktəb vaxtı anama, müəlliməmə yalan danışmışam, amma üstü açılıb”.
Hərdən atasının sözündən çıxdığını da xatırlayır. Amma atası ilə həmişə dost olduğunu deyir: “Atam heç vaxt məni döyməyib. Bir baxışı olub, vəssalam. Döyməklə heç nə düzəlmir. Uşağı döydükcə sırtıqlaşır”.
Murad Dadaşov arıqlamağa niyə qərar verdiyini açıqlayıb: “Bir dəfə oğlum Əli məktəbdə bir uşağı döymüşdü. Ondan bunun səbəbini soruşanda dedi ki, həmin uşaq mənə kök deyibmiş. Onda düşündüm ki, əgər oğlum mənə hər gonbul deyəni döysə, iş əngəldir. Arıqlamalıyam. Başladım yavaş-yavaş arıqlamağa. Amma kök olmaq çox pis şeydir”.
Sonra o artıq çəkinin çətinliyindən danışıb: “3-4 geyimdən çıxa bilmirsən. Əhval-ruhiyyən həmişə pis olur. Nə isə etməyə əziyyət çəkirsən. Hər zaman problemin var. Bütün dərdlərim açıldı. Deyirlər ki, axşam yemə. Günorta yeməməyə nə var ki, səhər də ümumiyyətlə yemək yemirəm. Amma axşam iştaham açılır”.
Murad Dadaşov oğlunun da böyüyəndə kök olacağından qorxur: “Mən hər şeydən çox ondan qorxuram ki, Kamal mənim kimi kök olacaq. Hər gün yediyin yeməkləri, onların miqdarını və vaxtını bir araya gətirəndə çətin bir mənzərə yaranır”.
Övladlarına ədalətli və düzgün olmağı məsləhət görən Murad Dadaşov hesab edir ki, insan ədalətli olmalıdır.