Dilarə Əliyeva: "Oqtay məni susdurmaq üçün hücuma keçir"
“...Oqtay bunu bilsə, aləmi qatacaq bir-birinə… Adamı elə tənqid edir ki, elə bil, yaxşı heç nə olmayıb...”
Bunu APA.TV-nin "Ömür yoldaşı" verilişində qonaq olan əməkdar artist Dilarə Əliyeva deyib. O, həyat yoldaşı, rejissor, prodüser, bir çox populyar televiziya proqramlarının müəllifi və baş prodüseri, beynəlxalq və milli mükafatların laureatı Oqtay Əliyevin xasiyyətində həsəd apardığı keyfiyyətlərin də yetərincə olduğunu bildirib:
"Sözü mənə yavaş-yavaş, sevə-sevə demək lazımdı. Üçünü pis deyəndə, heç olmasa, dördünü də yaxşı demək lazımdır ki, mən onu rahat həzm edim. Oqtay bir dənə də yaxşısını demir. Mən də başlayıram müdafiə olunmağa. Bu da məni döyüşlərdən - döyüşlərə aparır. Amma hansı halda ki, aşırı müdafiə olunuram, Oqtay məni susdurmaq, haqsız olduğumu meydana çıxartmaq üçün dəhşətli bir hücuma keçir. Amma sonda anlayıram ki, əslində bütün bunlar mənim xeyrimə xidmət edir. Yəni papağımı qarşıma qoyub fikirləşə bilirəm. Mən Oqtayın hər bir çıxılmaz vəziyyətdən çıxış yolu tapmasına qibtə edirəm. Həmişə nöqtəni Oqtay qoyur”.
Dilarə Əliyeva tələbə olarkən Oqtayda ən çox nəyi bəyəndiyini də əsaslandırıb:
“Həyat yoldaşını seçməyi uduzmaq, bütün həyatını uduzmaq deməkdir. El araslnda bir söz var, deyir, kəsilməmiş qarpız kimidir. Oqtay İncəsənət İnstitutunda, qəribə səslənməsin, tələbələrin “xaç atası” idi. Kimin nə problemi olsa, Oqtayın üstünə qaçırdı”.
Bəs Oqtay Əliyev həyat yoldaşında olan hansı cəhətdən narazıdır?
Bu suala onun cavabı belə olub:
“Dilarənin yaxşı olmayan hadisəyə yüngül yanaşmaq və tez də yaddan çıxarmaq xüsusiyyəti var".
Oqtay Əliyev sənətlə ailənin bir-biri ilə tutmadığına dair deyilənlərə də münasibət bildirib:
“Məncə, sənətdə olan adamlar bir-birilərini daha yaxşı başa düşürlər. Sadəcə, çoxları buna dözmür”.
Yurd nisgilini dilə gətirən Oqtay Əliyev sözünü belə yekunlaşdırıb: “Bu dəqiqə desələr ki, dur get İrəvana, hətta mən taksiyə oturub gedə bilərəm. Oraları o qədər gözəl tanıyıram”.