Aşıq Zülfiyyə: “İncəsənət qurban yox, ağıl tələb edir”

“17 yaşın içində idim. Bir dəfə əmim qızı ilə söbət  edirdim. Uşaqlar gəldi ki, sizə elçi gəlib. Məni bir gülmək tutdu ki, elçi- zad nədir?..  Bütün günü uşaqlarla oynayırdım, elçilik-zad mənə çatmırdı”.

Saz sənətində sayılıb-seçilən sənətçi aşıq Zülfiyyə İbadova ailə qurması ilə bağlı xatirələrini Apa TV-nin “Ömür yoldaşı”  verilişinə danışıb.

Zülfiyyə xanım həyat yoldaşı barədə bunları deyib:

“Sakitin adı ilə xarakteri bir-birini tamamlayır. Amma bizim bir tanış var idi. Həmişə Sakitə "Fırtına" deyirdi. Deyirdi, sənin adını  nə təhər Sakit qoyublar ?”

Sakit Quliyev sənətçi ilə evlənərkən yüz ölçüb bir biçdiyini, ömür yoldaşının ailə etimadını tam doğrultduğunu söyləyib və bir cəhətini xüsusi vurğulayıb:

“Zülfiyyənin ən böyük üstünlüyü o oldu ki, o, həmişə anamla məsləhətləşdi...”

Aşıq Zülfiyyənin sənət-ailə dilemmasına münasibəti də çox konkret olub: “Deyirlər ki, incəsənət qurban tələb edir. Allah haqqı yalandır. İncəsənət ağıl tələb edir ”.

Ailə münasibətlərini qorumağın sirlərindən danışan sənətkar bir xatirəsini də “Ömür yoldaşı”nın izləyiciləri ilə bölüşüb: “Təzə ailə qurmuşduq. Bir dəfə biri mənə dedi ki, yaxşı mirvari satırlar, yoldaşına de, sənə alsın. Mən də bilirəm axı Sakitin elə pulu yoxdur. Dedim ki, mirvaridən xoşum gəlmir ”.

Qarşısındakının əl çəkmədiyini görəndə  Zülfiyyə xanım  onu belə susdurub:

“Dedim, mənim mirvarim də odur, qızılım da, brilyantım da”.

Sakit Quliyev münasibətlərdə elə bir çətinlik çəkmədiklərini bildirib. Gənclərə maddiyyatdan uzaq olmağı tövsiyə edib.

Ailədə hər cür məqam olduğunu söyləyən Aşıq  Zülfiyyə bir dəfə toy məclisində qarşılaşdığı gözlənilməz müraciətdən də söz açıb : “Dedi, bəsdir də, nə qədər oxuyacaqsan ?!”

Sənətçinin ömür yoldaşı Sakit Quliyev ailələrinin indiki durumunu belə səciyyələndirib: ”Əvvəllər Zülfiyyə də, Babək də, mən də hərəmiz bir otaqda oturub öz işimizlə məşğul olurduq. Nəvə bizi bir yerə yığıb. O, hara gedir, biz də onun dalınca gedirik ”.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR