Hüseyn Cavidin evindəkilər...
Muzey indiki Azərbaycan Əlyazmalar İnstitutunun binasında yerləşir. Bu bina vaxtı ilə dünyada müsəlman qızlar üçün tikilmiş ilk lisey olub. Elə bircə bu təyinatı binanın yetərincə məşhurlaşması üçün kifayət edirdi. Amma əlbəttə ki, binanı kimin tikdirməsi də tarixi baxımdan az əhəmiyyət daşımır. Bina 1901-1906-cı illərdə Bakı milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə tikilib və onun inşa edilməsində məqsəd qızların təhsil alması olub. Heç şübhəsiz Bakıda qızlar liseyinin açılması ənənəvi müsəlman cəmiyyətində inqilabi bir ideya idi. Elə ona görə də binanın tikintisi yerli müsəlman ruhanilərin ciddi müqaviməti ilə üzləşmişdi. Amma narazılıqlara baxmayaraq o tikilib və 1918-ci ilədək qızlar məktəbi olub. 1920-1930-cu illərdə isə burada Bakı Pedoqoji məktəbi yerləşib. Müəllimlərlə şagirdlər biri –birinə yaxın olsun deyə, bu binada bir neçə müəllimə yaşamaq hüququ verilib. Həmin müəllimlərdən biri də Hüseyn Cavid idi...
Ev muzeyi Azərbaycan hökumətinin 1981 – ci ildə verdiyi “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərarı ilə yaradılıb. Düzdür, muzey elə 1981-ci ildə - həm də nəzərdə tutulan binada yaradıldı. Ancaq Hüseyn Cavidin yaşadığı mənzildə deyil, onun vaxtı ilə dərs dediyi otaqlarda yerləşdirildi.
Yalnız 14 dörd il sonra, Nazirlər Kabinetinin 10 iyul 1995-ci il qərarı ilə Hüseyn Cavidin ev muzeyinin yaradılması, onun Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilməklə ədibin yaşadığı binanın 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin ev muzeyi adlandırılması məsələsi həll olundu. Beləliklə 1995 – ci ildə muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən alınıb AMEA – nın tabeliyinə verildi və Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu mənzildə yerləşdirildi. Amma ədibin vaxtı ilə dərs dediyi otaqlar da muzeyin bir hissəsi olaraq saxlanıldı.
Muzey inzibati hissə ilə yanaşı 4 ekspozisiya otağında yerləşib. I otaq “Cavidin yaradıcılığı”, II otaq “Cavidin ömrü”, III otaq “Cavidin faciəsi”, IV otaq “Cavidin şöhrəti” adlanır. Cavidin ev muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən üç muzeydən biridir. Muzeydəki otaqlardan ikisi Cavidin ailəsi ilə yaşadığı, digər ikisi isə dərs dediyi otaqlardır.
;
Muzey ümumilikdə 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində ekspozisiya yerləşir. Muzeyin foyesində H.Cavidin adını daşıyan planetin təsviri verilib.
Muzeydə 1000-ə yaxın eksponat nümayiş etdirilir. Bu eksponatlar arasında H.Cavidin əlyazmaları, Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, ədibin müxtəlif illərdə çap olunan əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar yer alır. Vallar, müxtəlif sənədlər, məktublar sərgilənir.
Burada həmçinin Cavidin oğlu Ərtoğrolun istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, onun Ü. Hacıbəyova həsr etdiyi fortepiano üçün "9 variasiya", "Eşq olsun", "Skripka ilə fortepiano üçün poema" və s. nümayiş etdirilir.
Muzeydə həmçinin şairin qızı Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar da nümayiş edilir. Hüseyn Cavidin yazı masası, həyat yoldaşı Müşkünaz xanıma radioqəbuledici, yemək masası və bir çox eksponatlar gələn qonaqları Cavid ailəsinin həm də məişəti ilə tanış edir.
Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda Oqtay Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi "1937-ci ilin repressiya qurbanları - Qara yazı" adlı əsəri nümayiş olunur.
Bu iş otağında həmçinin xalq rəssamı, heykəltəraş Ömər Eldarovun mərmərdən hazırladığı Hüseyn Cavidin büstu də var. Bu yazı masasında isə yarımçıq qalmış Azər poemasının əl yazısını görürük. Ədibin əl ağacı da bu masada nümayiş olunur. Ədibin istifadə etdiyi külqabını, eləcə də mürəkkəb qabını da burada görmək olar. Ölməz əsərlərini yaratdığı bax bu qələmlər də yazı masasını bəzəyir.
4-cü otaq isə Hüseyn Cavidin iş yeri sayılır. Zamanında burada pedaqoji məktəbin direktoru Pənah Qasımov yaşayıb. Onlar Hüseyn Cavidlə yaxın qonşu və dost olublar. Bu otaqda Cavid əfəndi özü də dərs deyib. İndi burada Cavidlər ailəsinə məxsus məişət əşyaları da yer alır.
Bu gün Muzeyin əsas fondunda 11000 eksponat mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Hazırda Hüseyn Cavidin ev muzeyi tam hüquqla tərkibinə daxil olduğu Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir. Muzeydə Elmi Şura və 5 şöbə fəaliyyət göstərir. Bütün bu işlərin üzərində isə muzeyin direktoru Filologiya elmləri doktoru Gülbəniz Babaxanlı dayanıb.
Muzeydə Cavidlər ailəsinin doğum və anım günləri hər il bu ailəyə məxsus bənzərsiz, ilıq və munis bir ab-havada keçirilir. Bu muzey Naxçıvanda yerləşən Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, oraya lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev muzeyi gələcəkdə də Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində öz fəaliyyətini davam etdirəcək. Cavid əfəndinin böyük yaradıclığı isə hələ əsrlər bundan sonra bütün türk dünyasına töhfə verəcək.
Cavidlər dünyasına daxil olmub buradakı hər şeyi canlı olaraq seyr etmək istəyənlər isə paytaxtın İstiqlaliyyət küçəsi 8-də yerləşən Məhəmməd Füzuli adına Dövlət Əlyazmalar institutunun 3-cü mərtəbəsinə baş çəkə bilərlər. Muzey bazar ertəsi istisna olmaqla həftənin bütün günləri qonaqların üzünə açıqdır.