Ağ mərmərdən büst, radioqəbuledici və qədim telefon

 
Hər həftə yolumuzu Azərbaycanda fəaliyyət göstərən muzeylərin birindən salırıq. APA TV olaraq bu dəfə qonağı olduğumuzu məkan Azərbaycan tarixi roman janrının əsasını qoyan dramaturq Məmməd Səid Ordubadinin Ev-muzeyi oldu. Bakı şəhəri, Xaqani küçəsi 19 ünvanında yerləşən bu xatirə muzeyi cəmi iki otaqdan ibarətdir. Mənzil balaca olsa da daxilində böyük yazıçının həyat və yaradıcılığını saxlayır. 
 
 
Muzey 31 oktyabr 1979-cu ildən fəaliyyətdədir. Ordubadi 1937-1950-ci illərdə burada yaşayıb, yaradıb. 
 
Muzeyə gələnləri dəhlizdə ədibin ağ mərmərdən hazırlanmış büstü və Ordubad şəhərinin yağlı boya ilə işlənmiş rəsmi qarşılayır.  
 
Muzeyin fondunda 2000-ə yaxın eksponat toplanıb. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. 
 
Ekspozisiya ümumi sahəsi 60 m² olan iki otaqda yerləşir. Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda onun məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələmə aldığı yazı masası, masanın üzərində isə telefonu, çay içdiyi armudu stəkan, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanıb. Otağın görünüşü, ədibin həyatının son dəqiqələrində olduğu kimi qorunub saxlanıb. 
 
Bu otaqda həmçinin  Ordubadinin qonşusu olan  Azərbaycan professional vokal sənətinin banisi Bülbül, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəyli, xalq yazıçısı Mirzə İbrahimov qonaq olublar. Onlar burada, elə bu masanın arxasında əyləşərək, əvəzsiz ədəbiyyat nümunələri yaradardılar. Bülbül və Üzeyir bəy bu pianinonun arxasında əyləşib gözəl musiqi əsərləri səsləndirərdilər. 
           
Masanın yanında radioötürücüsü bu gün də var. Məhz bu qurğu vasitəsi ilə Ordubadi son məlumatları dinləmiş olurdu. Qədim saat da dramaturqun sevdiyi əşyalardan olub.  Bu otağın divarlarında ədibə və ailəsinə məxsus şəkillər asılıb. Ordubadinin həyat yoldaşı Taisiya Vasiliyevnanın gənclik illəri, yazıçının qardaşı Rza, bacısı Həcərin də şəkillərini məhz bu otağın divarlarında görmək olar. 
 
İkinci otaq, Ordubadının yataq otağı olub.  Burada onun çarpayısı və dolabı var idi. İndi onlar muzeyin bağlı fondunda saxlanılır. Hazırda isə bura sərgi otağıdır. Bu otaq M. S. Ordubadinin bütün yaradıcılığını əks etdirir.  Burada Ordubadinin sevimli əşyaları nümayiş olunur, çıraq, xəncər və istifadə etdiyi müxtəlif məişət əşyaları.  Bu otaqda ədibin XX əsrin əvvələrindən bəri nəşr edilmiş kitabları, əlyazmaları, işlədiyi qəzet və jurnalların nümunələri nümayiş etdirilir. Bu sərgi zalında həmçinin onun haqqında digər dahilərin dediyi kəlamlar  asılıb. Bu otaqda Ordubadi həm də liberettoçu, publisist , şair və dramaturq kimi təqdim olunur. Bundan əlavə ədibin sürgün illərindəki fəaliyyəti, “Dumanlı Təbriz” romanının əlyazmaları və onun adını əbədiləşdirən məkanların fotoları nümayiş olunur. 
 
Tamaşaçılar muzeydə həmçinin,  yazıçının Naxçıvanda anadan olduğu evin maketi ilə də tanış ola bilərlər.
 
Mədəni – maarif müəsissəsi olan bu muzeydə M. S. Ordubadinin mədəni irsinin örənilməsi sahəsində tədqiqatlar da aparılmaqdadır.
 
Hal-hazırda muzeyin əməkdaşları Ordubadinin zəngin yaradıcılığının təbliği istiqamətində  müntəzəm olaraq müxtəlif görüşlər təşkil edirlər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR