Şəmistan Əlizamanlı: “Elə qəhrəmanlar var ki, onlar həyatlarından sonra da yaşayırlar”

"Xalqın tarixində qəhrəmanlar həmişə olub və olacaq. Amma elə qəhrəmanlar var ki, onlar həyatlarından sonra da yaşayırlar, onların şəninə dastanlar qoşulur, kitablar yazılır. Allahverdi Bağırov da məhz belələrindən idi". Bu fikirləri APA TV-də yayımlanan "Müharibə adamı" verilişinin aparıcısı Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov haqqında deyib.  

 

Verilişin aparıcısı Rey Kərimoğlu isə Allahverdi Bağırovun torpaqlarımızın müdafiəsində xüsusi xidmətləri olduğunu vurğulayıb: “Allahverdi Bağırov Ağdamın düşmənlə bilavasitə təmasda olan səngərlərində rəşadətlə döyüşdü, torpaqlarımızın müdafiəsində xüsusi xidmətləri oldu. Onun adı çəkiləndə Xocalı soyqırımından qurtulan 1200-dən çox qadın, uşaq, qoca göz önünə gəlir".

 

Hərbi operator Seyidağa Mövsümov və keçmiş döyüşçü Mübariz İbrahimov isə bildirir ki, belə bir insanın arxasınca getmək bir döyüşçü kimi onlar üçün şərəf olub.

 

Hərbi jurnalist Şamil Sabiroğlunun fikrincə iİnsan düşüncəsində xəyallar qurub qəhrəman ola bilər: “Amma bu xəyalı əməliləşdirmək, həyata keçirmək çox çətindir".

 

Allahverdi Bağırov haqqında xatirələrini bölüşən keçmiş döyüşçü Əkbər Rüstəmov onun həm də ruhsal insan olduğunu deyib: “Siz kişinin ağlamasını görmüsünüz? Xocalı hadisəsində Allahverdinin hamının gözü qarşısında çəkinmədən necə hönkürtü çəkdiyini öz gözlərimlə görmüşəm".

 

Qəhrəmanın bacısı Sveta Bağırova isə bildirir ki, qəhrəmanlığın nə olduğunu, nə demək olduğunu Allahverdinin timsalında görmək olar: “O bir alınmaz qala idi, uca bir zirvə idi... Bizim üçün Allahverdi həmişə sağdır. Hər dəfə qapımız hökmlə döyüləndə elə bilirik odur..."

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR