Muzeyə çevrilmiş malikanə, gümüş Quran qabı, qızılla yazılmış ayələr...

 
 
APA Tv-nin “Muzey, İrs, Tarix”  verilişinin birinci sayı təbii ki, Azərbaycan Tarixi Muzeyinə həsr olunub.  Daha doğrusu, onun böyük bir bölməsinə… 
Muzey məşhur Bakı milyonçusu,  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi binada yerləşir. 1920-ci ildən fəaliyyətdədir. İlk ziyarətçilərini isə 1921-ci ilin mayında qəbul edib. Muzey yerləşən binanın  memarı İosif Qaslovskidir. 
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olduğu üçün onunla tanışlığı bir verilişə sığışdırmaq istəmədik. Gələn verilişlərimizdə əlbəttə ki, onun digər bölmələrinə də səyahət edəcəyik. Hələlik isə bu zəngin məkanın Hacı Zeynalabdin Tağıyevə aid bölməsini təqdim edirik. 
 
Hacı Zeynalabdin Tağıyevin mülkində yaradılan Tarixi Muzeyinin 9 otağı məşhur milyonçunun həyatını, onun necə yaşadığını əks etdirir. Xatirə muzeyinin otaqlarını, mebelləri, eləcə də buradakı əşyaları Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailəvi fotoları əsasında bərpa edib, yerləşdiriblər. Amma sözsüz ki, otaqlarda orijinal eksponatlar da var. Onlar da zaman-zaman restavrasiya olunur.  
Buradakı otaqlar böyük və insanı heyran edəcək qədər gözəldir. Gözə dəyən hər bir detal təkcə milyonçunun  maddi imkanlarının genişliyindən deyil, həm  də onun yüksək zövqündən xəbər verir.  
Xatirə muzey Tağıyevin iş otağı, Şərq zalı, kitabxana,  bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı – buduar, yataq otağı və təmizlik otağından ibarətdir.
 
Muzeyin ekspozisiyası milyonçunun iş otağından başlayır. Kabinet divarları qırmızı ağacdan düzəldilmiş lövhələrlə və tünd yaşıl divar kağızı ilə bəzədilib. Burada sözsüz ki, Tağıyevin özünə məxsus kitab rəfi, yazı masası, kreslo, dolab və digər mebellərlə yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış əşyaları da var. Kitab rəfində Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. Səhərlər köməkçiləri kabinetdə Tağıyevə yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən yazılar oxuyar, dünyada baş verən hadisələrdən onu xəbərdar edərdilər. Yazı masasının arxasındakı divarın sağ tərəfində İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret də ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerindədir. Yazı masası ilə üzbəüz H.Z.Tağıyevin portretini görmək olar. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə şəhər duması Tağıyevin portretinin sifariş edilməsi barədə qərar verib. Əsər 1912-ci ildə görkəmli rəssam İosif Brodski tərəfindən çəkilib. Portret həm də Tağıyevin təltif edildiyi bütün orden və medalları özündə əks etdirməsi ilə diqqət çəkir. Onların sırasında  Rusiyanın “Müqəddəs Stanislav” ordeni, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri xurşid” ordeni, Buxara Qızıl Ulduzu da var. 
 
Tağıyevin iş otağından Şərq zalına keçmək mümkündür. Sarayın iki ən böyük guşəsindən biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanıb. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və sayra əşyalar  qoyulub. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çil-çıraq və güzgülərin üzərindəki aralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin bədənnüma şüşələrində ərəb hərfləri ilə H.Z.Tağıyevin adı və soyadı yazılıb. Zalın müxtəlif yerlərində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur.
Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir.
 
Sütunlu tağların altından H.Z.Tağıyevin kitabxanasına keçmək olar. Vaxtı ilə Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz xidmətlər göstərib. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunub.  Tağıyev hətta “Kaspi” qəzetini alıb və onun sahibi olub. Quranın Azərbaycan dilində ilk nüsxəsi də məhz həmin qəzetin nəşriyyatında işıq üzü görüb.  Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və başqa xeyriyyə cəmiyyətlərinin təsis olunub fəaliyyət göstərməsində də Hacı böyük əmək sərf edib.  Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab dolabları yerləşdirilib. Bu dolablarda Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir. 
 
Kitabxananın sağında yerləşən qapı bilyard otağına açılır. Otağın ortasında bilyard stolu qoyulub. Buradakı divan və kreslolar istirahət üçün nəzərdə tutulub.  Otağı xüsusi quruluşlu çil-çıraq bəzəyir. 
Bilyard otağı və kitabxanadan çıxıb yenidən sütunlu tağları olan guşəyə keçmək mümkündür. Buradan solda yerləşən qapı yemək otağına açılır. Otağın divarlarına məxməri-ipək parça çəkilib. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti də burada nümayiş etdirilir. Dolablarda  H.Z.Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornamentli böyük bufet yerləşir.
 
Bufetdən soldakı qapı monitor olan otağa aparır. H.Z.Tağıyevin həyat və fəaliyyəti ilə maraqlananlar burada quraşdırılmış monitordan da ətraflı məlumatlar əldə edə bilərlər. 
Bu otaqdan sağ tərəfdə yerləşən kiçik qonaq otağı H.Z.Tağıyevin ikinci həyat yoldaşı Sona xanıma məxsus idi. Tağıyev iki dəfə ailə qurub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlib. İkinci həyat yoldaşı Sona xanım general Balakişi  bəy Ərəblinskinin qızı idi. Onun Tağıyevlə nikahı 1896-cı ilə təsadüf edir. Aralarında 40-dan çox yaş fərqinin olmasına baxmayaraq bu, xoşbəxt izdivac idi. Həmin nikahdan onların beş övladı doğulub.
 
Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənir. Tavan, fiqurlu,  güzgülü lövhəciklərdən quraşdırılıb, divarlar rəngarəng naxışlarla bəzədilib. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer də var. Burada yenə də dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub.
Qonaq otağından yataq otağına aparan ensiz dəhliz var. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulub. Xalça və pərdələr otağın gözəlliyini daha da artırır.
 
Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır. Burada güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli dolablar qoyulub. Trümonun üstündə bəzək əşyaları görmək olar.
 
Otaqlardan qurtarıb keçək digər məlumatlara, Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına  “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunub. Belə ki, vitrində H.Z. Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunan medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir.
 
Vitrində nümayiş etdirilən təltif nişanları Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində əldə edilib.  
H.Z.Tağıyevin təltif nişanlarının axtarılması istiqamətində 2008-2009-cu illərdə Muzeyin Heraldika Fond-şöbəsi tərəfindən başlanan tədqiqatlar 2012-ci ildə uğurla nəticələnib. 
Muzeyin ekspozisiyasında həmçinin Quran qabı və dini kitablar da var.
 
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub. Vitrində Tağıyevə məxsus olan Quran qabı və dini kitablar nümayiş olunur.
Quran qabı gümüşdən hazırlanıb, qızıl suyuna çəkilib,  mina və qiymətli daşlarla bəzədilib. Belə ki, şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daş, 8 zümrüd daş, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daş yerləşdiriblər.  Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxara hökmdarının hədiyyəsi” yazısı və “1225” təqvim ili göstərilib.
 
Vitrində həmçinin iki ədəd islam dəyərlərini izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulub. 
2012-ci ildə muzeyin əməkdaşlarının axtarışları nəticəsində hələ 1935-ci ildə muzeyə verilmiş əşyaların sənədləri aşkarlanıb. Belə ki, Muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən sadalanan əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib. 
Muzeyin əməkdaşları bizə məşhur milyonçunun həyatından da danışdılar: 
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar bu gün də davam edir. 
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR