Xalq yazıçısı Anar: “Anar Məmmədxanova görə soyadımı dəyişib Məmmədxanlı etmədim”

“Ermənilərin işğal etdiyi Şuşaya deyil, azad etdiyimiz Şuşaya getmək istəyirəm”

 

“Əgər Cəlil Məmmədquluzadə haqqında “şarlatan” və ya “ədəbiyyata yamaq” deyirlərsə, əgər Mirzə Fətəli Axundov haqqında nalayiq sözlər deyilirsə və ictimaiyyət buna susursa, o zaman mədəniyyətimiz təhlükədədir. Bizim dahiləri yeni nəsillərə olduğu kimi çatdırmaq lazımdır”.

 

Bu fikirləri APA TV-də yayımlanan “Kimsən sən” verilişinin qonağı xalq yazıçısı Anar qızı Günelin suallarını cavablandıran zaman deyib.

 

Yazıçı tezliklə oxuculara təqdim edəcəyi yeni romanından danışıb: “Bu, anılar və düşüncələr romanı olacaq.  Beş hissədən ibarət böyük bir əsər yazıram. Bu,  yaradıcılığım boyu ən uzun müddətə yazılan romandır. Demək olar ki, iki əsr ərzində yazılıb və yazılmağa da davam edir. İndiyə qədər səkkiz böyük dəftər dolub. Elektron variantını hazırlamaq üçün vaxt lazımdır”.

 

Bir zamanlar soyadı Məmmədxanlı olan yazıçı sonradan Rzayev kimi tanınmağa başlayıb. Köhnə soyadının dəyişməsinin tarixçəsi uzun illər əvvələ gedib çıxsa da, yazıçı yenidən Məmmədxanlı olmaq istəyib: “Bir zamanlar yenidən Məmmədxanlı soyadına qayıtmaq istəyirdim. Amma mərhum Anar Məmmədxanov mənə mane oldu. Allah ona rəhmət eləsin, onun xətrinə mən Məmmədxanlı soyadından imtina etdim. Çox istəyərdim ki, övladlarım bu soyadı götürsünlər. Ancaq onu da deyim ki, bizim soyad itməyib. Bibim oğlu Turan Məmmədxanlıdır”.

 

Yazıçı Azərbaycanın ilk Anarı olduğunu deyib: “Adımın mənası anmaq, yəni yada salmaq deməkdir. Bu adı mənə valideynlərim verib.  Mən Azərbaycanda ilk Anaram. Sonrakı Anarlar artıq mənim mətbuatda tanınmağa başladığım dövrdə üzə çıxıblar. O zaman az idi, indi Anarlar çoxdur. Hətta restoranlara, dükanlara da bu adı qoyurlar. Düşmənlərimiz də elə bilir ki, bunların hamısı mənimdir. Deyirəm ki, kaş elə dediyiniz kimi olardı”.

 

 Anar  Şuşanın işğalı zamanı ailəsində yaşadığı faciələri də xatırlayıb: “O zaman çəkilən “Uzun ömrün akkordları” filmi yəqin ki, həyatımı xilas etdi. Çünki mən onda valideynlərimi itirdim. Yüz günün içərisində ailəmiz, kəndimiz böyük faciələrlə üzləşdi. O film isə mütləq çəkilməli idi, çəkilişi saxlamaq olmazdı. O zaman mən məhz o filmə aludə oldum. O qədər problem çıxırdı ki, qismən başım qarışırdı. Həmin müddətdə roman, əsər, hekayə yaza bilmədim və filmin çəkilişi ilə məşğul oldum. Allaha şükür ki, o filmi çəkə bildik. Şuşa da, rəhmətlik Qədir Rüstəmovun səsi də elə o kadrlarda qaldı”. 

 

Mədəniyyətimizin bayağılaşma təhlükəsi ilə üzləşdiyini dilə gətirən Anar bəzi klassiklər haqda səslənən xoşagəlməz fikirlərə də münasibət bildirib: “Bizim klassiklərə, yazıçılara, şairlərə, sənətkarlara hörmətsiz münasibət var. Bu cəmiyyətin bir ziyalısı yoxdur ki, belə təhqirlərə, hücumlara cavab versin? Biz Yazıçılar Birliyi olaraq sözümü deyirik. Hətta bu cür ədəbsiz addım atanları birlikdən xaric də etmişik. Lakin Mirzə Cəlilin, Səməd Vurğunun, Axundovun qeyrətini tək Yazıçılar Birliyi çəkməməlidir”. 

 

Yazıçı cəmiyyətin aqressivləşdiyini deyib: “Əvvəllər belə deyildi. Dahi bir insanın digər dahini bəyənməməyi qəbul edilən haldır, amma mənasız birinin böyük şəxsiyyət haqda fikir səsləndirməsi başqa şeydir. Tənqidlə təhqirin fərqini anlamayanlar var. Əvvəllər mədəniyyət var idi, böyük-kiçik yeri bilirdilər, kimsə sənə xırda bir yaxşılıq etsəydi, ona təşəkkür etməli idin. Amma indi elə bil sənə yaxşılıq edənə əksini etməlisən, nankor münasibət bəsləməlisən. Şübhəsiz ki, cəmiyyətdə də sağlam düşüncəli insanlar, ziyalılarımız da var”.

 

Anar həyatının sevincli və kədərli məqamlarından söz açıb: “Ailəm, nəvələrim, dostlarım, əzizlərim və sevdiklərimdir məni sevindirən. Kədərləndirən isə... Elə hara baxırsan, kədərlənirsən. Bizim ən böyük dərdimiz Qarabağdır. Mən təsəvvür etmək istəmirəm ki, ömrümün axırına qədər bir də Şuşanı görməyəcəyəm.  Ermənilərin icazəsi ilə işğal olunmuş Şuşaya getmək istəmirəm. Mən özüm, azad olunmuş Şuşaya getmək istəyirəm”. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR